Logo

Çində beynəlxalq konfransda “Dünya sinologiyasında Azərbaycan izi” mövzusunda məruzə dinlənilib

25.11.2024 13:51 38 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) müəllimləri Çində “Qloballaşma kontekstində mədəniyyətlərarası təhsil” mövzusunda keçirilən II beynəlxalq elmi konfransa onlayn qoşulublar. Konfrans Çinin Huçjou Universitetinin Multikultural Araşdırmalar Mərkəzi və ADU-nun Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfutsi İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, açılışda çıxış edən Huçjou Universitetinin prorektoru Li Jinfen, Xarici əlaqələr departamentinin rəhbəri Jin Meylan və Çin tərəfdən ADU-nun Konfutsi İnstitutunun direktoru Li Jihua müasir informasiya cəmiyyətində və beynəlxalq əməkdaşlığın inkişafında mədəniyyətlərarası əlaqələrin, təhsil və təlim prosesində multikulturalizmin və xarici dillərin tədrisində linqvokulturoloji yanaşmanın əhəmiyyətindən danışıblar.

Plenar iclasda “Dünya sinologiyasında Azərbaycan izi” mövzusunda məruzə ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin əlaqələrinin tarixindən danışıb. O, iştirakçıları Çinin “Bir kəmər, bir yol” qlobal layihəsinin həyata keçirilməsi, Çində türk sivilizasiyasının öyrənilməsi və yaşıl iqtisadiyyat sahəsində Azərbaycan-Çin əməkdaşlığı kimi istiqamətlərdə Konfutsi İnstitutunun elmi fəaliyyəti ilə tanış edib.

R.Abbasov Nizami Gəncəvinin “Xəmsə”sindəki epizodlarda Çin obrazının bədii təcəssümünün regionşünaslıq aspekti, həmçinin qədim uyğurların tarixini tədqiq etmiş görkəmli şərqşünas alim Mirzə Kazım bəyin fəaliyyəti, onun təşəbbüsü ilə 1837-ci ildə Kazan Universitetində Çin bölməsinin açılması haqqında danışıb. Bundan əlavə o, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də Çin və Azərbaycan dillərinin tədrisinin stimullaşdırılması, eləcə də Konfutsi institutlarının inkişafına dəstəyin zəruriliyinin vurğulandığını qeyd edib.

Konfrans çərçivəsində mədəniyyətlərarası təhsilin nəzəri-metodoloji əsasları və tarixi-tipoloji təhlili, səmərəli modellərinin yaradılması, elmi-tədris və metodiki təminatın işlənib-hazırlanması, humanitar elmlərin problemləri və mədəniyyətlərarası ölçüdə ictimai inkişaf məsələləri müzakirə edilib.

Xəbər lenti