21-ci əsr sürət əsri, inteqrasiya və qloballaşma, elm və texnikanın müxtəlif sahələrində innovativ texnologiyaların sürətli inkişafı, yüksək informasiya texnologiyaları əsridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri bir çox sahələrlə yanaşı, elm və təhsildə informasiya texnologiyalarının geniş tətbiqi, elmi biliklərin inkişafı və milli mənəvi dəyərlərin yaşadılması, mühafizəsi, tanıdılması sahəsində sürətli yüksəlişə geniş imkanlar açmaqdadır. İnformasiya mühitinin tam hüquqlu subyektləri, informasiya cəmiyyətinin sosial institutları olan kitabxanalar bu imkanlardan yararlanaraq daha geniş fəaliyyət göstərməkdədirlər. Davamlı inkişafda olan informasiya texnologiyaları əsrində kitabxanaların mövcudluğu üçün texnoloji inkişafın sürətləndirilməsi tələb olunur ki, bu da xidmətin keyfiyyətinin yüksəldilməsinə, istifadəçilərin ehtiyac və üstünlüklərinə cavab verən informasiya məhsullarının və xidmətlərinin repertuarının genişləndirilməsinə, kitabxananın ənənəvi forma və üsullarının müasirləşdirilməsinə yönəldilir.
Kitabxanalar sənədləşdirilmiş məlumat və bilikləri toplayır, mühafizə edir, sənəd axınının formalaşmasında iştirak edir və onun analitik-sintetik emalını həyata keçirir, informasiya və bilik ehtiyatlarını sistemləşdirir və qiymətləndirir.
Bu gün Akademiya sistemindəki elmi-tədqiqat institutlarının (ETİ) kitabxanaları informasiya texnologiyaların tətbiqini nəzərdə tutan müəyyən təşəbbüslər göstərməkdədirlər, amma əsas məsələ bu təşəbbüslərin onların aid olduqları elmi-tədqiqat institutları üçün nə dərəcədə maraqlı olmasındadır.
Kitabxanaların iş təcrübəsi, istifadəçilərlə şəbəkə fəaliyyəti, virtual xidmətlərə üstünlük verməsi, texniki yenilikləri həyata keçirməklə informasiya məhsulları, xidmətlərini inkişaf etdirməsi və s. onlara “zamanla ayaqlaşmaq” imkanı verir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının elmi-təqdqiat institutlarının kitabxanalarında, o cümlədən Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında yeni texnoloji yanaşmalarla dövriyyəyə buraxılmalı, öyrənilməli, təsvir və təbliğ edilməli olan mötəbər elmi mənbələr var. Bu prosesləri reallaşdırmaq üçün kitabxanaşünaslıq və biblioqrafiya baxımından müasir texnologiyalar əsasında ciddi səviyyəli araşdırmalara ehtiyac yaranıb. Fikrimizcə, ilk növbədə kitabxanaşünaslıq və biblioqrafiya fəaliyyəti göstərən hər bir institutun kitabxanasında aid olduğu təmayül üzrə elmin vəziyyətinin inventarlaşdırılması zəruridir və bu məqsədlə müvafiq monitorinqlərin (fondların məzmunu, elmi tədqiqatların təmayülü və s.) aparılması da məqsədəuyğundur.
Son zamanlar ETİ kitabxanalarında elektron sənədlərin, o cümlədən Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında da məlumat bazalarının formalaşmasına, dövrümüzün elm, maarif və mədəni irsini təşkil edən resursların toplanmasına xüsusi diqqət yetirilir. Kitabxanamız əldə etdiyi rəqəmsal resursları internet saytında “açıq rəf” bölməsində təqdim etməklə elmin populyarlaşmasına yardım etməkdədir. Elmi resursların fondlara operativ daxil olması üçün kitabxana alimlərimizlə qarşılıqlı əlaqələrini interaktiv olaraq reallaşdırır. Lakin Azərbaycan elminə daha səmərəli kitabxana-informasiya xidmətinin genişlənməsi yolları haqqında düşünmək gərəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu ilin yanvar ayının 16-da keçirilmiş iclasında qəbul edilmiş qərarlar da ETİ kitabxanalarının öz fəaliyyət istiqamətlərinə, vəzifələrinə yeni yanaşmalarını zəruri etdi. Müasir tələblərə, informasiya cəmiyyətinin çağırışlarına cavab verən əsaslı dəyişikliklərin həyata keçirilməsinə dair qərarların ən önəmlisi isə AMEA Rəyasət Heyətinin aparatının strukturunda sənədlərin elektron dövriyyəsi sisteminin yaradılmasını, elmi biliklərin istehsalında, təbliğində, yayımlanmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini nəzərdə tutan və bu prosesləri mərkəzləşdirilmiş şəkildə koordinasiya edəcək, nəzəri-təcrübi baxımdan tənzimləyəcək, metodiki idarəetmə funksiyasına malik “Elektron Akademiya” şöbəsinin yaradılması oldu. “Elektron Akademiya” şöbəsinin əsas prioritetləri və vəzifələri sırasında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən olan informasiya cəmiyyəti və elektron idarəetmənin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsini və s. xüsusi yer alır. Başlıca hədəf kimi “Vikipediya”da elmi məzmunlu məqalələrin yaradılması və zənginləşdirilməsi, elmi jurnalların beynəlxalq bazalara daxil edilməsi və s. göstərilir. ETİ kitabxanaları adı çəkilən bu prioritetlərin, nəzərdə tutulan proseslərin tam mərkəzi qüvvəsi kimi ciddi informativ bazalara, İKT və informasiya mübadiləsi təcrübəsinə malik olmaqla öz potensialını yeni yanaşmalarla səfərbər etməyi bacarmalıdır.
