Təhsilin əsas prioritetləri dünya inkişaf etdikcə, iqtisadi və siyasi sahələrə ciddi təsir edən hadisələr baş verdikcə dəyişikliyə məruz qalır. Təhsilin texnologiya ilə inteqrasiyası, əmək bazarının tələblərinin daha çox bacarıq yönümlü olması və digər oxşar məsələlər bu dəyişikliyə nümunədir. Həmin dəyişikliklər özünü yeni dərsliklərdə, kurikulumların (təhsil proqramı) yenilənməsində və müəllimlərin texnologiyadan istifadəsində göstərir.
Lakin yeniliklərlə bərabər təhsilin keyfiyyəti də nəzarətdə olmalı və təhlil edilməlidir.
Təhsilin keyfiyyəti şagirdlərin nailiyyətləri ilə birbaşa əlaqəlidir. Bu səbəbdən, ölkəmizdə müxtəlif qiymətləndirmə tədqiqatları həyata keçirilir və şagirdlərin nəticələri həm ölkə, həm də beynəlxalq müstəvidə təhlil edilir. Keçirilən qiymətləndirmə tədqiqatları təhsildə vəziyyətin ümumi mənzərəsini görməyə imkan verir, ölkələri təhsil siyasəti, kurikulum və şagirdlərin öyrənmə sistemi üzrə istiqamətləndirir.
Azərbaycanda qiymətləndirmə tədqiqatlarını Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur vahidi olan Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi həyata keçirir. Artıq ölkəmizin milli tədqiqatlarla yanaşı beynəlxalq tədqiqatlar sahəsində də kifayət qədər təcrübəsi var.
PISA
Azərbaycanda keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarından biri PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramıdır. Bu proqram İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür.
Azərbaycan 2006, 2009 və 2018-ci illərdə keçirilən PISA tədqiqatında iştirak edib. Növbəti PISA tədqiqatı isə COVID-19 pandemiyası ilə əlaqədar olaraq bir qədər geciksə də, əsas mərhələnin 2022-ci ildə keçirilməsi planlaşdırılır. PISA 2022 tədqiqatında şagirdlərin oxu, riyaziyyat və elm sahələrindən başqa, yaradıcı düşünmə ilə əlaqədar bilik və bacarıqları da qiymətləndiriləcək.
Azərbaycanda keçirilən sonuncu PISA göstəricilərinə əsasən şagirdlərin riyaziyyat üzrə orta balı 420, oxu üzrə 389 və təbiət elmləri üzrə isə 398 olub.
PIRLS
PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdləri arasında keçirilir. Şagirdlərin oxu bacarıqları haqqında daha ətraflı məlumat əldə etmək üçün tədqiqat çərçivəsində seçilmiş məktəblərin müəllim və direktorları ilə sorğu aparılır. Azərbaycan 2011, 2016 və 2021-ci illərdə PIRLS tədqiqatında iştirak edib.
Tədqiqatın əsas mərhələsi cari ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilib. Bütün ölkəni əhatə edən qiymətləndirmədə müxtəlif regionların 200 məktəbinin təxminən 7000 şagirdi təmsil olunub. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsinin payına düşüb. Hazırda şagirdlərin nəticələri təhlil olunur.
Əvvəlki illərin PIRLS nəticələri arasında müəyyən qədər artım müşahidə olunur: şagirdlərimiz 2011-ci ildə 462 bal toplasa da, 2016-cı ildə bu göstərici 472-yə qalxıb. Qeyd etmək lazımdır ki, PIRLS üzrə ölkələrin ümumi orta balı 500 hesab edilir.
TIMSS
Beynəlxalq qiymətləndirmə tədqiqatlarından digəri isə 4 ildən bir IV və VIII sinif şagirdləri arasında həyata keçirilən TIMSS (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramıdır. Tədqiqatın əsas məqsədi şagirdlərin nəticələri əsasında riyaziyyat və təbiət elmləri üzrə təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaqdır. TIMSS vasitəsilə kurikulumların tətbiqi, tədris resursları, məktəbdə öyrənmə mühiti və s. barədə ətraflı məlumat əldə edilir.
Təhsil sisteminin effektivliyinin ölçülməsinə kömək edən TIMSS tədqiqatında ölkəmiz 2011 və 2019-cu illərdə yalnız IV sinif şagirdləri ilə iştirak edib. 2011-ci illə müqayisədə şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisində irəliləmə, təbiət elmləri üzrə isə geriləmə olub. 2019-cu ildə Azərbaycanın riyaziyyat üzrə nəticəsində TIMSS-in tədqiqat dövrləri arasındakı ən böyük fərqlərdən biri müşahidə edilib. Növbəti, yəni 2023-cü ildə keçiriləcək qiymətləndirmə tədqiqatında Azərbaycan həm IV, həm də VIII sinif şagirdləri ilə iştirak edəcəkdir.
ICILS
ICILS (International Computer and Information Literacy Study) - Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Tədqiqat VIII sinif şagirdləri arasında aparılır. PIRLS və TIMSS kimi, bu tədqiqatın da təşkilatçısı Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyadır. ICILS iştirakçı ölkələrə şagirdlərin XXI əsrin tələblərinə uyğun kompüter və informasiya sahəsi üzrə bilik və bacarıqlarını və bu bacarıqlara yiyələnmək üçün lazım olan ev və məktəb mühitini qiymətləndirmək imkanı verir.
Azərbaycanın ICILS tədqiqatında iştirakı 2023-cü il üçün nəzərdə tutulub. Beləliklə, azərbaycanlı şagirdlərin kompüter və informasiya texnologiyaları ilə əlaqədar bilik və bacarıqları müəyyən edilərək bu sahə üzrə ölkədəki ümumi vəziyyət təhlil olunacaq və müvafiq qərarların verilməsinə imkan yaradacaq.
TALIS
Şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sistemi haqqında məhdud məlumat verir. Bu səbəbdən, müəllimlər arasında da beynəlxalq tədqiqatın keçirilməsi təhsilin keyfiyyətinin ölçülməsi baxımından əhəmiyyətlidir. TALIS (Teaching and Learning International Survey) - Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma müəllimlərin və məktəb rəhbərlərinin təhsillə bağlı yanaşmalarını anlamaq məqsədilə keçirilən tədqiqat hesab olunur. 2008-ci ildən başlayaraq 5 ildən bir keçirilən TALIS tədqiqatı aşağıdakı mövzular üzrə qiymətləndirmə aparır:
Azərbaycanın TALIS 2024 tədqiqatında ilk dəfə iştirakı nəzərdə tutulur.
Bir daha vurğulayaq ki, beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sisteminin ümumi vəziyyəti haqqında məlumat verir, dünya standartları ilə müqayisədə çatışmazlıqları aşkar etməyə imkan yaradır. Nəticədə, bu tədqiqatlardan əldə olunan elmi-statistik göstəricilər əsasında təhsil sistemləri müvafiq qərar qəbul edir.
İzzət ABBASLI,
ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin mütəxəssisi