Logo

Fərhad Hüseynov: Azərbaycan 27 il ərzində pozulan beynəlxalq hüququ bərpa edir

09.10.2020 18:11 394 baxış
IMG

Azərbaycan Respublikası bu gün 27 il ərzində pozulan beynəlxalq hüququ bərpa edir. Təəssüf ki, bu müddət ərzində beynəlxalq qurumlar öz bacarıqsızlığını nümayiş etdiriblər və qəbul olunmuş hüquqi sənədlərin müddəalarını həyata keçirə bilməyiblər. Bunu müşahidə edən Ermənistan öz təcavüzkar siyasətini davam etdirirdi və hətta yeni əraziləri işğal etmək niyyətində idi. Faktiki olaraq beynəlxalq cəmiyyətin Ermənistanı sülhə məcbur etməyi bacarmaması sentyabrın 27-də hərbi münaqişəyə gətirib çıxardı. Azərbaycan Ordusu Ermənistan hərbi qüvvələrinin təxribatlarını birdəfəlik dayandırmaq üçün uğurlu əks-hücum əməliyyatına başladı və nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa olunur.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Fərhad Hüseynov söyləyib.

“Ermənistanın baş nazirinin beynəlxalq hüququ tanımamasına, BMT qətnamələrinin müddəalarını inkar etməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, onun fikirləri tamamilə əsassızdır. BMT Təhlükəsizlik Şurasının bütün dörd qətnaməsində Dağlıq Qarabağ Azərbaycanın bölgəsi adlandırılır. 822 nömrəli qətnamədə Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə münasibətlərinin pisləşməsi qeyd olunur və pisləşmənin səbəbinin isə Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi olduğu göstərilir. 853 nömrəli qətnamənin 9-cu bəndində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərə təsir edən qüvvə kimi göstərilir və ona təkidlə çağırış edilir ki, işğal dərhal qeyd-şərtsiz dayandırılsın. 884 saylı qətnamədə eyni çağırış var və əlavə olunur ki, Ermənistan işğalçı qüvvələrin hərbi kampaniyalarının davamı üçün vasitələrin alınmamasını təmin etsin. Bu sənədlərdə erməni silahlı qüvvələri işğalçı adlandırılır və Azərbaycanın bölgələrinin işğal altında olduğu qeyd edilir.

Ermənistanın baş nazirinin təkidlə hətta döyüşlər getdiyi zaman “Qarabağ Ermənistandır” deməsi onun və ətrafının sülh adamları olmamasını nümayiş etdirir. Azərbaycan Respublikası bu şəraitdə qətiyyətli mövqedən çıxış edərək işğalçı qüvvələri respublika sərhədlərindən çıxarır”, - deyə F.Hüseynov qeyd edib.

Xəbər lenti