İnformasiya-kommunikasiya texnologiyaları tətbiq olunduğu ilk dövrdən başlayaraq ETİ kitabxanaları üçün yeni və geniş imkanlar açdı: Akademiya sistemindəki elmi-tədqiqat sahəsi üzrə ixtisaslaşmış kitabxanalarda internet vasitəsilə istifadəçilər üçün arayış-informasiya xidmətləri təqdim edilir, elektron resurslar yaradılır, beynəlxalq elmi informasiya bazalarına giriş təmin edilir, qarşılıqlı informasiya mübadiləsi aparılır, internetdə əldə edilən elektron sənədlərin keyfiyyətinin və etibarlılığının yoxlanılması ilə bağlı məsləhətlər verilir.
Elmi-tədqiqat materiallarının uzaqdan öyrənilməsi imkanları humanitar elmlər üzrə işlərdə kitabxanaların alimlərlə rəqəmsal resurların təmasında ötürücü funksiyasının daha da təkmilləşdirilməsini tələb edir.
Elmi biliklərin, materialların böyük bir məlumat bazalarının yaradılması və alimlərin bu bazalara çıxışının təmin edilməsi XXI əsrin elmi tədqiqatlarının inkişaf tendensiyalarından biridir. Xüsusilə beynəlxalq səviyyədə Azərbaycan elminin inkişaf tendensiyalarına yeni kitabxana-biblioqrafiya yanaşması gərəkdir.
Akademik İsa Həbibbəyli Azərbaycanda yüksək impakt faktorlu elmi jurnalların çap edilməsinin önəmini vurğulayaraq son illərdə Akademiya üzrə Əlyazmalar, Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarında işıq üzü görən elmi jurnalların “Kopernikus” indeksi qazanmasını müsbət hadisə kimi dəyərləndirir. Akademik qeyd edir ki, istinad göstəricilərinə görə də Azərbaycan elminin nüfuzu artmışdır. Lakin bu sahəyə də diqqətin artırılması vacibdir. Xüsusən, humanitar və ictimai elmlər sahəsində istinad göstəricilərinin müəyyən edilməsi sahəsində sistemli iş aparılmasına ciddi ehtiyac vardır. Eyni zamanda mühüm elmi nəticə hesab etdiyimiz ciddi elmi əsərlərin xarici dillərdə və nüfuzlu dünya nəşriyyatlarında çap olunması elmimizin beynəlxalq nüfuzunu artıra bilər.
Akademik ictimaiyyət üçün istinadların müəyyənləşdirilməsi işi aktuallaşdıqca, kitabxanalarımız da dünya informasiya mühitində milli elmi nəşrlərimizin nüfuzunun artmasına, təbliğinə qorunmasına diqqət yetirməli, bu mənbələrin dünya elminin inkişafında faktor olmasına yardımçı olmaq üçün yeni fəaliyyət istiqamətləri formalaşdırmalıdır.
Hazırda “Scopus” və “Web of Science” elmi sitat indekslərinə abunə olmaq məsələsi alimlərimizin xüsusi diqqət mərkəzindədir. Konkret indeksin seçilməsi onların elmi işi üçün əhəmiyyətlidir və bu sahədə onlara yardım etmək üçün kitabxanalar müəyyən vəzifələri də öz öhdəsinə götürməyi bacarmalıdır. Xüsusilə, mənbələri əhatə dairəsinə görə, hətta “Scopus” və “Web of Science”ı geridə qoyan “Lens.org”, “Dimensions”, “Semantic Scholar”, “Open Alex” kimi sistemlər haqda məlumatlı olmaq, bu bilikləri bölüşmək, nəşrlərin meta-məlumatlarını digər sistemlərlə, məsələn, “ORCID” ilə əlaqələndirməkdə yardımçı olmaq və s. kimi yeni vəzifələr müasir elmi kitabxana və peşəkar kitabxanaçı imicinin yüksəlişi deməkdir.
