Logo

Bu dəfə PIRLS tədqiqatı rəqəmsal formatda aparılacaq

25.11.2024 17:30 27 baxış
IMG

2026-cı ildə PIRLS (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat) altıncı dəfə oxu bacarıqlarının qiymətləndirilməsini həyata keçirəcək. Bu tədqiqat, ölkələr arasında oxu nailiyyətlərindəki 25 illik tendensiyaları nümayiş etdirən məlumatlar təqdim edəcək.  

Oxu savadlılığı şagirdlərin akademik uğurunun və şəxsi inkişafının təməlidir. PIRLS, yeni və ya dəyişdirilmiş təhsil siyasətlərinin bu uğurlara necə təsir etdiyini öyrənmək üçün çox faydalı bir vasitədir. PIRLS 2026 Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədi və bu çərçivə sənədini qiymətləndirmək üçün hazırlanmış alətlər IEA-nın davamlı inkişaf və yeniliklərə olan öhdəliyini əks etdirir.  

2026-cı ildən PIRLS kağız əsaslı qiymətləndirmədən rəqəmsal formata keçid edəcək. PIRLS oxu mətnlərini və sualları kompüter vasitəsilə şagirdlər üçün daha maraqlı və vizual cəlbedici bir fəaliyyət kimi təqdim edir. Bu, tapşırıqların təqdim olunmasını, şagird cavablarının qeydə alınmasını və qiymətləndirilməsini daha effektiv və səmərəli edir. Bundan əlavə, PIRLS 2026 çərçivə sənədi əvvəllər ePIRLS adlandırılan anlayışı da əhatə edir. 21-ci əsrdə uşaqların oxu nailiyyətlərini başa düşmək üçün şagirdlərin rəqəmsal formatlarda, məsələn, veb saytlar və kompüterdə təqdim olunan digər formatlarda mətn məlumatını necə işlədiyini, tapdığını, anladığını və qiymətləndirdiyini öyrənmək vacibdir. Lakin, PIRLS 2026 tamamilə rəqəmsal bir qiymətləndirmə olsa da, bu, rəqəmsal və ya internet bacarıqlarının qiymətləndirilməsi deyil. Bu qiymətləndirmə çərçivə sənədində təsvir olunduğu kimi, PIRLS 2026 hələ də oxuyub-anlama bacarığını araşdıran bir tədqiqat olaraq qalır.  

PIRLS, oxu qabiliyyətini geniş bir perspektivdən qiymətləndirir. Oxumağın sadəcə zövq almaq üçün yox, həm də fərqli dünyaları, mədəniyyətləri və yeni ideyaları kəşf etməyə imkan yaratdığını vurğulayır. Bu, şagirdlərin müxtəlif baxış bucaqları və perspektivlərini anlama qabiliyyətini də genişləndirir. PIRLS, müxtəlif mətnlər və mətn xüsusiyyətləri üzərində düşünməyi də əhatə edir. Bu, fərdi və ictimai məqsədlərə çatmaq üçün istifadə olunan bir yanaşmadır və bu yanaşma “məqsədin üçün oxumalısan” kimi tərif olunur.  

Bu baxış günümüz cəmiyyətində daha da əhəmiyyətli hala gəlir, çünki indi şagirdlərin oxu yolu ilə əldə etdikləri məlumatları necə istifadə etdiklərinə daha çox diqqət yetirilir. Diqqət artıq axıcılığı və ilkin oxuyub-anlama biliklərini göstərməkdən başa düşüləni yeni vəziyyətlərdə və fərdi məqsədlərdə tətbiq etmə bacarığını nümayiş etdirməyə yönəlir (bax, PIRLS 2021 Ensklopediyası).  

Oxu nailiyyəti qiymətləndirilməsi üzrə PIRLS çərçivə sənədi

İlk dəfə 2001-ci ildə həyata keçirilən qiymətləndirmə üçün hazırlanmışdır və bu çərçivə sənədində PIRLS-in oxu savadlılığı tərifinin mahiyyətini müəyyən etmək və oxuyub-anlama aspektlərini müəyyənləşdirmək üçün IEA-nın 1991-ci il Oxu Savadlılığı Tədqiqatından istifadə edilmişdir. O vaxtdan bəri PIRLS qiymətləndirmə çərçivə sənədi hər növbəti qiymətləndirmə dövrü üçün yenilənib və indi PIRLS 2026 üçün də tətbiq olunub.  

