Logo

BDU-nun doktorantı – Azərbaycan regionda yeni reallığı müəllifi kimi

11.04.2021 12:07 313 baxış
IMG

Azərbaycan həm öz coğrafi mövqeyinin əlverişli olması, həm təbii sərvətlərinin zənginliyi ilə regionun diqqət mərkəzində olmuşdur. Elə bu və digər səbəblərdən tarix boyu müxtəlif qüvvələrin maraq dairəsində olması Azərbaycan üçün çətinliklər yaradır, bu ərazidə qurulan dövlətlərin parçalanması ilə nəticələnirdi. İlk dəfə 1918-ci ildə Azərbaycanda Cümhuriyyətin elan olunması, formalaşan dövlətçilik ənənələri və 1991-ci ildən yenidən müstəqilliyin əldə olunması və bu ənənələrin möhkəmləndirilərək davam etdirilməsi Azərbaycanın regionda möhkəmlənməsinə və əsas söz sahiblərindən birinə çevrilməsinə gətirib çıxardı. Təəssüf ki, kənar qüvvələrin təsiri ilə Azərbaycan üçün Dağlıq Qarabağ problemi yaradıldı ki, bu münaqişənin fəsadları bu günə qədər davam etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra beynəlxalq münasibətlərinin fromalaşması və inkişafı istiqamətində də xeyli işlər görmüş və beynəlxalq tribunaya çıxmaq şansı da əldə etmişdir. Keçdiyi bu inkişaf yolu ilə regionun güclü dövlətinə çevrilən Azərbaycan üçün uzun illərdir ki Dağlıq Qarabağ münaqişəsi prioritet məsələ olaraq qalırdı. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi regionda situasiyanın dəyişməsinə, Azərbaycanın mövqeyinin daha güclənməsinə səbəb oldu. Belə ki, müharibəni qələbə ilə başa vuran Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı dünyaya da öz gücünü göstərmiş oldu. Müharibədə dərsliklərə düşəcək, uzun müddət araşdırmalara cəlb olunacaq yeni döyüş taktikalarından istifadə etməsi Azərbaycanın imicini daha da möhkəmləndirdi. Azərbaycanın müharibədə qələbə qazanması həm də regionda onu yeniliklərin müəllifinə çevirdi. İlk növbədə onu qeyd etmək lazımdır ki, Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə yekunlaşması regiondakı iqtisadi əlaqələrin güclənmsinə, Ermənistanın da bu ticarət əlaqələrindən yararlanmaq imkanının formalaşmasına səbəb oldu. Çünki prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərini işğal altında saxladıqca Ermənistan regiondakı heç bir iqtisadi layihədən faydalana bilmirdi. Bu isə Ermənistanın iqtisadi baxımdan zəif və asılı bir dövlətə çevrilməsinə səbəb olurdu. Müharibənin bitməsi nəticəsində və Ermənistanın sülhə sadiq olacağı təqdirdə bu dövlətin iqtisadi blokadadan çıxması və layihələrdə iştirakı üçün fürsət yarandı. Vətən müharibəsindən sonra Azərbaycanın Zəngəzur dəhlizini əldə etməsi, Naxçıvanla nəqliyyat yolunun bərpası dövlətimizin uğuru olmaqla yanaşı, region üçün mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu dəhliz həm də Azərbaycanın Türkiyə ilə quru yolunun bərpası, türk dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsi deməkdir.

 

Vaxtilə Zəngəzurun Ermənistana verilməsi nəticəsində Azərbaycanın Naxçıvanla, eləcə də Türkiyə ilə quru yolunun kəsilməsinə səbəb olmuş, Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr bəyannaməsinin Zəngəzur dəhlizinin bərpasını əks etdirən bəndi isə həmin əlaqələrin bərpasını təmin etmişdir. Ümumiyyətlə, Vətən müharibəsi və onun qələbə ilə sona çatması ölkəmizin güclənməsinə səbəb oldu və onu regionda yaranmış yeni situasiyaların müəllifinə çevirdi. İlk növbədə, Azərbaycan 30 ilə yaxındır işğal altında olan torpaqları azad etməklə, həmin illər ərzində nəticəsiz qalmış danışıqların, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan beynəlxalq hüquqi sənədlərin edə bilmədiyini etdi və regionda işğalçılıq siyasətinə son qoydu. Ərazi bütövlüyünün bərpası və işğalçılıq siyasətinin sona çatması regionda bütün qonşu dövlətlər arasında geosiyasi və iqtisadi münasibətlərin inkişafına da güclü təkan verir. Buna bir neçə nümunə göstərə bilərik. Qeyd etdiyimiz kimi, ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyması və sülhə sadiq olması zəminində həmin dövlətin iqtisadi blokadadan çıxması və regiondakı layihələrdə iştirakı üçün şərait yaranır. Eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə AZərbaycan-Türkiyə quru yolunun açılması və Türkiyə-Ermənistan sərhədlərinin açılması da regiondakı münasibətlərin möhkəmlənməsi və inkişafı üçün böyük təkan ola bilər. Bütün bunlarla yanaşı onu da qeyd etməliyik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, gələcəkdə bu ərazilərdə multikultural dəyərlərin ölkəmiz tərəfindən qorunaraq yaşayışın bərpa edilməsi, 30 ildir davam edən barbarlığın, erməni vandalizminin, maddi-mədəni sərvətlərə qarşı dağıdıcı siyasətin sona çatması deməkdir.

 

Nurşərəf Tağıyeva,

BDU-nun Jurnalistika fakültəsinin doktorantı

Xəbər lenti