Logo

DİM-in fəaliyyətini daim izləmişəm, aşkarlıq və şəffaflığın biləvasitə şahidi olmuşam…

11.04.2021 21:12 415 baxış
IMG

Məlum olduğu kimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi  dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir. 


DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.


Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edir. Mərkəz yarandığı gündən müxtəlif ixtisas sahələrinə aid 100-dən çox imtahanı keçirmək hüququ əldə edib və beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib. İmtahanlar onlayn və kompüter-əsaslı qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur.


Bir təhsil eksperti olaraq dəfələrlə Mərkəzin keçirdiyi müxtəlif tədbirlərin, müzakirələrin, debatların iştirakçısı olmuşam. DİM-in fəaliyyəti ilə sıx bağlılığım bu qurumda aşkarlıq və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə fikir söyləməyə əsas verir. 2017 ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası tərəfindən buraxılış imtahanları materiallarının emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, eləcə də görülən işin şəffaflığının təmin edilməsi məqsədilə mənim də daxil olduğum İctimai Şura yaradılıb. Şuraya üzv olmaq üçün müvafiq elan verilib və 40-dan artıq QHT, təhsil eksperti, müəllim və KİV-lərin nümayəndələri üzv olmaq üçün müraciət ediblər. Qeydiyyatdan keçən şəxslərin özləri haqqında təqdim etdikləri məlumatlar araşdırıldıqdan sonra DİM Direktorlar Şurası tərəfindən şura üzvləri formalaşdırılıb.

 

Dəfələrlə DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza zallarında, qapalı şəraitdə, kompüter vasitəsilə markerlər tərəfindən imtahan yazı işlərinin yoxlanılması prosesini izləmişik, DİM Apelyasiya komissiyasında İmtahan nəticəsindən narazı olan məzunları dinləmişik. Prosesi izləyəndən sonra öz təəssüratlarımızı bölüşmüş, DİM  keçirdiyi imtahanların bütün mərhələlərində təhsil ictimaiyyətinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verdiyinin şahidi olmuşuq.


Düzdür, 1992- ci ildə Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kimi yarandığı və 2016-cı ildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi kimi fəaliyyətə başladığı illərdən bəri bu  qurum zaman-zaman haqlı-haqsız tənqidlərə, qarşılıqlı ittihamlara da məruz qalıb. Bununla belə, daim işini təkmilləşdirib, yeniləşdirib, zona müşavirələri keçirib, bütün narazılıq və narahatçılıqlara operativ şəkildə reaksiya verib, yaranan suallara aydınlıq gətirməyə çalışıb, ümumi ictimai rəyə hörmətlə yanaşıb.


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də dediyi kimi Azərbaycanda təhsil sistemi təhsil alanların maraqlarını müdafiə etməlidir, təhsil sisteminin, təhsil sistemində işləyənlərin yox. Mənim isə üzərimə DİM-in 5 illik fəaliyyətinin tamam olması ilə əlaqədar bu Dövlət qurumuna uğurlar arzulamaq missiyası düşür…


Nadir İsrafilov
Təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini

Xəbər lenti