Logo

BDU-da Qarabağ ruhu

05.12.2020 12:34 509 baxış
IMG

Qarabağlı fəxrlərimizin ruhu şad olur

29-cu yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

 

İyirmi doqquzuncu yazımız Bakı Dövlət Universitetinin professoru olmuş Vahid Bəhram oğlu Ağayevlə bağlıdır.

 

Vahid Ağayev 1937-ci ildə Füzulidə anadan olmuşdur. 1960-cı ildə mühəndis-geoloq ixtisası üzrə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini bitirmişdir. 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Geologiya İdarəsində çöl partiyasının rəisi işləmişdir. 1960-cı ildən Bakı Dövlət Universitetində elmi işçi, paleobiogeokimya laboratoriyasında bölmə müdiri, paleontologiya və tarixi geologiya kafedrasında baş müəllim və dosent vəzifələrində işləmişdir. 1977-1984-cü illərdə Universitetin elmi-tədqiqat bölməsinin rəisi vəzifəsində çalışmışıdr. 1980-cı ildən “Paleontologiya və tarixi geologiya” kafedrasının professoru, 1991-2008-ci illərdə həmin kafedranın müdiri olmuşdur.

 

Elmi tədqiqatları paleontologiya, stratiqrafiya, regional geologiya ilə bağlıdır. İlk dəfə olaraq Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində mezozoy çöküntülərində rəhbər ammonit faunalarını aşkar etmiş və onun yeni dəqiq regional stratiqrafik sxemini vermiş, əvvəllər regional olmadığı hesab edilən çöküntülərin kellovey yaşlı olmasını əsaslandırmışdır.

 

150 elmi əsərin, 13 monoqrafiya və kitabın, 3 təhsil vəsaitinin müəllifi və “SSRİ-nin stratiqrafik lüğəti”nin müəlliflərindən biridir. Rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə olunmuş və 3 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur.

 

Professor Vahid Ağayev 2011-ci ildə vəfat etmişdir.

 

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Vahid Ağayevin dünyaya göz açdığı Füzuli şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbər lenti