Qeyd edək ki, “Web of Science Core Collection” – ən böyük beynəlxalq məlumat platformasıdır, etibarlı elmi-metrik məlumatların mötəbər mənbəyidir. Məlumat bazası 21.000-dən çox jurnalı, 70.000 konfransı və 71.000 elmi monoqrafiyanı əhatə edir. Buradan alimlər elmi tədqiqatların təhlili, qiymətləndirilməsi və inkişafı üçün müxtəlif vasitələrə (ResearcherID on Publons, Journal Citation Reports, EndNote Online və digər faydalı materiallar) çıxış əldə edirlər.
“Scopus” – 21.000-dən çox adda jurnalı, müxtəlif elmi sahələrə aid konfransların materiallarını indeksləşdirən biblioqrafik və abstrakt məlumat bazasıdır. Müxtəlif bibliometrik göstəricilərə görə məqalələrin sitatlarını izləməyə, müəllifləri, tədqiqat qruplarını, tədqiqat sahələrini və jurnalları qiymətləndirməyə imkan verir.
“ORCID” (Open Researcher and Contributor ID) - Alimə onun işlərini və nəticələrini unikal şəkildə müəyyən etmək üçün təyin edilmiş unikal 16 rəqəmli koddur. ORCID əksər elmi informasiya sistemlərində ad və soyadların üst-üstə düşməsi, soyadların dəyişdirilməsi kimi problemlərin həllinə yardım edir. “ORCID” ilə inteqrasiya dünyanın aparıcı nəşriyyatları və qrant fondları, həmçinin “Scopus” və “Web of Science” məlumat bazaları tərəfindən həyata keçirilir.
Nəşr fəaliyyəti məsələləri, istinadlar, nəşrlərə tələbat, alimlərin dərc etdikləri nəşrlərin keyfiyyəti – bütün bunlar elmimetrik fəaliyyət sahəsi kimi kitabxanaların da gündəmində olmalıdır.
Bu gün elektron resursların formalaşdırılması, müasir komplektləşdirmənin ən təsirli yoludur. Elektron resurslar özünəməxsus üstün xüsusiyyətlərə malikdir. Beləki, bir çox insan eyni mənbədən, sənəddən eyni vaxtda istifadə edə bilər, bu mənbə daxilində naviqasiya etmək asandır. Eyni zamanda, çap fondundan fərqli olaraq, elektron resursları saxlamaq üçün kitabxanada böyük sahələrə ehtiyac yoxdur.
Hər bir ETİ kitabxanası öz elmi ictimaiyyəti üçün bir informasiya kanalı rolunu oynayır. Kitabxana üçün təkcə tədbirlərin təşkili və keçirilməsi (oxucu konfransı, təqdimatlar, müzakirələr və s.) deyil, həm də internetdə tədbirə informasiya dəstəyinin göstərilməsi vacibdir. Bu yolla geniş auditoriya cəlb olunur. Rəqəmsal alətlər isə oxucularla effektiv ünsiyyət qurmağa kömək edir: e-poçt xəbər bülletenləri, tədbir saytları, videolar və sosial şəbəkələrdəki digər populyar məzmunlar.
Elmi-tədqiqat institutlarının kitabxanaları daim tədqiqatçılarla qarşılıqlı əlaqədə olduqları üçün öz fəaliyyət strategiyası və taktikasını günün tələblərinə uyğun olaraq yenidən müəyyənləşdirməyə borcludur. Çünki elmi kommunikasiya sistemi sürətlə dəyişməkdədir və ETİ kitabxanaları informasiyalaşdırma mərkəzi kimi öz rolunu yeniləməsə, müasir tədqiqat proseslərindən getdikcə daha da uzaqlaşa və nəticədə gərəksiz ola bilər. Ətrafımızda sürətli dəyişikliklər baş verməkdədir, hələ o qədər də gec deyil, fəaliyyət proqramını yeniləməyin, elmə interaktiv xidmətlər paketi təqdim etməyin, dəyişməyin zamanıdır, buna hələ vaxtımız var.
Sevil ZÜLFÜQAROVA, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun kitabxana müdiri