Öz-özüylə danışan insanlar dəlidirmi?
Bəzən özümüzü, bəzən də başqalarını öz-özünə danışarkən görürük, təəccüblənir və hətta narahat oluruq: Görəsən, dəli oluruq?
Bu mövzuya olduqca həssas yanaşan biri kimi cavab vermək istəyirəm: Xeyr! Hər öz-özünə danışmaq dəlilik deyil. Öz-özünə danışmaq qəribə görünə bilər. Çünki, adətən belə insanların ruhi xəstə olduğunu düşünürük. Halbuki, özlüyündə ucadan danışmağın yaddaş, əminlik, diqqət və s. kömək etdiyi ilə bağlı araşdırmalar artmaqdadır.
Duyğularını yaşayan uşaqlar, emosiyaların idarə olunmasında yetəri qədər uyğun olmadıqları zaman, yəni qəzəbli, həyəcanlı və ya xoşbəxt olduqları zaman sıx şəkildə öz-özlərinə danışırlar. Çünki onlar emosional ehtiyaclarının dərhal qarşılanmasını istəyirlər. Əgər bu hissləri bölüşəcək biriləri yoxdursa, bunu özləri ilə bölüşürlər.
Uşaq zamanla öz ehtiyaclarını düşünərək danışmağa başlayır və öz-özünə danışıq davranışını yerə, məkana və zamana uyğun tənzimləməyə çalışır. Cəmiyyətin dəyərlərinə, adət-ənənələrinə, əxlaqına uyğun olaraq bütün ehtiyaclarını ödəməyə çalışır. Ona görə də uşaq böyüdükcə öz-özünə danışıq davranışı azalır, amma yox olmur. Böyüyəndə öz-özünə danışmağa davam edən insanlar dəli deyillər, ancaq tənha ola bilərlər. Tənha insanlar öz daxili səslərini, öz hiss və düşüncələrini başqalarından daha çox dinləyən insanlardır.
Sosial insanlar danışdıqları zaman qulaq asacaq adam tapmaqda çətinlik çəkməsələr də, tənha insanlar tək dinləyicidir. Üstəlik, bu davranışı idarə edə biləcəklərinin fərqindədirlər. Ünsiyyət insanın sosial aspektinin inkişafı üçün əvəzsiz davranışdır. Yalnız ünsiyyət quraraq insanlar özlərini doğru yerdə, doğru insanlara, düzgün şəkildə ifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər. Ancaq narahatlıq pozuqluğu və ya sosial fobiya kimi bəzi əhval pozğunluqları səbəbiylə ünsiyyət qurmaqda çətinlik çəkən insanlar üçün bu səssizlik beynin qəbul edə bilməyəcəyi bir davranışdır. Bu insanlar ictimai yerlərdə danışmamaq və ya ünsiyyətdən qaçmaq üçün özlərinə çox təzyiq göstərirlər. Özlərini təcrid etdikləri ilk yerdə, ünsiyyət ehtiyaclarını qarşılamaq üçün öz-özünə danışmağa başlaya bilərlər. Belə insanların ünsiyyətdən qaçması onların danışacaq heç bir şeylərinin olmadığı anlamına gəlmir. Əksinə, bu insanların havadan, sudan, gündəmdən, siyasətdən, təhsildən, münasibətlərdən və bir çox şeylərdən danışmaq üçün hər bir insan kimi həm biliyi, həm də sözü var. Ancaq problem həll
etməli olduqları emosional vəziyyətlərdədir.
Öz-özünə danışan insanlar, danışmadan düşündükləri kimi davranan insanlardan daha çox özünü idarə edən sayılırlar. Çünki bu insanlar qəzəbin dağıdıcı təsiri altında sözünü kiməsə yönəltmək əvəzinə özlərinə danışaraq heç kimə zərər vermədən hirslərini idarə edirlər. Məsələn, tıxacda təhqiredici səs siqnalı verən avtomobilin sürücüsünə hücum etmək əvəzinə, qəzəbini maşında öz-özünə mızıldanaraq çıxara bilər. Beləliklə, o, heç kimlə döyüşmədən maşını sürməyə davam edə bilər.
Bu nümunədən göründüyü kimi, bəzən öz-özünə danışmaq emosional partlayışın qarşısını almaq üçün yaxşıdır. Ümumiyyətlə, stressdən çıxmağın müxtəlif yolları var və buna beynin müdafiə mexanizmi deyirlər. Bəzən kimisi istirahətə getməklə, kimisi yatmaqla, yaxud hansısa bir məsələni zarafata salmaqla stressdən qurtulmağa çalışır. Elə hallar da olur ki, kimsə bunu öz-özünə danışmaqla edir... Məncə, bu halı dəlilik və ya xəstəlik hesab etmək düzgün olmaz. Normal olmayan hərəkətlər xəstəlik əlamətləri deyil. Təbii ki, öz-özünə danışmaq hamıya xas xüsusiyyət deyil, amma kiminsə öz-özünə danışmağı onu xəstə və ya dəli adlandırmağa əsas vermir. Sadəcə, beyin yaranmış olduğu
situasiyalardan, problemlərdən qurtarmaq üçün insana sanki danışması üçün bir siqnal ötürür.
Lumu Zülfüqarova
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi