Kulis.az Rəvan Cavidin “Sıfırlar, birlər və ədəbiyyat” yazısını təqdim edir.
Üç il qabaq İlon Mask yeni ixtirası haqqında mətbuata açıqlama verdi. İnsan beyninə yerləşdiriləcək olan çiplər bir neçə saniyəyə çip sahibinə yeni dil öyrədəcək, tanış olduğu insanların kimlikləri ilə bağlı məlumatlar verəcək, düşdüyü situasiyada psixoloji testlərlə ona yardım edəcək. Ən önəmlisi isə bu çiplər yaddaş kartı vəzifəsini də daşıyacaq və biz istənilən vaxt istənilən tarixdə başımıza gələnləri oturub izləyə biləcəyik.
Məşhur “Google” şirkətinin yaradıcıları isə insanla bütün ölçülərdə rəqabətə girə biləcək robotların və eyni zamanda əyləncə sektorunda bütün parametrlərlə insanı əvəzləyə biləcək proqramların istehsalına bu ilin sonundan başlayacaq.
Bu tenologiya xəbərlərinə bənzəyən abzasları ona görə yazıb xatırlatdım ki, baş verəcək hadisələr ədəbiyyatdan, xüsusən də sosial şəbəkələrin, internet platformalarının, müasir kino və serial sektorunun təsirindən deformasiya olmuş roman sənətindən yan keçməyəcək. İyirmi birinci əsrin əvvəlində ədəbiyyatın daha lakonik, daha sürətli informasiya ötürən və ən əsası daha absurd situasiyaları təsvir edən janrlarının meydana çıxması yuxarıda danışdığımız məsələnin artıq gerçəkləşdiyini sübut edirdi. Cəsur yeni dünyanın cəsur yeni ədəbiyyatı yaranmışdı. Sonuncu postmodernistlər nəsli sayılan (Ekoya görə) 2004-2005-ci illərin ədəbiyyat nümunələri can verməkdə olan ironiya, sarkazm, dekonstruksiya üzərində qurulmuş mətnlərin artıq oxucu üçün maraqlı olmadığını, bu kimi fəndlərin çoxdan dəbdən düşdüyünü elə həmin illərin uğursuz romanları ilə isbat etdi. Dünya getdikcə daha da sürətlənir, ədəbiyyatın vəzifələri kiçilir, ən əsası isə klassik mövzuların sonuncu renessans dövrü də bitməkdəydi.
Bu günün dünyası danışmaqdan, əhvalat söyləməkdən, uzun-uzun xəyallara dalıb xatırlamaqdan çox görüntünü, hiss edəcəyi effektləri sevir. Kino industriyasının günü-gündən inkişafı və şəkildəyişməsi, izləyiciyə daha səmərəli və əlçatan olması buna bariz nümunədir. Hətta bu sahə də özü öz müstəvisində yenilənir. Keçən əsrin kinoteatr mədəniyyəti bu gün internet yayını ilə (İMDB) “öldürülür”. Əvvəllər bu cür saytlar müstəqil fəaliyyət göstərirdisə, bu gün onlar telekanallarla birgə çalışır. Bu da daha böyük izləyici selinin qarşısında dayanmağa onlara yardım edir. Bir neçə il əvvəl Türkiyədə RTÜK (Radyo ve Televizyon Üst Kurulu)-un ölkədə Netflix, BluTV, PuhuTV kimi şəbəkələrə nəzarət qanununu çıxarması vəziyyəti həm yaxşılaşdırdı, həm də bərbad hala saldı. Yaxşılaşdırdı, ona görə ki, bu nəzarət qanunu televiziyalarla adını çəkdiyim şirkətlərin birgə iş görməsini asanlaşdıracaq və daha çox layihələrin mavi ekranlara çıxacağına ümid yaradacaq. Bununla da orta yaşlı və yaşlı nəsil də müasir dünyaya inteqrasiya edə biləcək. Tamamilə ironiyadan uzaq yazdım. Nəsillər arasındakı anlaşılmazlığın bir səbəbi də informasiya mənbələridir.
Vəziyyəti bərbadlaşdıracaq, ona görə ki, bu yayın şirkətləri öz azadlıqlarını, sənət konteksində sərbəstliklərini rəsmi televiziya qayda-qanunlarına uduzacaqlar. Təsəvvür edin, Netflixə baxırsınız, qəhrəmanlardan biri söyüş söyür və arxadan siqnal səsi. Gülməli və kədərlidir.
