Onun karyera yolu musiqidən başlayıb, hüquqşünaslığa doğru irəliləyib. 10-cu sinifdə seçdiyi sahənin özünə uyğun olmadığına qərar verir və təhsilinə sıfırdan başlayır. Qarşısına qoyduğu məqsədlə məktəb birincisi olaraq, arzuladığı fakültəyə qəbul olur. Yaşadığımız həyatın əməllərimizin nəticəsi olduğunu düşünür. Əzmi, nizam-intizamı, iradəsi ilə həyatını dəyişir.
“Kaspi” qəzetinin müsahibi Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşovdur. Uzun müddət ədliyyə orqanlarında və İqtisadiyyat Nazirliyində işləyib, həmçinin özəl sektorda rəhbər vəzifələrdə fəaliyyət göstərib.
“Arzuladığım ixtisas ən rəqabətlisi idi”
- Roman bəy, festivallarda iştirak edən, məşhur musiqiçilərdən dərs alan şagird necə hüquqa meyl etdi?
- Məktəb illərində tar sinfinə gedir, çox yaxşı da ifa edirdim. Həftənin yeddi günü, günümün yarısı musiqi məktəbində keçirdi. Musiqi insana zövq verən, kamilləşdirən, həssas nəsnədir. Lakin bir müddət sonra bu peşənin xarakterimə uyğun olmadığının, ümumiyyətlə, arzumun bu olmadığının fərqinə vardım. Musiqidən tamamilə uzaqlaşdım. Hüquqşünas olmaqla bağlı fikrim qəti idi. Lakin ilkin mərhələdə heç kim bu fikrimə əhəmiyyət vermirdi. Çünki həqiqətən də, dərs qiymətlərim ürəkaçan deyildi. Arzuladığım ixtisas isə ən rəqabətlisi idi.
- Repetitor dəstəyi alırdınız?
- Tövsiyələr almaq zəruridir, lakin davamlı repetitor yanına getmək fikrimcə, vaxt itkisidir. Yola sərf etdiyim iki saatı da “mövzumu iki-üç dəfə də əlavə oxuyardım” düşüncəsi ilə yanaşırdım. Seçdiyim sahə humanitar idi və daha çox mütaliə tələb edirdi. Yalnız test cavablarını əzbərləyib imtahana girmək, bunun nəticəsində təhsil almaq tamamilə yanlışdır. Müəllimlər bir çox hallarda əzbərləmək üçün qısaldılmış məlumatlar verirdilər. Təəccüblənirdim ki, 500 səhifəlik kitabı necə kiçik konspektlə mənimsəmək olar. Mənim üçün öyrənmək, bilik daha vacib idi, nəinki hansısa testin sualına cavab vermək. Çünki mahiyyəti dərk etdikdə, hansı sual olsa, cavab vermək mümkündür.
“Deyəcəklər ki, sən hara, hüquq hara?!”
- Dərslərində doqquzuncu sinfə qədər kifayət qədər zəif olan şagird, necə oldu ki, universitetə birinciliklə qəbul oldu?
- Hüquq fakültəsinə qəbul olmaq çox adamın arzusudur. Hər il ölkədə minlərlə gənc bunu istəyir, amma cəmi 25-50 arasında ödənişsiz yer olur. Mən imtahan verəndə 20 min abituriyent həmin ixtisası yazmışdı. Təsəvvür edin, 20 min insanla rəqabət aparırsan, amma sən hələ yolun heç başında da deyilsən. Özümə inam, iradə, əzm, nizam-intizam bu prosesdən məni qalib çıxardı. 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə məktəb birinciliyi ilə, ödənişsiz əsaslarla daxil oldum. Amma ətrafımda heç kim bu nəticəni gözləmirdi. Haqlı idilər də. Məsələn, ingilis dilində 25 sualdan 23-nə düz cavab yazmışdım, halbuki hərfləri 9-cu sinifdə öyrənmişəm. Bu, müəllimlərim üçün də gözlənilməz idi. Bu nəticəni almaq üçün, yadımdadır, özümə istirahət üçün cəmi 15 dəqiqə fasilə verir, yenə oxuyurdum. Neqativ fikirlər eşitməmək üçün planlarımı gizlədirdim. Düşünürdüm, deyəcəklər ki, sən hara, hüquq hara?! Hər bir neqativ informasiya insanda ruh düşkünlüyü yarada bilir. Əsas özümə inamım idi və bacardım.
“Valideyn məcburiyyəti burada uğur qazandırmır”
- Azərbaycanda övladlarının hüquqşünas olmasını istəyən, onlara təzyiq edən minlərlə valideyn var. Sizcə, hər kəs çox çalışmaqla hüquqşünas ola bilərmi?
