Logo

Ömrünün ən şirin anlarını itirənlər

10.04.2021 10:19 245 baxış
IMG

Pandemiya məktəblilər və tələbələrə əlavə problemlər yaratmaqda davam edir Pandemiya bizi bəzi reallıqlarla barışmağa məcbur etdi. Bu bəla nə uşağı nəzərə aldı, nə məktəblini, nə tələbəni, nə orta yaşlını, nə də qocanı... Hamımız bir ildən artıqdır ki, onun əsirinə çevrildik.
Pandemiyadan öncə artıq aprel, may aylarından 1-cilər ilk zəngə, 11-cilər son zəngə hazırlaşardılar. Səhnəciklər, çıxışlar hazırlanar, məktəblə 11 ilin adına layiq vidalaşma, son zəng qeyd olunardı. Həmin gün yaşananlar heç bir şagirdin xatirəsindən silinməz. Az insan tapılar ki, məktəbin son zəng günlərini, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın. Lakin ötən il də, çox güman ki, bu il də 1-cilər və 11-cilər bu anları yaşamaqdan məhrum oldular.
Gələk tələbələrə... Ömrün ən şirin, ağrısız, acısız illəri tələbəlik illəri deyilmi? Bəs o illəri evdə, kompüter arxasında keçirən tələbələr? Bizim birinci kursda yaşadıqlarımızı, əgər bu il koronavirusa qalib gəlsək, onlar 2-ci kursda yaşayacaqlar. Ömrün ən şirin anlarından 1-2 il itirirlər.
Məsələn, Ruqiyyənin son zəngi ötən ilə təsadüf edib. Hansı ki, həmin il ilk dəfə olaraq son zəngi şagirdlər üçün o dönəmin təhsil naziri Ceyhun Bayramov səsləndirmişdi. Lakin yarım qalan hazırlıqları, göstərə bilmədikləri səhnəcikləri onu və həmyaşıdlarını incitmişdi. Çünki onun "Son zəngi” çalınmadı: "Həmin gün çox ağlamışdım. Bu ilki 11-ciləri anlaya bilirəm. Amma bir fərqimiz var ki, onlar üçün bu qərar gözlənilməz deyil. Biz isə bütün planlarımızı qurmuşduq. Neçə aylar idi ki, biz son zəng üçün hazırlaşırdıq. Musiqimizi, rəqslərimizi, paltarlarımızı belə seçmişdik. Amma bütün istəklərimiz puç oldu. Məktəblə vidalaşa bilmədik. Niyə axı bu hadisələr bizim bəxtimizə düşdü...”.
Gülgün 11-ci sinfi bu il bitirir. Ruqiyyənin dediyi kimi, üzülsə də, hər bir qərara hazırlıqlıdır. Deyir ki, sinif yoldaşları ilə məktəbin həyətində görüşürlər: "Sosial məsafəni saxlamaq və maskadan istifadə etməklə kim-kimə daha yaxındırsa, görüşür, planlarımızdan danışırıq. Son zəngimiz olmayacaq. Təbii ki, bu görüşlər son zəngin yerini verməz. Həyatın ən maraqlı, xatirələrlə dolu olan səhifələri məktəb illərinə düşür. Məktəb illərinin möhtəşəm sonluğu isə son zənglə olur. Təəssüf ki, bu hissi yaşaya bilməyəcəyik. Düzdür, pis təsir edir, üzülürük, amma nə etmək olar, ən əsası, sağlamlıqdır. Pandemiyanın tezliklə bitməsini arzulayırıq ki, heç olmasa, tələbəlik illərimiz ürəyimizcə olsun”.
Bəs uzun müddət insan xatirələrindən silinməyəcək illəri yaşaya bilməmək və bu məhdudiyyətlər gənclərə necə təsir edir?
Psixoloq Gülnar Süleymanova deyir ki, ötən il son zəng tarixinə 2 ay qalmış tədbirin təxirə salınması məzunlarımız üçün gözlənilməz oldu və onlar bu vəziyyətdən stressə düşdülər: "Hamımız məzun olmuşuq. O günlərin necə əziz olduğunu bilirik. Hər bir məzunun özünəməxsus xatirələri olur. Lakin bu xatirələr pandemiya ilinin məzunlarında olmayacaq. Amma təbii ki, bu, hər şeyin sonu demək deyil. Ötən ilki məzunlar plan qurdular və həmin planlar suya düşdü. İnsan həyatında planlaşdırılmış bir işin təxirə düşməsi, yaxud pozulması gərginlik, əsəb, stress gətirir. Ona görə də məzunlarımızda bu il də o hallara rast gəlmək mümkündür. Amma keçən il bu daha qabarıq şəkildə özünü büruzə verirdi nəinki bu il. Məzunlara məktəbin psixoloqları, yaxud təlimçilər onlayn şəkildə məşğul olmalıdırlar. Onlar bilməlidirlər ki, hər insanın öncəlikləri var. Son zəng onlar üçün bu məqamda elə də öndə dayanan, prioritet məqsəd olmamalıdır. Öncəliklərin ən birincisi isə sağlamlıqdır. Düşünsünlər ki, sadəcə, son zəngin tarixi dəyişib. Karantin bitdikdən sonra, yenidən bir araya toplanıb, tədbir edə bilərlər. Üstəlik, onların son zəngi hamı kimi eyni deyil, daha fərqli və yaddaqalandır”.
