Logo

“Gəldiyim yolla da geri döndüm” - bu dəfə Ağdama sarı

25.12.2020 18:49 541 baxış
IMG

Onunla tanışlığım 2019-cu ilin sentyabr ayında olmuşdu. Dərslərimiz oktyabrda başlasa da, biz də birinci kursların universitetlə tanışlıq görüşlərinə gəlirdik. Həmin günlərin birində bizə məlumat verdilər ki, fakültənin pedaqoji kollektivi və tələbələrlə birlikdə milli mətbuatımızın banisi, görkəmli ədiblərimizdən olan Həsən bəy Zərdabinin məzarını ziyarət edəcəyik.

 

Onu da deyim ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ənənə halını almış bu mərasim hər il keçirilir. Müqəddəs məkanda ilk dərs gününü belə başlayan tələbələr sanki gələcəkdə vicdanlı jurnalist olacaqlarına and içirlər. Məhz buradan başlayan jurnalistika məktəbi qarşısına jurnalist etikasına, onun fəlsəfəsinə sadiq fədakarlar, qələm sahibləri yetişdirməyi məqsəd qoyur. Həmin tədbirdə söz alıb danışanlardan biri də əziz müəllimimiz Akif Rüstəmov idi. Akif müəllim "Əkinçi"nin yaranma tarixindən söz açaraq, bizi bilmədiyimiz mətləblərdən agah etdi. Sakit təbiəti ilə diqqətimi çəkən Akif müəllimlə ikinci görüşüm də universitetdə oldu. Onda hələ qiyabilərin dərsləri başlamamışdı. Çox narahat idim. Tələbələrdən öyrənmişdim ki, birinci kurslara "Jurnalistikaya giriş" fənnini Akif müəllim tədris edir. Mən də tənəffüsdə müəllimə yaxınlaşıb, dərs vaxtı öyrənəcəyimiz mövzuları soruşdum. Etiraz etmədi, mənə ədəbiyyat siyahısını yazdırdı. Elə həmin gün kitabxanaya gedib, kitabları götürdüm. Sevinə-sevinə evə gəlib vərəqləməyə başladım. Oktyabr ayı idi. Dərslərimiz başlamışdı. Akif müəllim də bizə "Jurnalistikaya giriş" fənini tədris edirdi. Sessiyanın sonunda həmin fəndən test imtahanı verməliydik. Müəllim bizə imtahan bankındakı sualları verəndə artıq üzərimə düşən məsuliyyəti anlayırdım. Odur ki, bu suallar əsasında imtahana ciddi hazırlaşırdım. Bəzən universitetə gəlir, Akif müəllimi axtarır, tapa bilmədiyim sualların cavabını müzakirə edirdik. Bəzən də mənə öz şəxsi kitabxanasından kitab gətirir, qayğısını əsirgəmirdi. İmtahan günü yetişəndə çox həyəcanlı idim. Yadımdadır, bütün qrupumuzla qiyabi şöbəyə toplaşmışdıq. Qiyabi şöbənin metodisti Xalidə xanımın və müəllimimizin xeyir-duası ilə imtahan binasına getdik. İmtahan otağında göstərilən yerdə əyləşdim. İmtahan başladı, sualları cavablandırdım. Birdən komputerin kursoru hərəkət etmədiyini gördüm. Nəzarətçini çağıranda dedi ki, imtahan suallarını cavablandırmısan. İnanmadım. Axı, imtahan 5 dəqiqə idi ki, başlamışdı. 50 sualdan 45 suala doğru cavab yazmışdım. Həmin imtahandan 45 balla çıxdım, 92 balla A kateqoriyası qazandım. Beləliklə, ali təhsildə ilk uğuruma imza atmışdım. Sevincimin həddi-hüdudu yox idi. O qədər sevinirdim ki... Tez fakültəyə gəlib, Akif müəllimi tapdım. İmtahandan çıxdığımı görüb, nəticəni soruşdu. 45 suala doğru yazdığımı biləndə o da sevindi.

 

Mehriban, səmimi müəllimim yaddaşımda beləcə xoş xatirələrlə qaldı... İndi müasir texnologiyaların imkişafı dostlarımızın, müəllimlərimizin fəaliyyətini izləməyə imkan verir. Akif müəllim facebook sosial şəbəkəsində özünün bir sətirlik paylaşımları ilə həmişə diqqət çəkir. Günlərin birində erməni baş nazirin Şuşamızda Cıdır düzündə yallı getməsi haqqında bir sətirlik paylaşım etmişdi. Paylaşımdan hiss etdim ki, erməni baş nazirin bu addımı müəllimimizi xeyli mütəssir edib... Onun paylaşımlarımdan həmişə vətən həsrəti duyulur. Hər bayatısının zümzüməsindən intizar, həsrət süzülür: Keşkə dərviş olaydım Qızıl, gümüş olaydım Ayda bir, həftədə bir Ağdamı görmüş olaydım. Kim bilir bəlkə elə sakit təbiətinin özü də bir sehrdir Akif müəllimin. Axı o səsizlik içində hərdən öz-özünə nəsə pıçıldayır. Çox vaxt dilə gətirməsə də vətənin həsrətinə ürəyində yanır. Əgər belə olmasaydı, esselərinin birində xəyalən o yerlərə «səyahət» etməzdi.