- “Yağış üçün dua edərkən palçığa batmaq ehtimalını da düşün”, - deyirlər. Hüquqşünaslıq ən təhlükəli peşədir. Sən cinayətkarla, yaxud zərərçəkənlərlə daim ünsiyyətdə olmağa məhkumsan. Hər hansı ciddi təhlükələr bəzən qaçılmaz olur. Hüquqşünas olmağa övlad özü qərar verməlidir ki, işinin bütün çətinliklərini sevsin. Lakin valideynlərin hüquqşünas övlad yetişdirmək, övladlarını hüquqşünas görmək istəkləri tükənmir. Ümumiyyətlə, istənilən peşədə valideynlərin övladlarına təzyiqi yanlışdır. İnsan sevdiyi işlə məşğul olmalıdır. Bu gün hüquq fakültəsində normal təhsil alan, amma sənətini sevməyən tələbələr çoxdur. Bu sahəyə sevərək gələnlər qədrini bilir, işləyir, valideyn məcburiyyəti bu sahədə uğur qazandırmır. Bir tük başdadırsa gözəllik, yeməkdədirsə pislikdir. Olduğun yer bu səbəbdən önəmlidir.
- Siz tələbəlik illərindən bu sahədə fəaliyyət göstərməyə başlamısınız.
- Bəli, çünki mən bu fakültəyə göstəriş üçün deyil, sevdiyim üçün, öz qərarımla gəlmişdim.17 yaşımda universitetdə oxuduğum vaxtlarda qeyri hökumət təşkilatlarının təşkil etdiyi debatlara qoşulurdum. Həmin debatlarda öyrəndiklərimi bu günün məhkəmə çəkişmələrində tətbiq edirəm. Fikrini deyəndə, dərs danışanda üzü qızaran insan idim, amma debatlardan sonra böyük auditoriyalar qarşısında çıxışlar edirdim. 18 yaşımdan artıq məhkəmələrdə təcrübə keçirdim. Universiteti bitirəndə peşəkar hüquqşünas vərdişlərim formalaşmağa başlamışdı. Ona görə də hərbi xidmətdən gələndən bir ay sonra sənədlərimi ədliyyə orqanlarına göndərdim və imtahanlardan keçdikdən sonra işlə təmin olundum.
“Kiminsə əmlaklarını sayıb, beynini məşğul edirsənsə...”
- “Hamı deyir ki, yaxşı yaşamaq istəyirik, amma sən bunun üçün nə edirsən?” sualını məktəblilərə ünvanlamışdınız. Bəs sizin cavabınız necədir? İnsan yaxşı yaşamaq üçün nə etməlidir? Bunun formulu varmı?
- Xəyallarına getdiyin yol nə qədər uzun olarsa, o qədər insan tanıyır, o qədər çox yeni informasiyalar öyrənirsən. Ən əsası, olduğun mühit pisdirsə, bu o demək deyil ki, sən də mütləq pis olmalısan. Yaxud olduğun mühitdə hamı bir sahədə uğurludursa, sənin uğurun fərqli ola bilər. Yəni hər insan özünəməxsusdur. İradən, fərdi xüsusiyyətlərin olmasa, uğur kitablarını oxumaqla heç nə əldə edə bilməzsən. İnsan ilk olaraq özünü tanıyıb, kəşf etməlidir. Həyatımıza özümüz keyfiyyət qatmalıyıq. Yəni biz hamıya baxıb hərəkət etsək, heç vaxt uğur qazana bilməyəcəyik. Kiminsə əmlaklarını sayıb, geyimini müzakirə etməklə beynini məşğul edirsənsə, əmin ol ki, heç nə əldə etməyəcəksən. Amma sən qarşına məqsəd qoyub, ona çatmaq üçün yollarını düzgün hədəfləsən, mümkünsüz heç nə yoxdur. Konkret hədəfin olmalı, hədəfinə uyğun potensialını qiymətləndirməlisən. Harada özünü güclü hesab edirsənsə, oraya fokuslanmalısan. Məsələn, inkişaf etmiş ölkələrin təhsil sistemində belədir ki, hər bir fərd hansısa fənni mənimsəyirsə, oraya istiqamətlənir. Bizdə isə əksinə, harada zəiflik varsa, bunu qaldırmağa çalışırıq. Nəticədə hər şeyi bilən, amma heç nəyə nail olmayan fərd kimi qalırıq.
- Nə üçün çox insan özünü tapa bilmir?
- Cəmiyyətdə yetkinlik yaşında yeni həyata atılan gənclərin əksəriyyəti valideynlərin və kütlənin basqısı ilə mübarizə aparmaqla məşğuldur. Nəticədə özünü tapa bilmir. Ona hər şey diktə olunur, hər şeyə valideynlər nəzarət etmək, hökm etmək istəyirlər. Təbii ki, valideynin nəzarət və tövsiyələri lazımdır. Amma qədərində. Daim basqıya öyrəşən gənc buna adət edir və bu nəzarət olmayanda özünü idarə edə bilmir, nə istədiyi barəsində düşünmür.
