Ruta graveolens L.- Ətirli sədo bitkisindən alınan efir yağının kimyəvi tərkibi və sənayenin müxtəlif sahələrində tətbiqi araşdırılıb. Tədqiqatlar Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində aparılıb.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Qeyd olunub ki, Azərbaycanın zəngin və rəngarəng bitki örtüyündə 800-ə qədər efir yağlı bitki formalaşıb. Efir yağları bitkilərin vegetativ və generativ orqanlarında toplanır. Efir yağları əsasən tibdə, aromaterapiyada, kosmetologiyada, qida sənayesində geniş istifadə olunur.
Tünd spesifik iyə malik olan Ruta graveolens L.- Ətirli sədo növü efir yağlı bitkilər arasında özünəməxsus yer tutur. Bitki çoxillik və bozumtul-göy rənglidir. Bütün hissələri nöqtə şəklində efiryağlı vəziciklərlə örtülüb. Abşeronun quru subtropik iqliminə introduksiya olunan Ruta graveolens L. növünün zoğ və yarpaqları toplanaraq laboratoriya şəraitində hidrodistillə üsulu ilə efir yağı alınıb. Alınan efir yağının komponent tərkibi “Kristal”M markalı qaz xromotoqrafiyasında öyrənilib. Analizin nəticəsinə əsasən, Ruta graveolens L.- Ətirli sədo növünün yerüstü hissəsində 0,5 faizdən 1 faizə qədər efir yağı vardır. Alınan efir yağı açıq rəngli olur. Bitki zəhərli olduğu üçün toplayarkən ehtiyatlı olmaq lazımdır. Xalq təbabətində bitkinin yerüstü çiçəkli hissələrindən bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Ruta graveolens L. – Ətirli sədo bitkisinin yerüstü hissəsi və ondan alınan ətirli efir yağı ətriyyatda, kosmetika məmulatlarının hazırlanmasında, əczaçılıq sənayesində, konyak istehsalında istifadə olunur.
Araşdırmalar nəticəsində məlum olub ki, Abşeron şəraitinə uyğunlaşmış Ruta graveolens L. – Ətirli sədo növündən alınan efir yağlarının sənayedə geniş istifadəsi məqsədəuyğundur.