Logo

UNEC-də qida və yüngül sənayenin inkişaf perspektivlərinə həsr olunan konfrans keçirilib

09.12.2020 17:18 660 baxış
IMG

UNEC-də  “Respublikamızda qida və yüngül sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda IV Respublika elmi-praktik konfrans keçirilib.

 

Konfransın açılışında UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi  departamentinin direktoru professor Zahid Məmmədov, artıq dördüncü ildir ki, ənənəvi olaraq keçirilən elmi-praktik konfransın əhəmiyyətindən danışaraq, ölkəmizdə bu sahələrin  inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

 

Plenar iclasda konfransın Təşkilat Komitəsinin məsul katibi, professor Rövnəq Rzayev keçirilən tədbirin aktuallığını vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, professor Tahir Əmiraslanov, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov, UNEC “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müdiri akademik Əli  Abbasov, “DADAŞ” tekstil MMC-nin baş direktoru,  Nəsimi Dadaşov və  Azərbaycan Texnologiya Universitetinin İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri, professor Fizuli Məmmədov məruzə ilə çıxış ediblər.

 

Konfrans öz işini bölmə iclaslarında davam etdirdi.

 

Dos. M.H.Məhərrəmovanın sədrliyi ilə keçirilən Qida sənayesinin aktual problemləri bölməsində  qida sektorunun ayrı – ayrı sahələrində istehsal zamanı meydana çıxan bir sıra problemlərin laboratoriya şəraitində aparılmış tədqiqatlara əsasən həlli yollarından bəhs edən geniş müzakirələr aparıldı. Burada, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu, fəxri turizm işçisi E.F. Məmmədovanın “Qastronomik turizmin azərbaycanda inkişafinin prespektivləri və problemləri”mövzusunda çıxışı dinləyicilər qarşısında xüsusi maraqla qarşılandı.

 

Prof. M.H. Fərzəliyevin sədrliyi ilə keçirilən Yüngül sənayesinin aktual problemləri bölməsində xüsusi ilə, qeyri – neft sektorunun inkişaf perspektivləri ilə əlaqədar prezident İlham Əliyevin proqram xarakterli tövsiyyələrindən irəli gələn elmi fikirlər və problemlərdən söhbət açdılar. Çıxış edənlər yüngül sənayenin aktual problemlərinə sistemli şəkildə yanaşmaqla, məmulatlarının hazırlandığı materialın xassələrindən, konstruksiyasından, texnoloji emalından, konstruksiyanın iqtisadi və texnoloji cəhətdən səmərəliliyi və digər amillərdən aslıliğinı elmi-tədqiqat nöqteyi nəzərdən araşdırmaq üsullarına əsaslanan fikirlər irəli sürdülər. Xüsusilə, UNEC Mühəndislik və tətbiqi elmlər kafedrasının əməkdaşları dos. İ.S. Rəcəbovun  “Termomexaniki analiz metodu ilə parçalarin xətti ölçü dəyişmələrinin tədqiqi” və baş müəllim N.R. Mahmudovanın “İplik boyama üçün istifadə olunan patron çeşitləri” mövzularında çıxışları dinləyicilərin böyük marağına səbəb oldu.

 

Prof. R.M.Rzayevin sədrliyi ilə keçirilən Texnoloji proseslərin müasir idarəetmə üsulları və təhlükəsizlik bölməsində isə yaşadığımız IV sənaye inqilabı mərhələsində sənayenin müxtəlif sahələrində innovativ yönümlü texnologiyaların tətbiqi prosesinin səmərəliliyini artırılması üsullarının araşdırılması, ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması məqsədi ilə qeyri neft   sahələrinin inkişafında xüsusi əhəmiyyətindən söhbət açıldı. Bu sahədə aparılan tədqiqat işlərinin əsas praktiki əhəmiyyəti aktual bir məsələ kimi,  yeni innovasiya yönümlü texnologiyaların istehsala tətbiqi prosesləri ilə əlaqədar elmi və nəzəri cəhətdən  əsaslandırılmasından, eləcə də inkişaf metodologiyasının hazırlanmasının vacibliyi vurğulandı. Xüsusi ilə, UNEC Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti,  İ.M. Seydəliyevin “Yüngül sənaye müəssisələrində keyfiyyət menecmentinin aktual məsələləri” mövzularında çıxışı maraqla dinlənildi.

 

Ümumilikdə, bölmə iclaslarında Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan   Kooperasiya  Universitetnin,  Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin, Moskva Milli Tədqiqat Texnologiya Universitetinin əməkdaşları, eləcə də Respublikanın bir sıra qida və yüngül sənayesi müəssisələrinin rəhbər işçiləri konfransın probleminə uyğun olaraq müxtəlif səpkidə maraqlı mövzularla çıxışlar etdilər və çıxışlar ətrafında maraqlı müzakirələr keçirildi.

 

Konfransın yekun iclasında qeyri neft sektorunun, xüsusilə qida və tekstil sənayesinin inkişafında əhəmiyyəti vurğulandı və Respublikanın ali məktəbləri ilə istehsalat müssisələri arasında elmi praktiki əməkdaşlığın möhkəmlənməsində belə tədbirlərin ənənəvi olaraq hər il keçirilməsi tövsiyyə olundu.

 

Konfransda xüsusilə qeyd olundu ki,  Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Böyük Qələbəsi nəticəsində Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi və ərazi bütövlüyümüzün bərpası daha bir vacib məsələni aktuallaşdırır. İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış infrastrukturun, eləcə də, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq sahələrinin  inkişaf etdirilməsi və bu sahələrin bərpası üçün elm adamlarının potensial imkanlarından və bu istiqamətdə verə biləcəyi töhvələrdən geniş bəhs edildi.

 

Təklif  olundu ki, bir sıra problemlərin, xüsusilə qida təhlükəsizliyi və yüngül sənaye məhsullarının keyfiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin gələcəkdə istehsalatla əlaqəli aparılması daha da gücləndirilsin. Növbəti konfransın tərkibi  adıgedən sahələr üzrə  mütəxəssislər hazırlayan təhsil müəssisələri (elm sahələri) işçilərinin və istehsalatda çalışan mütəxəssislərin iştirakı ilə daha da genişləndirilsin.

 

Konfrans UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanıb.

Xəbər lenti