Mingəçevir Dövlət Universitetinin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyini gücləndirmək fəaliyyətimizin prioritet istiqamətidir.
Az müddət əvvəl Mingəçevir Dövlət Universitetinin rektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Bayramovun “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” kitabı işıq üzü gördü. Kitab “Azərbaycan müəllimi” qəzeti və Mingəçevir Dövlət Universitetinin birgə layihəsi olaraq ərsəyə gəlmişdir. Kitabın redaktoru “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, rəyçiləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Respublikasının Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, Əməkdar müəllim filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyevdir. “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə nəşr olunmuş kitab yeni dövrün universitetinə çevrilməyə hesablanan hədəfləri özündə ehtiva edir. Kitabda toplanan materiallar 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə edir.
Müəllif ilk məqalədən başlayaraq müasir ali məktəb idarəçiliyinin proqram və fəaliyyət prinsiplərindən bəhs edir, təhsil, tədqiqat və innovasiya sahəsində mövcud qabaqcıl təcrübəyə əsaslanır, oxucuda gələcəyə baxış formalaşdırır.
Kitabda müasir dünya təhsil sistemində müşahidə olunan inkişaf trendləri, başqa sözlə, dayanıqlı inkişaf məqsədləri və yeni çağırışlar yer almışdır.
Silsilə yazılarda modern ali məktəb modelinin yaradılması yönündə məsələlərə işıq tutulur, məqsədlər, vəzifələr, problemlər, mövcud reallıqlar təhlil olunur, çətinliklərin həlli yolları araşdırılır, strateji hədəflər, fəaliyyət prioritetləri sərf-nəzər edilir, tədrisin keyfiyyətinin yüksəldilməsi, universitet əməkdaşlarının elmi fəaliyyətinin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi daim diqqətdə saxlanılır, eyni zamanda yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasından, özəl və dövlət qurumları ilə iş birliyindən söz açılır.
Müəllifin toxunduğu diqqət çəkən məsələlərdən biri də həyata keçirilən fəaliyyətlərlə bağlı hesabatlılığa və şəffaflılığa önəm verilməsidir. KİV və sosial media vasitələrinin imkanlarından maksimum istifadə, gündəlik məlumatların paylaşılması yazılarda vacib faktorlardan biri kimi önə çəkilir. Bu, ilk növbədə ali təhsil sistemindəki yeniliklərin, universitetdaxili xəbərlərin yayılması yolu ilə hesabatlılığı və şəffaflığı təmin etməklə qalmır, həm də ictimaiyyətin rəyinə hesablanır.
Müasir təhsil! Doğru seçim! Uğurlu karyera! – devizi ilə həyata vəsiqə alan kitab ildən - ilə təkmilləşən, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində görülən işlərin dinamik surətdə inkişafı ilə səciyyələnir və MDU-nun yol xəritəsinin çox vektorlu gələcəyə baxış tendensiyalı uğurlarına söykənir. Beləliklə, MDU strateji hədəflərə aparan modernləşmə yolu ilə yeni çağırışlara qoşulur və nailiyyyətlərə imza atır.
Deyilənləri təsdiq etmək üçün təkcə 17 yanvar 2020-ci ildə dərc olunmuş “Mingəçevir Dövlət Universiteti strateji hədəflərə doğru” ilk məqalədə “Milli ali təhsilimiz 2019 - cu ildə”, “Mingəçevir Dövlət Universitetinin dəyişən mənzərəsi”, “Universitet dəyərlərinə yeni baxış”, “Tələbələrin və ictimaiyyət nümayəndələrinin universitet idarəçiliyində iştirakı”, “Strateji hədəflərə uyğun struktur islahatları”, “Əməkhaqlarında əhəmiyyətli addım”, “Əməkdaşların təcrübə və bacarıqlarının inkişaf etdirilməsi”, “Elmi fəaliyyətə innovativ yanaşma”, “Nəzəri biliklərin praktiki bacarıqlarla gücləndirilməsi” kimi məsələlər təhlil edilir və nəticə olaraq milli təhsilimizin yeni inkişaf mərhələsinə qədəm qoyması, ali təhsil sistemində keyfiyyətcə yeni rəqabət mübarizəsi şərtlərinin bərqərar olması, eləcə də universitetlərin missiyası və inkişaf məqsədləri əhəmiyyətli dərəcədə xarakterizə olunursa, “Azərbaycan müəllimi” qəzetinin 14.07.2023, 21.07.2023, 28.07.2023-cü il saylarında dərc edilmiş, "MDU" yeni dövrün universitetinə çevrilmək yolunda” adlı məqalədə “Milli ali təhsil məkanında yeni reallıqlar və aktual məsələlər”, “Mövcud potensial gələcəyə baxış və modernləşmə”, “Tədrisin səmərəli təşkili”, “Elmi fəaliyyətdə əsas yeniliklər”, “İdarəetmədə prioritetlər və əsas nəticələr”, “Təhsil alanların və təhsil verənlərin potensialının inkişafı”, “Heydər Əliyev xatirələrdə Layihəsi”, “Sosial yönümlü fəaliyyətlərin genişləndirilməsi”, “Vətənpərvərlik məzmununun prioritetliyi”, “Tələbə həyatının çoxşaxəliliyi və nailiyyətlər”, “Mingəçevirin “Gənclər paytaxtı” seçilməsi”, “Əməkdaşlıqda prioritetlər”, “Dövlət qurumlarının dəstəyi və layihələrdə fəal iştirak”, “Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə birgə fəaliyyətlər”, “Paytaxt və region universitetləri ilə birgə əməkdaşlıq”, “Xarici univeritetlərlə işbirliyi”, “Erasmus layihələri çərçivəsində əməkdaşlıq”, “Beynəlxalq təşkilatlarda təmsilçilik” başlıqları ilə oxuculara təqdim edilən son məqalədə elm və təhsilin vəhdəti, qlobal çağırışlar və lokal imkanlar, təhsildə yeni çağırışlar, fərqli, müasir ideyalar, rəqəmsallaşma ilə bağlı strateji addımlar, məlumat və arqumentləri tənqidi dəyərləndirmə kimi mövzular yer almışdır.
