Logo

Kim bu nağılları oxusa, bədbəxt olacaq - Xəyanət, ehtiras və gizli otaq

22.06.2024 20:24 340 baxış
IMG

Kulis.az "101 gecə" nağılları haqqında Həmid Piriyevin "Gizli otaq" adlı yazısını təqdim edir.

Şərqdə inanırdılar ki, kim “Min bir gecə”ni oxusa, həmin il başına bəla gələr. Yəqin, buna görə “Min bir gecə” nağılları uzun müddət əlyazma şəklində qalıb. Ta ki, XVIII əsrdə fransız səyyah Antuan Qallan əlyazmanın versiyalarından birini tapıb fransızca çap etdirənə qədər. “Min bir gecə”nin orijinal çapları isə bir əsr sonra gerçəkləşib – XIX əsrdə. Əvvəl Hindistanda, sonra Qahirədə və Beyrutda.

Amma demək lazımdır ki, “Min bir gecə” Qərbdə daha çox məşhurlaşıb və tədqiq edilib, nəinki Şərqdə (Borxesin də sevimli kitablarından biri olub).

Şərqdə buna da inanırdılar ki, hər kim bu nağılları gündüz vaxtı danışsa, uşaqları cüzam xəstəliyinə tutular. Yəqin, buna görə “Min bir gecə”nin sələfi olan “Yüz bir gecə” nağılları düz XX əsrə qədər əlyazma şəklində qalıb və yayılmayıb. Fransız şərqşünas Qodfrua-Demombin 1911-ci ildə “Yüz bir gecə”ni fransızcaya tərcümə edib çap etdirməsəydi, çox güman, indiyə qədər də gizli qalacaqdı.

Əslində, “Yüz bir gecə”nin tapılan beş əlyazmasının hamısı XVII əsrdən sonraya aid idi. Bu səbəbdən onu “Min bir gecə”nin kiçik qardaşı kimi qələmə verirdilər. Amma alman araşdırmaçı Klaudia Ottun 2010-cu ildə Almaniyada 1234-cü ilə aid “Yüz bir gecə” əlyazmasını tapması ilə daşlar yerinə oturdu. Bu əlyazmanın müəyyən yerləri silinsə də, ümumilikdə oxunaqlı vəziyyətdə idi. Amma səksən beşinci gecədən sonrası itmişdi. Klaudia Ott əsərin çatışmayan hissələrini digər əlyazmalardan köçürüb hazırladı.

“Yüz bir gecə” “Min bir gecə”nin sələfi olsa da, onun qısa versiyası deyil. Giriş hissəsi də daxil olmaqla, “Yüz bir gecə”dəki nağıllar tamam başqa əhvalatlardır. Şəhriyar Hindistanın şahı olsa da, qısalığı və kəskinliyi ilə diqqət çəkən nağıllardakı hadisələr, əsasən, Əndəlusda və ətraf bölgələrdə cərəyan edir.

Həm də, “Yüz bir gecə”ni danışan məxsusi bir adam var. O, özünü filosof Faharayis (və ya, filosof Fahdas) kimi təqdim edir. Nağıllar isə Şəhrizada məxsusdur. Hindistandan, İrandan durub Çiçəklər ölkəsi və Barbarlar vadisindən keçərək, Afrikaya və Əndəlusa aparan yollardan, xəyanət və ehtirasla dolu eşq macəralarından, ağzından alov püskürən əjdahalar və amazonlarla döyüşən cəngavərlərdən danışan nağıllar.

Beşinci gecənin nağılında cavan qız sevgilisinə deyir: “Yeddi gün burada olmayacağam, sarayda istədiyin kimi gəzə bilərsən, ancaq təkcə bir otaq var ki, ora girmək olmaz. Heç yanına da yaxınlaşa bilməzsən”.

“Yüz bir gecə” bütünlükdə həmin gizli otağı xatırladır.

Görəsən, o otaqda nə var?

Xəbər lenti