 

“Qoynuna gəlmişdim. Qorxa-qorxa, ürkə-ürkə. Nələr gördüyümü dildə demək çətindir, gözünlə görəsən gərək. Uzundərədən keçib Ətyeməzliyə çatdm. Hər tərəf xarabalıq, kimsəsizlik. Məndən 50-60 metr aralıda üç-dörd erməni dığasını gördüm. Deyib-gülürdülər. Elə bil, mənə acıq verirdilər. Sizdən nə gizlədim, bədənimə üşütmə gəldi, birdən məni görərlər, yavaşca kolun arxasında oturub gözlədim. Dığalar oradan uzaqlaşan kimi, partladılmış avtovağzalın yanından keçib şəhərin mərkəzinə üz tutdum. Bazara çatdım. Ticarət mərkəzindən əsər-əlamət qalmamışdı. Onunla üzbəüz bazarın girəcəyində mənim sinif yoldaşım Nizaminin univermağı, elə bil, yerli-dibli yox idi. Yerində bir yığın daş topası vardı. Allah Nizamiyə qəni-qəni rəhmət eləsin. Bazardan çıxıb tindəki aptekin - Tələt aptekin - qarşısındakı bağa girdim. Bir vaxtlar burada Cahidin çayxanası vardı. İndi nə çayxana var, nə də Cahid. 7-ci sinfə kimi oxuduğum 1 nömrəli məktəbə həsrətlə baxdım. Məktəbin divarları güllələrdən deşik-deşikidir. "Çay evi"nin yerində lövhədən başqa heç nə gözə dəymirdi. Məscidin minarələri də pis gündə idi. Divarlar erməni dilində yazılarla doluydu. Mərkəzi univermaqda girov düşmüş qadınlar əli silahlı ermənilərin nəzarəti altında maşına nəsə yükləyirdilər». İllərin o tayından bir ev boylanırdı, ona sarı. Könülü uşaqlığında, əlçatmaz, ünyetməz arzularında qalan müəllimim evlərinə «yollanır»: «Bulvarın o biri başından çıxıb, xarabalığa dönmüş evlərin arası ilə gedib öz evimizə baş çəkdim. Evimiz Füzuliyə gedən yoldakı körpünün, Yolçunun dükanının yanında, Qobu çayının sahilində idi. O ki var xısın-xısın ağladım, gəncliyimin şahidi olan həyət-baxçaya ürəkağrısı ilə baxdım. Əyilib bir ovuc torpaq götürdüm, hər ehtimala qarşı, dedim bəlkə, lazım oldu, bir də gəlmədim». Akif müəllimin essesi maraqlı sonluqla bitirdi: “Gəldiyim yolla da geri döndüm. Ətyeməzliyə çatanda bir dönüb geri, Ağdama həsrətlə baxdım. Və nə gizlədim, hönkür-hönkür ağladım. Sonda sözüm ağdamlılaradır. Ey ev-eşiyi dağılmış ağdamlı qardaşlarım! Bilsəm ki, bu yazını oxuyanda az da olsa gözlərin doldu, o cənnət məkan yadına düşdü, demək, Ağdama olan məhəbbətin ölməyib, hələ yaşayır. Bu da o deməkdir ki, sizin və ordunun köməyilə Ağdama qayıdacağıq, bütün Qarabağı düşmən tapdağından xilas edəcəyik. Mütləq qayıdacağıq!”

 

Bəli, Akif müəllim. Biz qayıtdıq. Doğma Ağdamımıza qayıtdıq. Şuşamıza qayıtdıq!!! Daha o yerləri qorxa-qorxa, ürkə-ürkə xəyalınızda gəzməyəcəksiniz. Etdiyiniz dualar qəbul oldu. Tanrı səsisnizi eşitdi. Axı siz sentyabrın 28-dən başlayan Vətən müharibəsində əsgərlərimizə ziyalı duası edir, tanrıdan onlara güc-qüvvət arzulayırdınız... Noyabr ayının 8-də Şuşanın işğaldan azad olunması münasibəti ilə təbrik etdiyim müəllimlərim arasında siz də var idiniz... Həmin gün siz də sevinc göz yaşlarına qərq olmuşdunuz... Fakültəmizdə Akif müəllimi bütün tələbələr çox sevir, ona ehtiram, hörmətlə yanaşırlar. Tələbələrindən biri Əsgər İsmayılov onu belə xarakterizə edir: “Akif müəllim yorulmaq bilmədən öz biliyini çatdıran əsl alimdir! Müəllim tələbə dostluğuna sadiq, bacardığı qədər ətrafı üçün yorulmaq bilmədən çalışan fədakar insandır”. Bizim Akif müəllimimiz! Sizə tanrıdan cansağlığı, uzun ömür arzulayırıq. İnşallah, bütün tələbələrinizlə Qarabağda, Ağdamda, Şuşada görüşək.

 

Dilşad Xaqaniqızı,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti