AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin əsasını qoyan Pənahəli xan Cavanşirin (1693-1763) başdaşının bərpadan sonra ictimaiyyətə təqdimatı olub.
Tehsil.biz xəbər verir ki, təqdimat mərasimində muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı çıxış edib. N.Vəlixanlı bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq muzey Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər keçirir.
Qeyd olunub ki, muzeydə Qarabağ, o cümlədən Şuşa şəhərinin tarixi və mədəniyyəti ilə bağlı zəngin kolleksiya toplanıb. Kolleksiyaya daxil olan eksponatların tarixçələrinin öyrənilməsi, onların tədqiqi, təmiri və bərpası üçün böyük səy göstərilib.
Pənahəli xan Ağdamın İmarət qəbiristanlığında dəfn edilmiş, orada qəbri üzərində türbə inşa olunmuşdu. Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilib, muzeyə verilib. Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında müasir vasitə və üsullardan istifadə etməklə başdaşı üzərindəki yazı və naxışlara xələl yetirmədən təmizlənib, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub. Zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.
Eyni zamanda, zalda Qarabağ və Şuşa tarixi ilə bağlı digər nadir eksponatlar - üzərində Qarabağda zərb edilməsi barədə yazı olan XIV əsrin gümüş pulu, Qarabağ xanlığının pulları, Şuşa qala qapılarının iki gümüş açarı, İbrahimxəlil xanın (1763-1806) hakimiyyət rəmzi olan şeşpəri, nadir sənəd, foto və rəsmlər, musiqi alətləri, şair Molla Pənah Vaqifin məqbərəsi inşa edilən zaman tikinti yerində aşkarlanan gil qab və s. nümayiş olunur.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Alim Azərbaycan Milli Elmilər Akademiyasında “Şuşa İli” ilə əlaqədar mühüm tədbirlərin təşkil olunduğunu deyib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət, şanlı Ordumuzun gücü, qüdrəti ilə Vətən müharibəsində qazandığımız Böyük Zəfərin sonsuz qürur hissi doğurduğunu bildirib.
G.Baxşəliyeva muzeydə aparılan tədqiqatların əhəmiyyətindən bəhs edib.
Sonra tədbir iştirakçıları eksponatlarla tanış olublar.