Logo

“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında uşaq mütaliəsi nümunələri”

18.07.2021 13:50 1138 baxış
IMG

Cəmiyyətin tərbiyəsində və insan baxışlarının formalaşmasında uşaq ədəbiyyatının rolu misilsizdir. Mütərəqqi xalqlar bu tərbiyə vasitəsinin rolunu nəzərə alaraq, estetik gözəlliyə, dolğun məzmuna və bədii təsir gücünə malik uşaq əsərlərinin yaranmasına xüsusi fikir vermiş, bu yolda öz xidmətlərini əsirgəməmişlər. Çünki uşaq Allahın bəşər övladına bəxş etdiyi  nemətlər içərisində ən önəmlisi və əvəzsizidir, əmanətdir. Bu əmanətə  riayət isə onun doğulduğu gündən fitri və sonradan qazandığı sosial çevrəsini və yaşadığı hər bir günün şərtlərini nəzərə alaraq  yetişdirməkdir.

 

Bədii ədəbiyyatın bir qolu sayılan uşaq ədəbiyyatı möcüzəli dünyanın - uşaq aləminin sirrini-sehrini, min bir rəngini özündə yüksək sənətkarlıqla əks etdirmək qüdrətinə malikdir. Bu ədəbiyyatın öyrənilməsi tarixi qədim olmasa da, onun rəngarəng poetik nümunələri bəşər insanının sözə “ehya” verdiyi çağa təsadüf edir. Heç bir böyük sənətkar əlinə qələm alıb əsərini böyüklər, yaxud uşaqlar üçün yazacağını öncədən bilmir, bədii əsərin estetik dərki, məzmun və ideyası, problematikasının miqyası, irəli sürülən hər bir ideya yaşından aslı olmayaraq, insan övladının tərəqqisinə, ağlının və ruhunun qidalanmasına xidmət etmişdir. Dünya ədəbiyyatı xəzinəsinə əvəzsiz incilər bəxş edən  Nizami Gəncəvi, Sədi Şirazi, Şarl Perro, Jül Vern, Mark Tven, Fransua Rable, Antuan de Sent Ekzüperi, Conatan Svift,  Aleksandr Puşkin, Nikolay Nekrasov,  Daniel Defo və b. sözün, bədii ədəbiyyatın  mahiyyəti,  gücü ilə yanaşı, insanın uşaq yaşlarından mənəvi-əxlaqi dəyərlərə yiyələndiyini gözəl bilmiş  və bütün dövrlər üçün müasir olan əsərlər yaratmışlar. Zaman keçdikcə bu əsərlər bütün xalqlar tərəfindən sevilmiş, əbədilik qazanmışdır.

 

Qüdrətli tərbiyə vasitəsi olan uşaq ədəbiyyatının əsas qayəsi uşaqlara ünvanlanması, dünyanın, həyat hadisələrinin özəl bədii dərkidir. Təsadüfi deyil ki, uşaq ədəbiyyatı nümunələri  yaradan  şair və yazıçıların əksəriyyəti   tərəqqipərvər ziyalı, müəllim, məktəblə bağlı şəxslər olmuşlar. Azərbaycan ədəbiyyatında maarifçiliyin  təşəkkülü  və inkişafı mərhələsi sayılan XIX əsrdə A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, S.Ə.Şirvani kimi ziyalılar tarixi hadisələrə münasibətlə yanaşı, uşaqların maariflənməsi, tərbiyəsi məsələlərinə də biganə qalmamış, istər bədii əsərlərində, istərsə də dərsliklərdə uşaqların milli ənənə, milli ruh, elmi  dünyagörüşünə malik yetişdirilməsini vacib saymışlar. Məhz bu dövrdə - XIX əsrin sonu XX əsrin əvvəllərində uşaq ədəbiyyatı özünün təşkkül və coşqun tərəqqi mərhələsini yaşayır. XX yüzilin əvvəllərində M.Mahmudbəyov, R.Əfəndiyev, S.M.Qənizadə, A.Şaiq, A.O.Çernyayevski, S.A.Vəlibəyovun dərsliklərində, “Dəbistan”, “Kəşkül”, “Rəhbər” qəzet və jurnallarında  klassik irsimizdən bədii nümunələr, dünya ədəbiyyatı nümunələri, dövrün mütərəqqi  ədiblərinin uşaq əsərləri yer alır.  Geniş şəkildə olmasa da, “böyük” ədəbiyyatın içində uşaq ədəbiyyatı və bu ədəbiyyatın nəzəri məzmununu zənginləşdirən, onun elmi əsaslarını hazırlayıb dəyərli nümunələrini yaradan yazıçıların həyat və yaradıcılığının orta  və ali məktəblərdə tədrisinə başlanılır.