Oxu savadlılığının tərifi

PIRLS-in oxu savadlılığı tərifi, IEA-nın 1991-ci il tədqiqatına əsaslanır. Bu tədqiqatda oxu savadlılığı “cəmiyyət tərəfindən tələb olunan və ya fərd tərəfindən qiymətləndirilən yazılı dil formalarını anlama və istifadə etmə bacarığı” kimi təsvir edilib.  

Bu tərif ardıcıl qiymətləndirmə dövrləri üzrə genişləndirilir və bütün yaş qruplarından olan oxucular və müxtəlif yazılı dil formaları üçün uyğunluğunu qoruyur. Eyni zamanda, gənc şagirdlərin peşəkar oxuculara çevrilməsi zamanı oxu təcrübələrinin bəzi aspektlərini açıq şəkildə qeyd edir, məktəb və gündəlik həyatda oxumağın geniş əhəmiyyətini vurğulayır və bu günün texnologiya dünyasında mətn mənbələrinin artan müxtəlifliyini nəzərə alır.  

PIRLS-in oxu savadlılığı tərifi belədir:  

Oxu savadlılığı, cəmiyyət tərəfindən tələb olunan və fərd tərəfindən qiymətləndirilən yazılı dil formalarını anlamaq və istifadə etmək bacarığıdır. Oxucular müxtəlif formadakı mətnlərdən mənanı düzəldə bilirlər. Onlar öyrənmək, məktəbdə və gündəlik həyatda oxucu qruplarına qoşulmaq və əylənmək üçün oxuyurlar.  

Oxu ilə bağlı bu fikir oxu savadlılığının konstruktiv və interaktiv bir proses olduğunu bildirən çoxsaylı nəzəriyyələri əks etdirir. Məna, oxucuların mətnlərlə və oxu məqsədləri ilə olan qarşılıqlı əlaqələri vasitəsilə yaranır. Bu, konkret oxu təcrübələri kontekstində baş verir. Oxucular aktiv şəkildə mənanı qurur, mətnlə əlaqələndirərək düşünür, əvvəlki biliklərini istifadə edir və birləşdirir, effektiv oxu strategiyalarını bilir və tətbiq edir, həmçinin oxuduqları barədə düşünürlər. Oxu əvvəlində, oxu zamanı və oxudan sonra şagirdlər mənanı yaratmaq üçün müxtəlif dil bacarıqlarından, eləcə də digər koqnitiv və metakognitiv strategiyalardan istifadə edirlər. Bundan başqa, oxucunun olduğu vəziyyət mənanın yaranmasına təsir göstərə bilər; məsələn, oxumağa maraq və motivasiya verə, yaxud diqqəti yayındıraraq və ya prosesi çətinləşdirərək mane ola bilər.  

Dünyanı və özlərini tanımaq üçün oxucular fərqli mənbələrdən olan müxtəlif mətn növlərindən yararlana bilərlər. Hər mətn növü müxtəlif formalarda və bu formalardan ibarət kombinasiyalarda ola bilər. Bunlara kitablar, jurnallar, sənədlər və qəzetlər daxildir. Rəqəmsal cihazlarda oxuyarkən, tez-tez vebsaytlarda və ya oflayn resurslarda mətn və media ilə qarşılıqlı əlaqə qurulur.  

Artıq internet mənbələrindən oxumaq və öyrənmək məktəb proqramlarının mühüm bir hissəsi halına gəlib və şagirdlərin məktəbdə və məktəb xaricində məlumat əldə etmələrinin əsas yollarından biri olub.  

Onlayn mətnləri və onların xüsusiyyətlərini və strukturlarını oxumaq və idarə etmək üçün uyğunlaşdırılmış və ya öyrənilmiş oxu bacarıqları və strategiyaları oxu nailiyyətləri üçün vacibdir. Vebsaytlar adətən bir neçə səhifə və nişandan ibarət olur və istifadəçilərə mətn və digər məlumatlar arasında qeyri-xətti şəkildə gəzməyə imkan verən daxili keçidlər təqdim edir. Bu onlayn mühit oxu və öyrənmə baxımından bəzi xüsusi çətinliklər yarada bilər.  

