Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün dekabrın 2-də növbəti imtahan keçirəcək.
DİM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, imtahanda iştirak etmək üçün 1710 nəfər qeydiyyatdan keçib.
İmtahan mərkəzin elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50), DİM-in Bərdə regional bölməsində (Bərdə ş., H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İmtahana gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əsli mütləq təqdim edilməlidir. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normati-hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. DİM imtahan iştirakçılarından xahiş edir ki, kitabça ilə mütləq tanış olsunlar.