 

“Azərbaycan uşaq ədəbiyyatı” fənni XX əsrin 20-ci illərindən başlayaraq tədris edilir. Günümüzədək olan zaman kəsimində fənnin elmi-metodik  keyfiyyyətinin yaxşılaşdırılması sahəsində çox işlər görülmüşdür;  fənnin proqramı təkmilləşdirilmiş, dərsliklər, dərs vəsaitləri, metodik tövsiyələr yaranmışdır.  Milli uşaq ədəbiyyatı  yaratmaq uğrunda mübarizə aparan, onun dəyərli nümunələrini yaradan şair və yazıçıların yaradıcılığı, əsərləri auditoriyalarda təbliğ olunur, şüurlarda möhkəmləndirilir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Xan qızı Natəvan” və “Qızıl qələm” mükafatları laureatı Pərixanım Hüseynovanın elmi-pedaqoji ictimaiyyətə təqdim etdiyi “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında uşaq mütaliəsi nümunələri” adlı dərs vəsaiti ədəbiyyat tarixinin qədim dövr mərhələsində uşaq  əsərlərinin tədrisə cəlb edilməsi məqsədilə ərsəyə gəlmişdir. Uşaq ədəbiyyatı anlayışının spesifikası, yaranma tarixi və inkişaf mərhələlərinə qısaca nəzər salan müəllif haqlı olaraq uşaq ədəbiyyatının xalqın folklor yaradıcılığı və klassik  yazılı ədəbiyyatla birgə inkişaf  etdiyi qənaətinə gəlir. Müəllif iki böyük sənətkarın yaradıcılığına fərqli baxışda nəzər salır, özünəqədərki elmi-metodik ədəbiyyatı incələyərək seçdiyi yeni nümunələri  təhlil müstəvisinə çıxarır.

 

Azərbaycan və dünya ədəbiyyatının  tanınmış nümayəndəsi Xaqani Şirvaninin humanizm dolu əsərləri Yaxın və Orta Şərq xalqlarının böyük marağına səbəb olmuşdur. Zəngin ədəbi irsə malik şairin  şahlara, xaqanlara meydan oxuyan ibrətamiz qəsidələri, fəlsəfi  bədii nəsri, “Töhfətül-İraqeyn” poeması  tədqiqat obyekti kimi filoloqlarla yanaşı, pedaqoqların da diqqətini həmişə cəlb etmişdir. P.Hüseynova şairin yaradıcılığında konkret bədii nümunələrin seçimi ilə halal-haram, gözütoxluq, ağlın nadanlığa, ədalətin zülmə, işığın zülmətə qalib gəldiyi hisslərinin tərənnümünü uşaq ədəbiyyatı tədrisinə gətirmişdir. İstedadı, elmi özünə qul edən bir zamanın şairi olan Xaqaninin yaradıcılığında “Savalan dağının tərifi”, “Şirvanın vəsfi” şeirlərində vətən gözəlliklərinin tərənnümü, mənzum hekayələrində  gözüaçıqlıq, düşüncəlilik kimi ideyalar və digər uşaq mütaliəsi nümunələrinə alim fərqli baxış bucağından yanaşır.

 

Bu gün milli təhsil sisteminin inkişaf dinamikası  təlimin forma və məzmununa yenidən baxılmasını zəruri edir. Qloballaşma, davamlı inkişaf, təhsildə beynəlmiləlləşmə təlim fəaliyyətinin formasının dəyişməsinə nisbətdə daha sürətlə baş verir. Bu gün uşaq ədəbiyyatının istər tədqiqinə, istərsə də tədrisinə böyük ehtiyac var.  Hər bir xalqın, millətin, nəhayət, dünyanın gələcəyi olan uşağı onun öz oyunları, öz sözləri, öz fikri, öz hərəkətləri, öz düşüncəsi ilə öyrənmək və böyütmək lazımdır. Dosent Pərixanım Hüseynovanın ali məktəblərin  ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsilin metodikası ixtisası üçün nəzərdə tutulmuş “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında uşaq mütaliəsi nümunələri” adlı dərs vəsaiti “Azərbaycan uşaq ədəbiyyatı” fənninin tədrisində tələbələrlə yanaşı, ümumtəhsil məktəblərinin ədəbiyyat müəllimləri, yenidənhazırlanma və ixtisasartırma kurslarının müdavimləri  üçün də faydalı olacaqdır.

 

Nazilə ABDULLAZADƏ,

 

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri

Xəbər lenti