Prezident İlham Əliyevin 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi.
Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır. Danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir.
Aparılacaq danışıqlar regionun tarixində yeni inkişaf mərhələsinin başlanmasının səbəbi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir.
30 illik danışıqlar prosesi ərzində Azərbaycan yalnız konstruktiv mövqedən çıxış etmişdir. Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.
Birgəyaşayış regionun qaçılmaz gələcəyidir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil.
Ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyi böyük rol oynayır. Mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi. Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər.
Türkiyə və Rusiya faktoru təkzibolunmazdır. Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.
Azərbaycan “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyənin təklifini dəstəkləyir. Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları ilə Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər. Ermənistan bu məsələdə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır. Bu platforma regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək.
Rufanə Yaralıyeva
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
Təhsilalanlarla iş şöbəsi üzrə baş mütəxəssis