Logo

“Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış" - FOTOLAR

20.09.2022 21:25 315 baxış
IMG

“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda panel iclaslarla işini davam etdirib.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan konfransın üçüncü paneli “Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış” mövzusuna həsr olunub.

Panel müzakirəsi başlamazdan əvvəl "BeNear" şirkətinin təsisçisi və baş icraçı direktoru Lyudmila Livertovski “Mədəniyyət iqtisadi inkişafın mühərriki kimi” mövzusunda çıxış edib.

Daha sonra panel müzakirəsinə başlanıldı. İlk olaraq konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis Tal Katran çıxış edərək qonaqları təqdim edib.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov çıxışında deyib ki, təmsil etdiyi qurumda yaradıcı sənaye və digər sahələrlə bağlı araşdırmalar aparılır: "Mərkəz olaraq ölkə başçısının iyul ayında təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Srategiyası"nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcəyik. Monitorinqin nəticələri ilə bağlı hesabatlar hazırlanacaq. Proqramların monitorinqinə peşəkar yerli və xarici ekspertlər də cəlb olunacaq".

İnvestisiya məsləhətçisi, şəxsi kapital mütəxəssisi Rahul Yadav bir sıra şirkətlərlə əməkdaşlıqlarının olduğunu söyləyib: "Həmin şirkətlərin özləri müxtəlif inkişaf mərhələlərindədir. Biz çalışırıq ki, startaplar üçün sürətlə inkişaf edə biləcək maliyyə vasitələri tapaq".

Maliyyə və davamlı inkişaf məqsədləri mütəxəssisi Karl Rheinberger Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu vurğulayıb.

Daha sonra Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Təbriz Əliyev "Azərbaycanın mədəniyyət sektorunun iqtisadi artıma təsirini formalaşdıran amillər", Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev isə "Qarabağ iqtisadiyyatının mədəni sahələrinin səmərəli formalaşdırılmasında və idarə edilməsində rəqəmsal transformasiya məsələləri" mövzularında təqdimatlarla çıxış ediblər.

Xəbər lenti