Logo

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir

30.12.2025 12:52 32 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi kimya elmləri doktoru Kamran Mahmudovun “Zəif qarşılıqlı təsirlər” mövzusunda elmi seminarı keçirilib.

BDU-dan bildirilib ki seminarda hidrogen, halogen, xalkogen, pniktogen, tetrel və triel rabitələri, eləcə də kation-π, anion-π, π-π, n-π*, aqostik, pseudo-aqostik, anaqostik, dispersiya və lipofil qarşılıqlı təsirlər kimi qeyri-kovalent əlaqələrin biokimyəvi proseslərin və materialların əsasını təşkil etdiyi vurğulanıb. Qeyd olunub ki, keçid mərhələlərini və intermediatları stabilləşdirən bu qarşılıqlı təsirlər kimyəvi reaksiyaların selektivliyini və katalitik proseslərin istiqamətini müəyyən edir.

Bildirilib ki, hidrogen rabitəsinin sintez və katalizdə rolu geniş şəkildə öyrənilsə də, halogen, xalkogen, pniktogen, tetrel və triel rabitələri kimi yeni tip zəif qarşılıqlı təsirlər sintetik kimyada hələ kifayət qədər tətbiq olunmayıb.

Məhz bu baxımdan seminar çərçivəsində zəif qarşılıqlı təsirlərin sintez, kataliz, kristal mühəndisliyi və metal-üzvi şəbəkələrin tətbiqində rolu ətraflı müzakirə edilib.

Tədbir zamanı Kamran Mahmudovun beynəlxalq elmi fəaliyyətinə də toxunulub. O, nüfuzlu beynəlxalq konfranslarda əsas və dəvətli məruzələrlə çıxış edir, Avropanın aparıcı elmi mərkəzlərində mühazirələr oxuyur, həmçinin “Coordination Chemistry Reviews”, “CrystEngComm”, “New Journal of Chemistry” və “Physical Chemistry Chemical Physics” kimi yüksək impaktlı jurnallarda xüsusi buraxılış və tematik kolleksiyaların qonaq redaktoru kimi fəaliyyət göstərir.

Qeyd edilib ki, alim professor Cüzeppe Resnatinin 70 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış və tematik kolleksiyaların hazırlanmasında iştirak etməklə, zəif qarşılıqlı təsirlərin terminoloji standartlaşdırılması, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının (IUPAC) tövsiyələrinin formalaşdırılması istiqamətində mühüm töhfələr verib.

Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, geniş sual-cavab və müzakirə aparılıb. Bu müzakirələr zəif qarşılıqlı təsirlərin həm fundamental, həm də tətbiqi aspektlərinin daha dərindən anlaşılmasına imkan yaradıb.

Xəbər lenti