Logo

Qərbi Azərbaycana qayıdış – tarixi ədalətin bərpası yolunda addım

06.05.2025 21:52 49 baxış
IMG

Bakı Biznes Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Əzəli yurd yerimiz - Qərbi Azərbaycan” mövzusunda elmi-praktik konfrans və STM-in sektor müdiri Əfqan Vəliyevin “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” (III cild) kitabının təqdimatı keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə STM-dən məlumat verilib.

Tədbirdə çıxış edən Əfqan Vəliyev bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız bir köç planı deyil, milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu proses təkcə Azərbaycanın daxili ictimai-siyasi gündəmini deyil, həm də regional sabitliyi və sülh perspektivlərini müəyyən edən əsas amillərdən biridir.

Sektor müdiri vurğulayıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma torpaqlarına dinc və mərhələli şəkildə qayıdışı BMT Nizamnaməsi və digər beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir. O, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən sistemli işləri, xüsusilə də Qərbi Azərbaycan İcmasının fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, qayıdış prosesi yalnız ərazi məsələsi deyil, həm də xalqımızın mədəni irsinin bərpası və qorunması ilə sıx bağlıdır. Tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin və digər mədəni dəyərlərin bərpası gələcək nəsillər üçün mühüm mənəvi zəmin yaradacaq. Bu məsələdə ictimai birliklərin, ziyalıların, medianın və vətəndaş cəmiyyətinin rolu əvəzsizdir.

STM-in sektor müdiri Tural İsmayılov bildirib ki, Qərbi Azərbaycandakı irsimiz sadəcə tarix deyil, həm də bu günümüzün və gələcəyimizin möhkəm dayağıdır. Oradakı mədəni və tarixi miras Azərbaycan xalqının çoxəsrlik sivilizasiya yaddaşının ayrılmaz hissəsidir.

Tural İsmayılov qeyd edib ki, yüzilliklər boyu Qərbi Azərbaycanda formalaşmış yaşayış məntəqələri, memarlıq abidələri, dini və mədəni ocaqlar xalqımızın oradakı dərin köklərinin şahididir. “Bu irsin sistemli şəkildə öyrənilməsi, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə təqdim olunması mühüm strateji xətt kimi qəbul edilməlidir,” – deyə Tural İsmayılov vurğulayıb.

Sosial Tədqiqatlar Mərkəzinin rəsmisi əlavə edib ki, hazırda STM tərəfindən Qərbi Azərbaycanla bağlı kompleks tədqiqat layihələri həyata keçirilir, tarixi sənədlər, arxiv materialları və xatirə mətnləri üzərində ciddi araşdırmalar aparılır. Bu tədqiqatlar həm akademik əsaslar yaradır, həm də siyasi və hüquqi müstəvidə qayıdış ideyasını daha güclü şəkildə əsaslandırır.

Tural İsmayılov onu da bildirib ki, Qərbi Azərbaycanda vandalizmə məruz qalmış tarixi-mədəni irsimizin bərpası, onun orijinal forması ilə dünya ictimaiyyətinə təqdim olunması beynəlxalq mədəni irs hüquqlarının tərkib hissəsidir. “Biz bu prosesi təkcə keçmişə dönüş kimi yox, milli mənəviyyatımızın dirçəlişi kimi qəbul etməliyik,” – deyə o əlavə edib.

Sonda o bildirib ki, Qərbi Azərbaycanla bağlı hər bir fakt, hər bir irs nümunəsi təkcə tarixçilər üçün deyil, hər bir azərbaycanlı üçün şəxsi məsələdir. “Bu məsələ bizim milli kimliyimizin sütunudur və bu sütunun bərpası Azərbaycanın gələcək qlobal mövqeyinə birbaşa təsir edəcək”, – deyə Tural İsmayılov fikrini yekunlaşdırıb.

Bakı Biznes Universitetindən professor Sabir Əmirxanov, tarix üzrə fəlsəfə doktoru Aygün Kamandari, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı mövzu ətrafında fikirlər səsləndiriblər.

Xəbər lenti