Logo

“Müasir çağırışlara cavab verən “Media haqqında” Qanuna ehtiyac var idi”

27.06.2022 16:29 458 baxış
IMG

“Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını və özünüifadəsini daim dəyişir. Bu gün biz XIX əsrlə XX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XXI əsr jurnalistikasında da o qədər yeniləşmənin şahidiyik. Bu, seçilmə getdikdə daha qabarıq şəkildə özünü göstərir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, onun fəlsəfəsinə baxış dəyişir. Əslində son illərdə aparılan media islahatlarının ən vacib komponenti kimi dəyərləndirilməli olan yeni Qanun məhz, həm də müasir çağırışları əks etdirən sənəd kimi səciyyələndirilməlidir”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu deyib. Ekspert qeyd edib ki, qanunda media subyektlərinin dəqiq təsnifatının verilməsi çox mühüm məsələdir:

“Bu mənada tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilməsi də vacib xüsuslardan biri kimi qeyd oluna bilər. “Media haqqında” Qanun bir tərəfdən bu günə qədər qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri tənzimləyir, digər tərəfdən isə artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir. “Media haqqında” Qanun həm də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması baxımından da qiymətləndirilməlidir”. 

V.Zifəroğlu əlavə edib ki, hələ yaxın keçmişdə, on il bundan əvvəl indiki qədər ümumilikdə beynəlxalq jurnalistika üçün ciddi problem olmayan məqamlar, indi ən çox müzakirə olunan, prioritet, həlli üzərində müzakirələr aparılan məsələlər kimi aktualdır:

“Məsələn, biz bu gün artıq “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, “kütləvi dezinformasiya axını”, “rəqəmsal faşizm” kimi problemlərdən danışırıq. Bütün bu yeni və aktual olan problemlər, heç şübhəsiz ki, bu və ya başqa dərəcədə media ilə bağlı qanunverilik aktlarında öz əksini tapmalıdır. Media savadlılığı məsələsi də ilk dəfə olaraq qanunda öz əksini tapır. Bu məsələ dünya ölkələrində, o cümlədən Türkiyədə prioritetdir. İnformasiya ilə iş prinsipinin müəyyənləşdirilməsi isə ayrı-ayrı media quruluşları arasında sağlam rəqabəti təmin edəcək. Həmçinin beynəlxalq təcrübədəki müxtəlif məqamların qanuna salınması öz müsbət nəticəsini verəcək”.

“Ümumiyyətlə, media-dövlət, cəmiyyət-media münasibətlərinin tənzimlənməsi baxımından da qanunun əhəmiyyətini vurğulamaq yerinə düşərdi. Unutmaq olmaz ki, Qanun qarşılıqlı münasibətləri tənzimləyən bir hüquqi aktdır. Bu mənada onda bütün maraqlar nəzərə alınmalıdır. Burada yalnız jurnalistlərin deyil, eyni zamanda bizim jurnalist olaraq bilgiləndirməklə, maarifləndirməklə, ictimai nəzarəti həyata keçirməklə xidmət etdiyimiz cəmiyyətin də maraqları təmin olunmalıdır”. 

“Əslində media sahəsində son illərdə aparılan islahatlar, müşahidə olunan müsbət dəyişikliklər, media qurumlarının, o cümlədən media subyektlərinin də fəaliyyət və hüquqlarının müəyyənləşdirilməsində, eləcə də media mənsublarının fəaliyyət azadlığı, jurnalistin peşə fəaliyyətinin təmin olunmasının hüquqi təminatını yaradan yeni qanunun qəbulunu, Azərbaycan mediasının inkişafa və yeni çağırışlara hazır olmasını hədəfləyən bir proses kimi qiymətləndirmək olar”, -deyə V.Zifəroğlu fikirlərini yekunlaşdırıb.

Xəbər lenti