Logo

"Cəmiyyətdə imtahan səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək meyli var"

25.04.2024 17:30 228 baxış
IMG

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş imtahanda 14, martın 10-da keçirilmiş imtahanda isə 39 nəfər maksimal olan 300 bal toplayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, hər iki imtahanın məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğu aydın olur. Ümumiyyətlə, DİM-in keçirdiyi imtahanlarda istifadə olunan bütün test tapşırıqları imtahanın mahiyyətinə uyğun olaraq standart alqoritm vasitəsilə eyni prinsip əsasında formalaşdırılır. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır.

Qeyd olunub ki, cəmiyyətdə tez-tez imtahan səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək meyli var və bu hər hansı bir imtahan nəticəsi açıqlananda müəyyən müzakirələrə səbəb olur.

İmtahanın mürəkkəblik səviyyəsini maksimal bal toplayanların sayı ilə qiymətləndirmək elmi nöqteyi-nəzərdən tamamilə səhv yanaşmadır. Məsələn I istiqamət üzrə keçirilən imtahanda 14, II istiqamətdə isə 39 nəfər 300 bal toplasa da, biz daha böyük intervallar üzrə yüksək bal toplayanların faiz nisbətinə baxsaq görərik ki, I istiqamət üzrə imtahan verənlərin 8 faizi, II istiqamət üzrə imtahan verənlərin isə 9 faizi 250 və ya daha yuxarı bal toplayıb. Göründüyü kimi nəticələr arasında elə də ciddi bir fərq yoxdur.

Xəbər lenti