Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çağdaş dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Haruki Murakaminin yaradıcılığı haqqında yeni elmi monoqrafiya nəşr edilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusovanın müəllifi olduğu “Haruki Murakami: Postmodern ədəbiyyatın kultu” adlı kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ön söz” yazıb. Kitabın elmi redaktoru Yaponiya Osaka Universitetinin dosenti, filologiya elmləri doktoru Yokota Murakami Takayuki, rəyçiləri isə Türkiyə Erciyes Universitetinin professoru, filologiya elmləri doktoru Ali Volkan Erdemir və Ədəbiyyat İnstitutunun dosenti, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır.
Monoqrafiyada özünəməxsus yaradıcılıq istiqaməti ilə yapon ədəbiyyatı ilə yanaşı, dünyada postmodern ədəbiyyatın inkişafına birbaşa təsir göstərən Haruki Murakaminin həyatı, yaradıcılıq yolu araşdırılır. Yaponiyada postmodernizmin formalaşması və əsas özəllikləri tədqiq olunaraq Murakaminin bədii irsinə təsir xüsusiyyətləri müəyyənləşdirilir. Yazıçının qloballaşma ərəfəsində yapon düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirən əsərlərində fərqli cəhətlər araşdırılır. Murakaminin “Qoyun ətrafında macəra”, “Mexaniki quşun xronikası”, “Qaranlıqdan sonra” romanları əsasında postmodern qurmacaya təsir edən cərəyanlar, istiqamətlər, fiqurlar araşdırılaraq öyrənilir. Eyni zamanda, Murakaminin erkən yaradıcılıq nümunəsi olan “Küləyin nəğməsini dinlə” romanını kosmopolitizm, yazıçını dünyaya tanıdan, vizit kartı olan “Norveç meşəsi” romanı isə realizm istiqamətində tədqiqata cəlb olunur. Sənətkarın ən yaxşı postmodern əsər kimi dəyərləndirilən “Kafka sahildə” romanı əsasında yazıçının dünyaya estetik münasibətindəki sürrealist baxışları müəyyən edilir.
Kitabın tərtibatı da diqqətəlayiqdir. Dalğa Yunus tərəfindən dizayn olunan kitabın üz qabığında postmodern sənəti xatırladan labirint və geometrik quş təsviri, ilk səhifələrdə isə Murakaminin həm musiqi, həm də ədəbiyyatla əlaqəsini simvolik şəkildə əks etdirən caz mühitindəki obrazı təqdim olunub.
Kitab ədəbiyyat nəzəriyyəçiləri, yaponşünaslar, postmodernizmlə maraqlanan tədqiqatçılar və ümumiyyətlə, ədəbiyyatsevərlər üçün çox dəyərli elmi və estetik mənbədir. Müəllifin araşdırmaları nəticəsində oxucu Haruki Murakaminin əsərlərinə yeni baxış bucağından yanaşmaq imkanı əldə edir.