Məsələn, bir veb saytında və ya bir neçə sayt arasında məlumatları tapmaq və anlamaq adətən daha yüksək səviyyədə özünü idarəetmə və qiymətləndirmə bacarıqları tələb edir. Bu bacarıqlar oxucunun ehtiyaclarına uyğun olub-olmadığını müəyyən etmək üçün vacibdir. Beləliklə, onlayn mühitdə məlumatın mənasını başa düşmək üçün yeni bacarıqları əvvəlki oxu və anlama üsulları ilə birləşdirmək lazımdır.  

Azyaşlı şagirdlər oxu və öyrənmə sahəsində müxtəlif kontekstlərə daxil olduqda, oxuduqları mətnləri daha yaxşı anlamaq üçün fərqli qruplarla müzakirə etmək və ya paylaşmaq fürsəti tapdıqlarında mətnlərin mənasını daha ətraflı formada qavrayırlar. Oxu ilə bağlı sosial qarşılıqlı təsirlər bir və ya bir neçə oxucu qrupunda iştirak etmək, gənc şagirdlərin mətnləri başa düşməsində və qiymətləndirməsində, müxtəlif baxış bucaqlarını öyrənməsində, yeni məlumat mənbələri tapmasında və mənaların fərqli şərhlərini dərk etməsində əhəmiyyətli rol oynaya bilər.  

Sosial mühitlər fiziki olaraq sinifdə və ya sinif xaricində (məktəb və ya ictimai kitabxanalar kimi) yaradıla bilər və eyni zamanda kompüter və ya internet vasitəsilə ünsiyyət alətləri və platformalarında da mövcud ola bilər.  

Şagirdlər arasında rəsmi və qeyri-rəsmi sosial ünsiyyət imkanları onların baxış bucaqlarını genişləndirərək oxumağı sinif yoldaşları və digər insanlarla paylaşdıqları bir təcrübə kimi görmələrinə kömək edə bilər.  

Bu fəaliyyətlər məktəbdənkənar qruplara da yayılaraq gənc şagirdlərin ailələri və dostları ilə oxuduqları ideyalar, hekayələr və məlumatlar haqqında söhbət etmələrinə imkan tanıyır.  

Oxu anlayışının sosial tərəfi oxu tərifində vurğulansa da, PIRLS bu aspekti qiymətləndirmə bölməsində birbaşa olaraq qiymətləndirmir. Bununla belə, bu məsələ kontekst sorğularında ev və məktəb mühitlərini anlamaq üçün önəmli bir faktor kimi diqqətə alınır.

PIRLS-in oxu nailiyyəti qiymətləndirməsi üzrə çərçivə sənədi 

Bu sənəd, PIRLS beynəlxalq qiymətləndirməsinin əsasını təşkil edir və şagirdlərin dördüncü sinifdə oxu nailiyyətlərini qiymətləndirir. Bu çərçivə sənədi, gənc şagirdlərin məktəbdə və məktəb xaricində oxuduqlarının əksəriyyətini əhatə edən iki əsas məqsədə fokuslanır: ədəbi təcrübə və məlumatın əldə edilməsi və istifadə edilməsi. Bundan əlavə, PIRLS qiymətləndirməsi hər iki oxu məqsədində dörd əsas anlama prosesini əhatə edir: diqqəti cəmləmək və açıq şəkildə bildirilən məlumatı əldə etmək, sadə nəticələr çıxarmaq, ideyalar və məlumatları şərh etmək və əlaqələndirmək, həmçinin məzmunu və mətn elementlərini dəyərləndirmək və tənqid etmək. 

Oxu məqsədləri və anlama prosesləri həm bir-birindən ayrı işləmir, həm də şagirdlərin yaşadığı və öyrəndiyi mühitdən ayrı deyil. Anlama prosesləri şagirdlərin müxtəlif çətinlik dərəcələrindəki mətnləri başa düşmək üçün yerinə yetirməli olduğu daha mürəkkəb əməliyyatları təsvir edir; məqsədlər isə bu proseslərin tətbiq edildiyi mətnləri iki əsas kateqoriyaya ayırır. Eyni zamanda, bu məqsəd və proseslərin onlayn oxu savadlılığı mühitini də əhatə edəcək şəkildə genişləndirildiyini və ətraflı izah edildiyini qeyd etmək lazımdır.

PIRLS çərçivə sənədinin əsas məqamları PIRLS-də oxu qiymətləndirməsinin əsasını iki oxu məqsədi və dörd anlama prosesi təşkil edir.

Xəbər lenti