“Ailənin qədrini zamanında bilmək lazımdır”
- Vəkil kimi yüzlərlə boşanma proseslərində iştirak etmisiniz. Maraqlıdır, boşanma səbəblərindən biri də özünü tanımamaq ola bilərmi?
- Bəli. İnsanların əksəriyyəti həqiqətən, nə istədiklərini bilmirlər. Məsələn, “yoldaşım mənim işlərimə çox qarışır”, “evə bu saatda yox, bu saatda gəlsəm xoşbəxt olaram”, yaxud “filan geyimi geyinə bilsəm həyatım gözəl olacaq” kimi düşünürlər. Cəmiyyətə özümüzü özümüz kimi deyil, xəyal qurduğumuz insan kimi təqdim edirik. Ətrafımızda daim özünü təsdiq etmək ehtiyacı duyan o qədər insan var ki. Ya geyimləri, ya əmlakları, ya da özlərinə aid olmayan fikirləri ilə diqqət çəkməyə çalışırlar. Cəmiyyət də bunu çox asanlıqla həzm edir. Həyat öz tələbələrini öldürərək öyrədir. Hər şeyi hər kəs gec və ya tez dərk edir. Önəmli olan vaxtında düzgün qərarlar verməkdir. Ailənin qədrini zamanında bilmək lazımdır.
“Məhkəmə sübutlara əsasən həqiqəti müəyyən edir”
- Roman bəy, bəzi insanlar məhkəmədə haqlı olduqları halda uduzduqlarından şikayət edirlər. Məhkəmə sistemində haqlı uduza bilərmi?
- Bəli, ola bilər. Çünki məhkəmə formal həqiqəti müəyyən edir, obyektiv gerçəkliyi deyil. Qanunla müəyyən olunmuş qaydada sübutlar əldə etməlisən və onlar da məhkəməyə təqdim edilməlidir. Məhkəmənin qətnamədə bunu əsaslandırmaq imkanı olmalıdır. Məsələn, mülki işlərlə bağlı qayda odur ki, sən istənilən tələbini sübut etməlisən. Tutaq ki, dostuma 50 min manat pul vermişəm. Heç bir sənədim, sübutum yoxdur. Bu zaman məhkəmədə iddia qaldırsam belə, qalib gəlməyəcəyəm. Bu həqiqəti müəyyən etmədiyinə görə məhkəməni günahlandırmaq olarmı? Xeyr. Çünki məhkəmə sübutlara əsasən həqiqəti müəyyən edir.
- Etiraf bu sistemdə nə dərəcədə əhəmiyyətlidir?
- Əməlini etiraf etməyən insan cəmiyyətə təhlükəli insandır. Çünki insan səhvlərindən nəticə çıxarıb düzəlmək istəmirsə, deməli, heç vaxt düzəlməyəcək. Lakin “təqsirliyəm, üzr istəyirəm”, “səhv etmişəm” deyən insanlar çox azdır. Həqiqətən bu sözləri hiss edərək deyəndən gedir söhbət. Hətta elə cinayətlər var ki, səmimi peşmançılıq olarsa, məsuliyyətdən azad edilə bilər. Əgər insan öz səhvlərini görmürsə, özünü təkmilləşdirməklə məşğul deyilsə, gələcəyi qaranlıqdır.
- Heç vaxt mükəmməl olmaq üçün çalışmadığınızı dediniz. Sizcə, insan mükəmməl olmalıdırmı?
- Xeyr. Bu məsələ də illərimi alıb. Bu, həyatdır, mükəmməl olmağa ehtiyac yoxdur. Bizdə uğur qazanan insanların da qarşısına gözlənti qoyurlar. Bunu etdisə, bundan da böyüyü olmalıdır. Gözlənti də onun şüuraltına hopur və özünü dağa-daşa çırpır. Əslində bu cür olmalı deyil. İnsan özünü kimlərəsə deyil, özünə sübut etməlidir. Əsas insanın özünə məğlub olmamağı və güvənidir. Gənc yaşlarda mən də deyirdim niyə birinci yox, üçüncü olmalıyam? O qədər mənasızdır ki, əslində bu cür düşüncələr. Mükəmməl olub, xoşbəxt olan insan çox azdır. Çünki hər hansı sahədə fantastik göstəricisi olan insanlar özləri də o zirvəyə çatanda narahat olurlar, məsuliyyətlə hədsiz yüklənirlər. Zirvədən sonra başqa zirvəyə çatmasan eniş başlayır. Lakin vəzifəmizi icra edərək geri çəkilməyi bacarmalıyıq. Günəş də vəzifəsini bitirincə geri çəkilər.