Logo

BDU-da Qarabağ ruhu

10.12.2020 16:03 640 baxış
IMG

Qarabağlı fəxrlərimizin ruhu şad olur

31-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

 

Otuz birinci  yazımız Bakı Dövlət Universitetinin professoru olmuş Nəcəf Nazim İslam oğlu Quliyevlə bağlıdır.

Nəcəf Quliyev 10 mart 1922-ci ildə Füzuli rayonunda anadan olmuşdur. 1938-1941-ci illərdə Füzuli rayonunun “Araz”qəzetində məsul katib işləmiş, 1941-1944-cü illərdə İkinci dünya müharibəsində döyüşən orduda olmuş, cəbhədə iki dəfə ağır yaralanmış, ikinci qrup əlil kimi ordudan tərxis edilmişdir. Sonra 1944-1947-ci illərdə Füzuli rayonunda hərbi səfərbərlik şöbəsinin müdiri, 1947-1974-cü illərdə “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri olmuş, 1952-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1963-cü ildə aspiranturanı bitirmiş və 1982-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

 

Ədəbiyyatşünas Nəcəf Quliyev 1974-1988-ci illərdə Dağlıq Qarabağda Dövlət Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə prorektor, BDU-da professor, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-nin müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildən Yazıçılar İttifaqının üzvü olmuşdur.

 

Birinci və ikinci dərəcəli Vətən müharibəsi ordeninə, 13 medala, 2 dəfə Fəxri fərmana və “Ali məktəb əlaçısı” nişanına layiq görülmüşdür.

 

Professor Nəcəf Quliyev 2008-ci ildə vəfat etmişdir.

 

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Nəcəf Quliyevin dünyaya göz açdığı Füzuli şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbər lenti