Logo

“Milli Qurtuluş Günü" - ADPU tələbəsi yazır...

16.06.2021 08:53 603 baxış
IMG

Ulu Öndərin böyük qayıdışı Azərbaycan xalqını və dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edərək tarixə “Milli Qurtuluş Günü” adı ilə daxil oldu.

 

XVIII əsrin ortalarından başlayaraq xanlıqlara parçalanan vətənimiz bir daha bütöv hala gələ bilmədi. Çar Rusiyasının işğalçı yürüşləri nəticəsində Azərbaycan iki hissəyə bölündü – Şimali Azərbaycan və Cənubi Azərbaycan məhfumları ortaya çıxdı. Gülüstan müqaviləsindən sonra 100 ildən artıq müddətdə Çar Rusiyasının əsarəti altında qalan Azərbaycan xalqı, dövlətçiliyi 1918-ci il 28 mayda bütöv şəkildə olmasa da  öz müstəqilliyinə, azadlığına qovuşdu. Şimali Azərbaycan  torpaqlarında müsəlman şərqində ilk demokratik respublika, qadına seçib-seçilmək hüquqi verən cümhuriyyət quruldu. Cümhuriyyəti Azərbaycan xalqı qurmuşdu. Bu dövr Azərbaycan xalqının tarixində xüsusi yerə malikdir. Ancaq mənfur düşmənlərimiz Azərbaycan xalqının azad, müstəqil yaşamasını istəmirdilər. Ona görə də  Rusiya 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini işğal edir və Azərbaycan xalqının azadlığı əlindən alınır. Həmin gündən etibarən dövlətçiliyimiz formal olaraq qalsa da həqiqətdə AXC süqut etmiş və Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının bir hissəsinə çevrilmişdi.

 

SSRİ dağılana qədər mənfur düşmənlərimiz tərəfindən xalqımız böyük zülmlərə məruz qalmışdır. Vətənimizin təbii sərvətləri talan edilmiş, dilimizin, dinimizin, milli-mənəvi dəyərlərimizin, xalqımızın, dövlətçiliyimizin məhv edilməsi istiqamətində ruslar tərəfindən ruslaşdırma, erməniləşdirmə, xristianlaşdırma, etnik kimliyin unutdurulması siyasətləri yürüdülmüşdür. Xalqımız bu əzab-əziyyətdən, zülmdən SSRİ dağıldıqdan sonra qurtulmuşdur. 1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı. 

 

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa edə bildi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yenidən bərpa olunmuşdur. Ancaq azadlığın, müstəqilliyin tam bərpa edilməsi, davamlı və dayanıqlı inkişafın təmin edilməsi, ölkənin müasir inkişaf yoluna qədəm qoyması Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi gündən sonra başlamışdır. 

 

1993-cü  ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. S.Hüseynovun təsiri ilə 709 saylı  hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Ə.Hümbətov  isə tabeliyində olan  silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respublika”sını yaratmağa çalışırdı. Eyni  zamanda ölkənin şimal-şərq bölgəsində “Ləzgistan dövləti”  yaratmaq istəyirdilər. Bunlar Moskvadan idarə olunurdu. İyunun 4-də hökumət hərbi qiyamı yatırtmaq üçün Gəncəyə 3 minədək  canlı qüvvə və texnika yeritdi. Ölkədə vətəndaş müharibəsi başlandı. 709saylı hərbi hissənin kazarmaları,  hava limanı dağıdıldı. 35 nəfər həlak oldu.135 nəfər yaralandı. Qiyamçılar tərəfindən 1200 döyüşçü, respublika prokuroru girov götürüldü. Onlar Bakıya Ali Sovet sədrinin, Baş nazirin, bir qədər sonra isə Prezidentin İstefa verməsi tələbi ilə ultimatum göndərdilər, cavab almadılar və Bakıya doğru hərəkət etdilər. Dövlət rəhbərləri son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. H.Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Vətəndaş müharibəsini aradan qaldırmaq üçün H.Əliyev iyunun 13-14-də Gəncədə oldu. H.Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək S.Hüseynov başda olmaqla, hərbi müxalifəti zərərsizləşdirdi. 1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi düşdü.


İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri H.Əliyevə həvalə etdi. H.Əliyev S.Hüseynovu Baş nazir vəzivəsinə təyin etdi və onu öz nəzarəti altında saxladı. Ə.Hümbətov 1993-cü ilin avqustunda batalyonları Fizuli bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda  “Talış- Muğan Respublikasının” yarandığını elan etmiş, “hökumət” qurmuşdu. H.Əliyevhəmin bölgənin deputatları, ağsaqqalları və ziyalıları ilə görüşdü, televiziya vasitəsilə əhaliyə müraciət etdi. Kortəbii mitinq  “TMR”i ləğv etdi. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı H.Əliyevi alternativ əsaslarla  səs çoxluğu ilə Azərbaycan Respublikası prezidenti seçildi.  

 

Ulu Öndərin böyük qayıdışı Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Ulu Öndər Heydər Əliyev dövlətçiliyimiz tarixində öz xilasedici missiyasını layiqincə yerinə yetirməklə  Azərbaycan xalqının tarixində  ən böyük tarixi şəxsiyyət statusunu qazanmışdır. 

 

Anar Salehoğlu,

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin tələbəsi

Xəbər lenti