"Azərbaycanda ailələr, əsasən, oğlan övladlarına təhsil sahəsində maliyyə ayırırlar".
TƏHSİL.BİZ Teleqraf.az-a istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov İƏT həftəsi çərçivəsində Qadınlar Forumunun "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" adlı panel sessiyasında deyib.
O bildirib ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir:
"Təhsil almış qadın təhsilli ailə deməkdir. Nazirlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir. Təhsil Fondu Gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayrıb və bundan 350 qız yararlanıb. Azərbaycan təhsil sistemi ölkənin ən böyük sistemlərindən biridir. 1,6 milyon şagird, xeyli sayda tələbələrimiz var. Ümumi təhsil səviyyəsində 62, universitet səviyyəsində 51,2 faiz qızlar təhsil alır. Peşə təhsili sahəsində də təhsilalanların 36 faiz qızdır. Elm və Təhsil Nazirliyi hədəfləyir ki, onların sayı 40 faiz olsun".
E.Nəsibov Azərbaycan hökumətinin təhsilə dəstəyindən də danışıb:
"Ailələr daha çox maliyyəni oğul övladına yönləndirir. Azərbaycanda Təhsil Tələbə Kredit Fondu yaradılıb. Son iki ildə 26 min qız kredit əldə edib. Azərbaycan hökuməti özəl sektora dəstək verir ki, iqtisadiyyat daha da inkişaf etsin. Qeyri-ənənəvi sahələrə qızları təşviq etmək istiqamətində layihələrimiz var. Regionlarda gənc qızların təhsilə cəlb olunması istiqamətində də işlərimiz davam edir".