Logo

BDU-da Qarabağ ruhu

29.11.2020 16:45 455 baxış
IMG

Qarabağlı fəxrlərimizin ruhu şad olur

 

26-cı yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

 

İyirmi altıncı yazımız tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuş İsaq Mustafa oğlu Məmmədovla bağlıdır.

 

İsaq Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1942-ci ildə orta təhsilini başa vuraraq Şuşa şəhərində müəllimlik hüququ verən pedaqoji kursa göndərilmişdir. Kursu bitirdikdən sonra doğma kəndi Qaracallıdakı natamam orta məktəbdə müəllim və dərs hissə müdiri işləmişdir. Əvəzçiliklə kənd sovetinin katibi vəzifəsində çalışmışdır.

 

İsaq Məmmədov 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə müəllimliklə yanaşı, ictimai həyatda və təsərrüfat işlərində də fəal iştirak etmiş, məktəbin kütlələr arasında təbliğat və təşviqat qrupunun fəal üzvü, şagird briqadasının başçısı olmuşdur. Məhz buna görə də o, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyinə görə” medalı ilə təltif edilmişdir.

 

İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Unversitetinin Tarix fakultəsinə daxil olmuş və 1949-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. “Stalin təqaüdçüsü” olmuşdur. Universitetin Elmi Şurasının zəmanəti ilə aspiranturada saxlanılaraq 1949-1952-ci illərdə orada təhsilini davam etdirmişdir. 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor elmi adını almışdır.

 

Professor İsaq Məmmədovun həyatının 30 ildən artıq bir dövrü Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. 1952-1977-ci illərdə BDU-da assisent, müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. Məhz burada elmi və pedaqoji cəhətdən püxtələşmişdir.

 

İsaq Məmmədov həyatını Azərbaycanda ali təhsilin təşkilinə və inkişafına sərf etmiş, respublikamızın ali məktəblərində uğurla elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. O, 1977-1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, 1995-2005-ci illərdə ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdir. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun ali təhsil ocağı kimi formalaşması və inkişafında onun böyük xidmətləri olmuşdur.

 

Professor İsaq Məmmədov 200-ə qədər elmi məqalənin, "Qəhrəmanlıq tarixindən səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi ənənələr və gənclik", "Ənənələr tərbiyə edir" kitablarının, "XX əsrdə ümumdünya tarixi proseslər", "Azərbaycan tarixi", "Yeni tarix", "Ümumdünya ictimai prosesləri", "Təlatümlü illər" və "Siyasi tarix" dərslikləri və dərs vəsaitlərinin müəllifi olmuşdur. O,  yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmiş, 1956-1977-ci illərdə ADU-da dissertantura və doktoranturaya qəbul, namizədlik minimum imtahan komissiyasının, 1973-1982-ci illərdə ADU-da, 1999-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tarix üzrə ixtisaslaşdırılmış müdafiə Şurasının üzvü olmuşdur. Onun rəhbərliyi ilə 20-yə yaxın namizədlik dissertasiyası müdafiə edilmiş, 40-a yaxın namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur.

 

Professor İ.M.Məmmədov respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. 1951-1985-ci illərdə Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi və mühazirəçilər qrupunun bölmə rəhbəri, 1980-1985-ci illərdə Naxçıvan MR-nın Ali Sovetinin deputatı, Naxçıvan şəhər RK-nin büro üzvü olmuşdur.

 

Yüksək elmi-pedaqoji fəaliyyətinə görə “Əməkdar Elm Xadimi”, “Qabaqcıl ali məktəb işçisi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüşdür. 2007-ci ildən Prezident təqaüçüsü olmuşdur.

 

Professor İsaq Məmmədov 8 sentyabr 2011-ci  ildə vəfat etmişdir.

 

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz İsaq Məmmədovun dünyaya göz açdığı Qubadlı şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbər lenti