2024/2025-ci tədris ilində 17948 tələbə ilə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Müqavilələrdən 12118-ı, yəni 67.52 faizi bakalavriat səviyyəsi üzrə, 4474-ü, 24.93 faizi magistratura səviyyəsi üzrə, 1262-si, yəni 7.03 faizi orta ixtisas təhsili səviyyəsi üzrə, 58-i, yəni 0.32 faizi, yüksək texniki peşə təhsili səviyyəsi üzrə, 36-sı, yəni 0.2 faizi texniki peşə təhsili səviyyəsi üzrə imzalanıb.
Bu barədə TƏHSİL.BİZ qəzetinə Təhsil Tələbə Kredit Fondundan məlumat verilib. Bildirilib ki, cari tədris ilinin payız və yaz semestrləri üzrə bu günədək TTKF-yə məxsus elektron portala ümumilikdə 21947 müraciət daxil olub.
Rəsmiləşdirilən 17948 təhsil tələbə krediti müqaviləsindən 11720-si, yəni 65.30 faizi standart növ təhsil tələbə krediti, 6228-i, yəni 34.70 faizi sosial növ təhsil tələbə kreditidir.
Fonddan bildirilib ki, ümumiyyətlə fəaliyyət dövründə elektron portala daxil olan 69489 müraciətdən 54694-ü üzrə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Müqavilələrin 35769 (65.40 faizi) standard, 18925 (34.60 faizi) isə sosial növ təhsil tələbə krediti olub.
Qeyd edək ki, hal-hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü aktiv şəkildə davam edir və qəbul prosesi semestrin sonunadək davam edəcək.
Xatırladaq ki, təhsil tələbə kreditləri Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani və ödənişli əsaslarla təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.