Azərbaycan Dillər Universitetinin (ADU) BMR fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə 172 qrupunun tələbəsi Dunay Mahmudova 16-18 noyabr tarixlərində “Könüllülərin ekoloji düşərgəsi” layihəsində iştirak edib.
“ASAN Könüllüləri” Təşkilatının Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşan layihədə 30-dan çox Azərbaycan və Özbəkistan könüllüsü iştirak edib.
Layihə ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində həyata keçirilib.
Layihənin məqsədi gənclərin diqqətini iqlim dəyişikliyinin təsirinə və həllinə cəlb etmək, eyni zamanda könüllülük sahəsi üzrə ölkələrarası əməkdaşlığın inkişafına təkan verməkdir.
Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları ilə zənginləşdirilmiş layihə proqramında iki ölkənin mədəni irsini əks etdirən tədbirlər də yer alıb. 3 gün davam edən düşərgənin ilk 2 günü “Türk dünyasının gənclər paytaxtı” Lənkəran şəhərində keçirilib. Həmçinin ağacəkmə və təmizlik aksiyası da həyata keçirilib.
Düşərgənin sonuncu günü COP29 ərazisində – Yaşıl Zonada baş tutub.