Son zamanlar ölkə təhsilindən danışanda ağlımıza qalmaqallı, insident dolu, hətta yada düşəndə bizi utandıran məqamlar, məktəblərdə ara-sıra baş verən utancverici hallar istər-istəməz bu mədəniyyətin haradan qaynaqlanması haqda maraq doğurur. Mədəniyyət demişkən, təhsil bir yana, elə mədəniyyətimizdə də son zamanlar utandırıcı məqamlar bir-birinin arxasınca sıralanmaqdadır.
Tehsil.biz xatırladır ki, elə Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistə "ölmürsən utanmıxdan" deməsi bizi həqiqətən də utandırdı.
Pis çıxmasın, suala cavab verə bilməyən və ya qeyri-eyik cavablandıran qala-qala peşəsi sual vermək olan şəxs niyə utanmalıdır, ay Çingiz müəllim?!
Yaxşı, bu, bir yana. Biraz keçmişə qayıtsaq, vaxtilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tabeliyində olan Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovanı da unutmamışıq.
Elə kollec direktorunun tələbəyə "şamtutan" deməsi təhsilimizin nə vaxtdan mədəniyyətsizləşməsindən xəbər verir.
Yəqin ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Hacıkənddə keçirilən Milli Yaylaq Festivalının uğursuz təşkilatçılığı da yadımızdan çıxmayıb.
Festivalda jurnalistlərə normal şəraitin yaradılmamasından tutmuş qidalanmaları üçün verilən çörəkarası xiyara qədər hamısı xatirimizdədir.
Mədəniyyət naziri Anar Kərimovun ABŞ-yə səfəri çərçivəsində Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəmlə görüşü zamanı A.Kərimovun arxasında Azərbaycanın üçrəngli bayrağı əvəzinə Maldiv Respublikasının dövlət bayrağının qoyulması, Azərbaycanın Mədəniyyət Nazirliyinin isə həmin görüşdən çəkilmiş fotoları qurumun saytına yerləşdirib daha sonra silməsi də müəyyən qədər mədəniyyətimizə dəyən zərbələrdən oldu.
Hansı ölkənin bayrağı önündə durduğunun fərqində olmayan nazirimiz də mədəniyyətimizə bu cür "töhvə" verdi.
Bir neçə ay əvvəl Gəncədə səfərdə olan nazir Anar Kərimovun Gəncə Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşına irad tutması, muzeyə aid kitablardan birinin itməsini görüb əsəbiləşməsi də həmin zamanların gündəmi oldu.
Burada nazirin iradı haqlı olsa da, boşluqların haradan qaynaqlandığı ehtimalını düşündükdə yenə bütün oxlar nəzarətin zəif olmasına yönəlir.
Maraqlıdır, Yazıçılar Birliyinin (AYB) 203 min manatlıq qurultayından uzun zaman keçməmiş, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində yoxlama aparması xəbərləri yayıldı. Elə həmin gün də nazirliyin birinci müavini Elnur Əliyevin DTX tərəfindən saxlanılması ilə bağlı xəbərlər dərc olundu. Lakin buna baxmayaraq E.Əliyevin işinin başında olması ilə bağlı məlumatlar yayıldı və nəhayət, ölkə başçısı İlham Əliyevin bu gün-3 noyabrda imzaladığı sərəncamı ilə Elnur Əliyev vəzifəsindən azad olundu.
Yeri gəlmişkən, həmin hadisələrlə bağlı Mədəniyyət Nazirliyindən sorğularımıza cavab almaqda da çətinlik çəkdik.
Məsələn, DTX-nin nazirlikdə yoxlama apardığı gün nazir Anar Kərimovun iş yerində olmaması ilə bağlı yayılan məlumatı dəqiqləşdirmək üçün göndərdiyimiz sorğuya iki gündür, cavab verilməyib. Bundan başqa, qeyd etdiyimiz kimi, DTX tərəfindən saxlanılan birinci müavinin yenidən iş başında olması ilə bağlı yayılan xəbəri dəqiqləşdirmək üçün nazirliyin sözçüsü Nuridə Allahyarovaya etdiyimiz müraciətdə nazirlik rəsmisi nəinki sualımızı cavablandırmadı, heç salamımızı belə almadı.
Yalnız müraciətimizi gördükdən nə az, nə çox, təxminən 8 saatdan sonra cavablayan Nuridə Allahyarova müraciətimizi cavabsız qoymasını ilk növbədə gününün qarışıq olması ilə əlaqələndirdi. Düzünü desək, hansısa bir qurumun günün qarışıq olub-olmamasından asılı olmayaraq, istənilən saatda, istənilən sayda xəbərlərini dərc edərək fəaliyyətini işıqlandırmaqdan yorulmayan mediaya həmin qurum tərəfindən bir cavabın verilməsi üçün vaxt tapılmamasına təəssüf etdik.
Müraciətin bilərək cavabsız saxlanılması, ümumiyyətlə diqqət yetirilməməsi özü də bir "mədəniyyət" nümunəsidir. Biz mədəniyyətimizə sığınaraq hər bir müraciətə verilən cavabı səbrlə gözləyirik, hər bir yanaşmanı da heç bir qərəz güdmədən nəzərə alırıq.
Hansı ki, Mədəniyyət və İncəsənət Universitetindən tələbələrdən tələbə bileti üçün 10 manat ödənişin tələb olunması məsələsində araşdırmanın cavabını uzun zamandır, gözlədiyimiz kimi...
Belə ki, qeyd etdiyimiz iddia ilə bağlı ADMİU-nun mətbuat xidmətindən məsələnin arşadırıldığını, açıqlama veriləcəyini bildirdikləri tarixdən 15 gün keçir.