Deyəsən, mövzunun məcrası dəyişdi. Qayıdaq ədəbiyyata.
Yeni dünaynın yaratdığı ədəbi standartlar sistemi var. Bu günün romanı uzun təsvirlərdən, sentimental hadisələrdən arınmış haldadır. Yenə çox uzaq olmayan keçmişdə məşhur İsrail yazıçısı Etqar Keretin müsahibəsini oxuyanda diqqət etdiyim nüans bu idi. Keret deyir (ya da yazır):
“Real həyatda düzgün yaşamasanız, həbsə və ya ruhi xəstəxanaya düşmə ehtimalınız var. Amma yazıda hər şey sərbəstdir. Əgər hekayədə cazibəli bir obrazınız varsa, onu öpün. Yox, əgər nifrət etdiyiniz bir obraz varsa, atəş edin ona. Əgər iş yazmağa gəldisə, klaviaturanın bir düyməsi ilə planetləri yox edə bilər, sivilizasiyaları yer üzündən silə bilərsiniz. Bir saat sonra isə alt mərtəbədəki qonşunuzla qarşılaşar, ona salam verərsiniz”
Reallıq yazıçıya heç nə verə bilməz, mütləq nələrsə uydurulmalıdır. Ən dəhşətli həyat hekayəsi də mətn üçün yaxşı xammal deyil. Təxəyyül və bədii düşüncə müasir dünyanın “vuran əlidir”. Rüşdinin romanlarını oxuyanda yorulmadan bircə cümləni təkrarlayıram: “Rüşdinin təxəyyülü sonsuzdu, uzundıqca uzanır”. Bu da adamı yormur və mətnin estetik dəyərini artırır. Antik dünyanın təxəyyül elementləri dini hekayələr, miflər idisə, bu günün məhsulları da məhz o miflərin və dini əhvalatların konstruksiyası üzərində qurulur. Oxucunu həyəcanlandırmağın çətin olduğu bu dövrün ədəbiyyatı mütləq onda “necə ola bilər?” sualını doğurmalıdır, əks halda üç yüz səhifəlik kitabı yüzüncü səhifədə tərk edib gedəcək.
Sosial şəbəkələrin yaratdığı ədəbi kriteriyalar da mövcuddur. Gündəliyi xatırladan şəxsi profillərimizdə bəzən özümüzün də sonralar fərqinə vardığımız mükəmməl detallar yüz-yüz əlli bəyənmə ilə adi status kimi görünür. Yenidən o paylaşımlara baxanda mini esse oxuyurmuşuq kimi təəsürüt yaranır. Dünyada bu cür esselərə “sms-esse” adı verilib. Məktubların tarixə qovuşduğu illərdə, elektron poçtun daha sərfəli ünsiyyət vasitəsinə çevrildiyi gündən məişət dialoqları da ədəbi müstəviyə keçdi, təbii ki yaradıcı insanlar üçün. Dəyişən bircə şey var idi; yazıçılar öz arxivlərini daha rahat formada yaradırdılar. Bu gün “göndərilmişlər” siyahısında nə qədər dəyərli materialın olduğuna bir neçə il sonra diqqət edəcəyik.
Markez yazmağın xatırlamaq olduğunu deyirdi. Nəyi xatırlayırıqsa, onu yazırıq. İlon Maskın son ixtirasından sonra Markezə bir qədər şübhə ilə yanaşmağa başladım. Çünki təxminən otuz-qırx il sonra xatırlamaq feili öz anlamını itirəcək. Yaddaşımız bütün materialları depolar şəklində müəyyən zaman periodunda bizə göstərəcək. Yəni, unudacağımız bir şey, bir kəs qalmayacaq.
Mədəni inqilabın ən pik həddini yaşayan dünyada ədəbiyyat yenə gərəkli, yenə dəbdə olacaq. Başqa üslubda, başqa mövzularda, başqa imzalarda. Heç bir texnoloji cihaz, süni beyin fərdin təkliyini, tənhalığını aradan qaldıra bilməyəcək. Sosiallaşan dünyada hamı tək qalır. Təkliyin ən yaxşı yoldaşı isə ədəbiyyatdır. Dəyişməyən bircə şey var; adamlar Marsda da olsa, tənhalıqlarını Kafka ilə, sevgilərini Prustla bölüşməkdən həzz alacaqlar.