Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanov “Azərbaycan Respublikasının bitki örtüyü xəritəsi”ni tərtib edib.
Tehsil.biz BDU-ya istinadən xəbər verir ki, xəritədə 30 ildən çox müddətdə sistemləşdirilməmiş bitkilik tiplərinin müasir vəziyyəti nizamlı şəkildə əksini tapıb. Xəritədə 89 leqenda (bitki formasiyaları) əks olunub. Xəritəyə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib (Şəhadətnamə № 13555-Bakı-2023). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyəti tərəfindən “Azərbaycanın Respublikasının bitki örtüyü xəritəsi”nin bütün müstəsna hüquqlarının professor Elşad Qurbanova məxsus olması barədə arayış təqdim edilib. Bundan əlavə, xəritə AMEA-ya mühüm nəticə kimi təqdim olunub. Xəritəyə yalnız botaniklər deyil, təbiət elmləri sahəsində elmi-tədqiqat işləri yerinə yetirən mütəxəssislər, müəllimlər, magistrantlar əminliklə istinad edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasında botaniki-coğrafi rayonlaşdırma ilk dəfə 1954-cü ildə professor L.İ.Prilipko tərəfindən tərtib edilib. “Azərbaycanın bitki örtüyü xəritəsi” isə 1983-cü ildə akademik Vahid Hacıyev tərəfindən tərtib olunub. Hər bir regionun bitki örtüyü ərazinin mühit amillərinin fasiləsiz kompleks təsiri nəticəsində dəyişikliyə məruz qalır. Bu dəyişikliklər ərazinin fiziki-coğrafi şəraitindən asılı olaraq baş verir. Bitkilik tipinin geobotaniki və bioekoloji xüsusiyyətlərindən asılı olaraq yayıldığı ərazilərdə bitki örtüyünün növ tərkibində assosiasiya və formasiyalarda, layihə örtüyündə, fitosenozların senotipik xüsusiyyətlərində müəyyən dinamikalar qeydə alınır. Respublikamızın unikal təbii-coğrafi şəraiti, parçalanmış relyefi ərazinin rəngarəng bitkilik tiplərində və bitki örtüyündə qısa zaman kəsiyində ciddi, nəzərə çarpan dəyişkənliklər yaradıb. Bu, təbii faktorların təsiri ilə yanaşı, Yerdə baş verən iqlim dəyişkənlikləri, həmçinin antropogen (texnogen) amillər, urbanizasiya (infrastruktur), təbii sərvətlərin çıxarılması (emalı) və s. təsiri altında baş verir. Bu qədər dəyişikliyə məruz qalan bitki örtüyü mütəmadi tədqiq olunur, yeni məlumatlar əldə edilir. Əldə edilmiş bütün nəticələrin vaxtaşırı ümumiləşdirilməsi, pərakəndəlikdən nizamlı formaya salınması çox vacibdir. Həmin məlumatlara bu sahədə elmi-tədqiqat işləri ilə məşğul olan iddiaçıların, müəllimlərin ehtiyacı var. Bitki örtüyü canlı ekosistemin tərkib hissəsi kimi daim dəyişikliyə məruz qaldığından xəritələr, rayonlar üzrə sistemləşdirilmələr mütəmadi olaraq yenilənməlidir.