Beynəlxalq təşkilatlarda təmsilçiliklə bağlı mövzuya toxunarkən qeyd edilməlidir ki, MDU üzv olduğu Kəmər və Yol Universitetləri Alyansının Forumunda rektor Şahin Bayramovun simasında fəal təmsil olunmuşdur. Foruma 14 ölkədən 60-a yaxın ali təhsil müəssisəsinin rəhbərləri qatılmışdır. Post-pandemiya dövründə universitetlərin dayanıqlı inkişafı və beynəlxalq əməkdaşlığı, qlobal iqlim dəyişikliyi və ətraf mühitin qorunması, qloballaşma konteksində universitetlər üçün çağırışlar, innovasiyalar və digər aktual məsələlərin müzakirə edildiyi Forumda MDU-nun gənc rektoru Şahin Bayramov “Davamlı inkişafda universitetlərin rolu: qlobal perspektivlər və əsas çağırışlar” mövzusunda məruzə etmişdir.
Eyni zamanda, MDU Beynəlxalq Universitetlər Assosiasiyasına (İAU) üzv qəbul edilmiş və İdarə Heyətində təmsil olunmuşdur. 2023-cü ilin martında Parisdə İAU İdarə Heyətinin iclasında MDU (rektor Şahin Bayramov) iştirak etmiş, İAU 2030 Strategiyası əsasında hazırlanmış Fəaliyyət Planı (2023-2026) Layihəsinin müzakirəsində fəallıq göstərmişdir.
Kitabda daha bir maraqlı fakt diqqəti çəkir. 2022-ci ilin sentyabrında Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda bu gün dünyanın ən aktual problemi sayılan ekosistemə aid “Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” mövzusuna həsr olunan Forumun panel sessiyasında MDU rektoru “Yeni dövrün universitetlərinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı təhsil müəssisəsi konsepsiyası” mövzusunda təqdimatı iştirakçıların böyük marağına səbəb olmuşdur.
Beləliklə, müəllifin özünün də vurğuladığı kimi, “Strateji tərəfdaşlıqlar MDU-nun yeni dövrün universitetinə çevrilmək yolunda inamla irəliləməsinə mühüm zəmin yaratmış, təhsil, tədqiqat, innovasiya və sosial fəaliyyətlərinin inkişaf etdirməsi işinə əhəmiyyətli töhfə vermişdir.”
293 səhifədən ibarət kitabda yer alan 30-a yaxın mövzu elmi sanbalı, dərin məzmunu, fərqli ideyaları, təhsil - tədqiqat - innovasiya formatı, mövzu rəngarəngliyi, təhsildə yeni çağırışların təqdimatı, ali təhsildə dayanıqlı inkişaf məqsədləri və digər məsələlərə peşəkarcasına münasibət bildirilmişdir.
“Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” kitabının müəllim və tələbələr, pedaqoji sahədə elmi - tədqiqatla məşğul olanlar, ali məktəb idarəçiliyində iştirak edənlər və həmin sahədə çalışan mütəxəssislər üçün faydalı olacağına əminik.
Son söz əvəzi
Kitabı oxuduqca müəllifin liderlik keyfiyyətləri səhifə-səhifə açılır. Emosional intellektdən tutmuş dünyagörüşünə qədər davamlı öyrənmə və komandanı uzun müddətli inkişafa fokuslandırmaq rektor Şahin Bayramovun liderlik üslubunu səciyyələndirir. Bəllidir ki, komandanı motivasiya etmə və yönləndirmə bacarığı olmadan idarəçilikdə uğur qazanmaq mümkünsüzdür. Ancaq nə yaxşı ki, gənc rektor Şahin Bayramovun uğur düsturu xəyal qırıqlığına uğramadan uğurlu gələcəyə, düşüncələrinin gerçəkləşməsinə hesablanmışdır. Bu, onun həyat kredosu, manifestidir!
Mayıl İsmayılov,
Mingəçevir Dövlət Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent