Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” devizi altında “Sağlam həyat, sağlam gələcək” adlı tədbir keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov, “Narkomaniya ilə mübarizənin hüquqi aspektləri”, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov “Narkomaniya ilə mübarizənin tibbi aspektləri” mövzusunda çıxış ediblər. Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR Psixi Xəstəliklər Dispanserinin həkim-psixiatr rezidenti Mustafa Həsənov da narkotik vasitələrdən istifadənin fəsadıarı haqqında danışıb.
Çıxışlarda narkotik maddələrdən istifadənin risk amilləri, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, onun insanların həyatına, sağlamlığına ciddi maneə olduğu vurğulanıb, gənclərə sağlam həyat tərzini aşılayan tövsiyələr edilib.
Qeyd olunub ki, düzgün qidalanma, gənclərin idmana cəlb olunması, istedadlarının aşkar edilərək interaktiv klublara istiqamətləndirilməsi ilə asudə vaхtlarının səmərəli təşkili neqativ hallara qarşı mübarizənin ən mükəmməl vasitələrindən biridir.
Tədbirdə gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.