Filologiya elmləri doktoru Almaz Ülvi və Həqiqət Binnətovanın həmmüəllifliyi ilə “Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı çapdan çıxıb.
Tehsil.biz xəbər verir ki, kitabın müəllifləri Göyçə mahalının Kəsəmən kəndinin Qarabağ uğrunda canını qurban vermiş şəhid oğullarının və 44 günlük Vətən müharibəsi qəhrəmanlarının döyüş yolundan bəhs ediblər. Kitabda hadisələr belə bir ardıcıllıqla oxuculara təqdim olunur: 1990-cı il 20 Yanvardan başlayan faciəvi yol, I Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və nəhayət, 2020-ci il 8 Noyabr Zəfər bayramı.
Kitab Prezident İlham Əliyevin çıxışlarından götürülmüş epiqrafla açılır: “Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq! ... Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə...”
Nəşrdə belə bir fikir vurğulanır ki, 1990-cı ilin 20 Yanvarında 20 yaşlı bir gəncin - Bünyadzadə Ülvi Yusif oğlunun “And”ını qəbul etmiş Vətən övladları Zəfər döyüşündən üzüağ çıxdılar.
Müəlliflər daha sonra bildirirlər: “Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” adlı bu yaddaş kitabımız “Vətən simurqları” kitabına əlavədir. Əslində burada nəşr olunan yazılar “Vətən simurqları” kitabında da yer alıb. Eyni zamanda, belə bir yaddaş kitabı hazırlamağı özümüzə borc bildik. Müharibə bitəndən az sonra əsgər və zabitlərimiz Ali Baş Komandan tərəfindən orden və medallarla təltif edildi. Bu kitabı hazırlayarkən hələ oğullarımız cəbhədə idi, onlar cəbhədə ola-ola haqqında qeydləri toplayıb hazırlamışdıq, yəni kim hansı orden və medalı aldığını o zaman bilmirdik deyə burada göstərilməyib. Bu yaddaş kitabın II təkmilləşdirilmiş nəşrinə ehtiyac olarsa, o zaman onları əlavə edə bilərik. Hazırda isə düşündük ki, elə ən böyük orden-medal Qarabağın özüdür. Orden və medalların təsvirini kitabın sonunda vermişik, həmin illərin xatirəsi kimi. Qarabağdan sonra haqq yolumuzun davamı Göyçə, İrəvan, Zəngəzur, Zəngibasar, Dilican ...”
Kitabdakı “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!” misraları ilə başlayan “44 günün əfsanəsi” adlı irihəcmli yazıda vurğulanır ki, Qarabağı düşmən işğalından azad etmək üçün “Qarabağ Azərbaycandır və nida!” gəncliyin 44 günlük mübarizə şüarı oldu.