Ağac üzərində bədii yandırma sənəti Azərbaycanda geniş yayılmış sənət növlərindən biridir. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə dekorativ sənətin bu növü ilə onlarla sənətkar məşğul olur. Onlardan biri də xanım sənətkar Nübar Vəlicanovadır.
Tehsil.biz xəbər verir ki, AzərTAC-ın bölgə müxbiri Şəki şəhərindəki “Sənətkarlar evi”ndə gənc sənətkar Nübar Vəlicanovanın emalatxanasında olub, onu bu sənətə bağlayan tellərlə maraqlanıb.
Xanım sənətkarın dediyinə görə, 10 ilə yaxındır ki, ağac üzərində bədii yandırma sənəti ilə məşğul olur. İlk müəllimi həyat yoldaşı olub. Onunla tanışlıqdan sonra Nübarda bu sənətə maraq yaranıb. Ondan bədii yandırma sənətinin sirlərini, incəliklərini, texnologiyasını öyrənib.
Uşaqlıqdan dekorativ sənətə böyük həvəsinin olduğunu vurğulayan Nübar Vəlicanova deyib: “Əsasən milli ruhda əsərlər üzərində işləyirəm. Şəki Xan Sarayı, “Yuxarı Karvansaray” və digər məşhur tarixi abidələr ən çox müraciət etdiyim mövzulardır. Vətən müharibəsindəki tarixi Qələbədən sonra Qarabağın tarixi məkanlarına, vətənpərvərlik mövzularına daha çox üstünlük verirəm. Turistlərin marağını nəzərə alaraq kiçikhəcmli işlər də hazırlayıram. Daşınması asan olsun deyə turistlər belə xırda işlərə daha çox maraq göstərirlər. Qiymətlər əl işlərinin ölçülərinə görə 50 manatdan 300-400 manatadək dəyişir. Narazılığım yoxdur, çörək pulu çıxara bilirəm”.
Ağac üzərində bədii yandırma sənətinin özəllikləri barədə danışan xanım sənətkar deyib ki, ilk növbədə, işləyəcəyin ağac materialını düzgün seçmək lazımdır. Bədii yandırma elektrik ucluğu olan qələm vasitəsilə sərt taxta və ya faner üzərində yerinə yetirilir. Təsviri yandırmazdan əvvəl məmulatın səthi sumbata kağızı ilə cilalanır. Cilalanmış səthə yandırılacaq təsvir köçürülür. Ən çox yayılmış üsul təsvirin surətçıxarma kağızı vasitəsilə köçürülməsidir.
Nübar Vəlicanovanın əl işləri dəfələrlə Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “ASAN xidmət” və digər qurumlar tərəfindən keçirilən respublika sərgilərində nümayiş etdirilib. O, bir neçə il əvvəl Bakı şəhərində, Muzey Mərkəzinin sərgi qalereyasında təşkil edilən “Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı art festival-sərgidə də uğurla iştirak edib, diplomla mükafatlandırılıb. Onun əl işləri emalatxanaya gələn turistlər, sənətsevərlər tərəfindən də hər zaman böyük maraqla qarşılanır. “Çalışıram ki, turistlər emalatxanamdan razı getsinlər, onların istəklərinə uyğun mövzular işləyim, sənətimi daha da inkişaf etdirim”, - deyə Nübar Vəlicanova vurğulayıb.