Logo

İlahiyyat İnstitutunda vebinar: tərcümə fəaliyyətinin nəzəri əsasları və mövcud vəziyyət

08.12.2020 17:40 620 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tərcümə fəaliyyəti: nəzəri əsaslar, mövcud vəziyyət və problemlər” mövzusunda vebinar keçirilib.

 

Bu barədə Tehsil.biz-ə  institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olduğunu diqqətə çatdıraraq, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək üçün tərcümənin keyfiyyətinin vacibliyini vurğulayıb.

 

Azərbaycan Dillər Universitetinin professoru Qılıncxan Bayramov ölkəmizdə tərcümə işinin Orta əsrlərdən dini ədəbiyyatın tərcüməsi ilə başlandığını qeyd edib. Alim dini mətnlərin tərcümə problemlərinə də toxunub.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və komprativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli farsdilli poeziya nümunələrinin Azərbaycan dilinə tərcüməsi zamanı ortaya çıxan problemlərdən söz açıb.

 

Misir Ərəb Respublikası Ayn Şəms Universitetinin dosenti Əhməd Sami Elaydi Azərbaycan və ərəb dilləri arasında tərcümə sahəsində mövcud vəziyyət barədə danışıb. O deyib ki, Azərbaycan tarixi, mədəniyyəti ərəb dilinə daha çox tərcümə edilməli və yayılmalıdır.

 

Sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Heybət Heybətov Qurani-Kərimin tərcümə tarixi barədə geniş məlumat verərək, müqəddəs kitabın tərcüməsində mövcud problemlərdən bəhs edib.

 

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı tərcümə prosesinin yersiz müdaxilədən uzaq olmasının vacibliyini vurğulayıb. Həmçinin tərcüməçinin tərcümə prosesində müəllifin yaradıcılığına tam bələd olmasının zəruriliyini, xüsusi sənətkarlıqla yanaşmasını diqqətə çatdırıb.

Xəbər lenti