Psixoloqun sözlərinə görə, əsas olan insanların bir araya gəlmək istəməsidir, tarixin elə də önəmi yoxdur: "Məzunlar üçün önəmli olan sağlamlıqları və qəbul imtahanlarıdır. Məsləhət görərdim ki, qəbul imtahanına köklənsinlər. Karantin dönəmində daha çox oxuyub aradakı boşluqları aradan qaldırmağa çalışsınlar. İndi dərs oxumağa daha çox vaxt var. Panikaya düşməsinlər. Fikirləşməsinlər ki, kimlərsə onlardan daha yaxşı səviyyədədir. Çünki karantin şəraiti hər kəsə eyni dərəcədə təsir edib. Sakit və normal şəkildə dərslərini oxumağa davam etsinlər”.
Tələbəlik illərini sinif otağında deyil də kompüter arxasında keçirən tələbələrə gəldikdə isə, psixoloq vurğulayır ki, onlar problemi fürsətə çevirə bilərlər: "Hər bir insan yeni reallıqlara öyrəşir. Həyat davam edir. Sağlamlıq olduqdan sonra həyatda hər şeyi əldə etmək mümkündür. Tələbələr karantindən istifadə edib bədii əsərlər oxuya, müxtəlif dillər öyrənə, filmlər seyr edə bilərlər. Bu, həyatdır. Başlanğıc və son nöqtədə insan müəyyən şeylər itirə bilər, amma vacib olan gələcəyi daha gözəl qurmaqdır”.
Təhsil eksperti Qoşqar Məhərəmov deyir ki, pandemiya dövrü ümumiyyətlə, abituriyentlərə, tələbələrə çox böyük zərər vurdu. Xüsusilə də işin emosional tərəfinə baxsaq, insanlar orta məktəbini bitirəndə normal qaydada universitetə hazırlaşa, arzuladıqları kimi məzun ola bilmədilər. Çünki ortaq bir tədbir və ya məclisin keçirilməsi mümkün olmadı: "Bu, əlbəttə onların həyatında müəyyən qədər iz buraxır. Tələbələrə gəldikdə isə, onların məzun olmaları və yaxud universitet həyatları daha acınacaqlıdır. Nəzərə alaq ki, universitet təkcə dərslər demək deyil, universitetin sosial tərəfi və mühiti çox vacibdir. Universitet mühiti insanı yetişdirir və orada qurulan sosial münasibətlər nəticəsində insanda kamilləşmə, intellektual və emosional tərəf, komanda ruhu, ünsiyyət bacarıqları, bədən dili də inkişaf edir. Əlbəttə, pandemiya dövründə bunların heç biri baş vermir və yaxud çox az olur. Bununla da tələbələrin həyatında böyük bir boşluq yaranır”.
Ekspert pandemiya səbəbindən tələbəlik illərində yaranmış boşluğu kompensasiya etmək üçün tələbələrə tövsiyə verib: "Ömür boyu öyrənən olsunlar. Təhsillərinin qeydinə qalsınlar, əks halda, mövcud vəziyyətdə ali metodlarla öyrəndikləri onlara iş həyatında çox da kömək edə bilməyəcək. Bunun üçün ingilis dili öyrənsinlər, İKT biliklərini inkişaf etdirsinlər. Əks halda, universitet həyatı onların həyatında böyük bir boşluq olacaq”.
Ünsiyyət çatışmazlığı
Alimlər yeniyetmələrin pandemiyaya xüsusilə həssas olduqlarına inanırlar. Çünki məhz yeniyetməlik dövründə uşağın müxtəlif sahələr üzrə inkişafı çox intensivdir.
Oksford Universitetinin psixoloqu Mina Fazelin sözlərinə görə, yuxarı sinif şagirdlərinin 50 faiz qədəri məhdudiyyətlər tətbiq olunduqdan sonra həyatlarından daha az razı olduqlarını düşünür: "Yeniyetməlikdə bir uşaq necə bir insan, dost olmaq istədiyini, digər insanlarla münasibətlərin ona sevinc gətirdiyini anlamağa başlayır. Eyni zamanda, yeniyetmə fiziki və zehni olaraq inkişaf edir, əxlaqi davranış qaydalarını öyrənir. Karantin ilə əlaqəli məhdudiyyətlər zamanı hər bir gəncin bu sahələrdə inkişaf etməsi çətindir. Ümumiyyətlə, əksər gənclər üçün həyat daha çətin oldu. Onlar başqa gənclərlə ünsiyyətdən məhrumdurlar”.
2018-ci ildə "Times” qəzeti müxtəlif universitetlərdən 200 ən uğurlu tələb arasında sorğu keçirdi və nəticələrə əsasən bütün tələbələr inanır ki, onlayn təhsil heç vaxt əyani təhsilin yerini verə bilməz.
Bir çox tələbə üçün universitet təhsilinin dəyəri təkcə təhsildən ibarət deyil. Sorğuda iştirak edən tələbə və məzunların təxminən 60% faizi universitet həyatının onlara sosial cəhətdən kömək etməsini, bunun sayəsində özlərini daha müstəqil hiss etdiklərini və özlərinə daha çox inanan olduqlarını, komandada işləməyi və vaxtlarını idarə etməyi öyrəndiklərini bildiriblər.
Aygün ƏZİZ

Xəbər lenti