Logo

BMU-da qış tətilində tələbələr üçün İT üzrə “Bootcamp” - FOTO

07.02.2023 12:42 300 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) qış tətilində tələbələrin informasiya texnologiyalarının (İT) müxtəlif sahələrini daha yaxşı mənimsəməsi üçün əlavə imkan yaradılıb.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, bu istiqamətdə artıq 6 ildir icra olunan “Bootcamp 6.0” layihəsinə I və II kurs tələbələri cəlb ediliblər.

Cari ildə qeydiyyatdan keçən 70-dən artıq tələbə arasından 35 nəfəri layihə çərçivəsində dərslərə qatılmaq imkanı qazanıb. Müxtəlif kriteriyalar əsasında seçilən tələbələr müəyyən sahələr üzrə keçirilən dərslərdə öz bilik və bacarıqlarını artırmaq imkanı qazanıblar. Layihənin əsas məqsədi də məhz gələcəyini İT sahəsində davam etdirmək istəyən şəxslərə əlavə biliklərin öyrədilməsidir.

Layihədə diqqət çəkən məqam dərslərin BMU-nun öz üzərində çalışaraq, müvafiq təcrübəyə malik olan yuxarı kurs tələbələri tərəfindən ödənişsiz keçirilməsidir. Digər maraqlı məqam isə layihənin hər il əvvəlki ilin iştirakçıları tərəfindən davam etdirilməsidir.

Tələbələr üçün dərslərlə yanaşı, “Google Meet” üzərindən görüşlər də təşkil olunur. İştirakçılar İT-nin müxtəlif sahələrində təcrübəsi olan, işləyən şəxslərlə görüşüb, əlavə məlumat ala, suallara cavab tapa bilirlər. Bundan əlavə, tələbələrin sosial inkişafı məqsədilə dərslərarası fasilədə müxtəlif oyunlar oynanılır və nitq bacarıqlarının inkişaf etdirilməsinə çalışılır.

İştirakçılara layihə müddəti ərzində SQL, kibertəhlükəsizlik, Java SE, Android (Java), “Fron-End” (giriş), “Advanced Front-End” və “Kotlin”' kimi sahələr tədris olunur. Həmçinin layihəyə cəlb olunan qonaq mütəxəssislər Data analitikası, “Back-End development”, kibertəhlükəsizlik, “Product management”, “Pentest”, ML və AI, “Devops”, IT-də soft bacarıqlar və qrafik dizayn sahələri üzrə öz təcrübələrini bölüşürlər.

Qeyd edək ki, hər il İT üzrə “Bootcamp” bitdikdən sonra tələbələrdən gələn müsbət rəylər, onların növbəti illərdə təşkilatçı kimi iştirak etmək istəmələri layihənin səmərəli, effektiv olduğunun göstəricisidir. Eyni zamanda layihəyə qatılmış bir sıra tələbələr artıq tanınmış şirkətlərdə İT-nin müxtəlif sahələri üzrə təcrübə proqramlarına qoşulub, işləməyə başlayıblar.

Xəbər lenti