Azərbaycan çoxəsirlik tarixində ən qüdrətli dövrünü yaşayır. Balanslı və uzaqgörən siyasət nəticəsində ölkə yalnız regionda lider mövqe qazanmayıb, eyni zamanda, qlobal səhnədə vacib aktor kimi tanınır. Dünən işğal altında olan torpaqlar bu gün tam suverenliklə qorunur, Azərbaycan Avropanın enerji xəritəsini formalaşdıran mühüm ölkəyə çevrilib və dünyanın supergücləri ilə əməkdaşlıqda öncül tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyev ölkəni layiq olduğu zirvəyə çıxarmaqda əsas rol oynayır. Onun uzaqgörən və strateji fəaliyyəti yalnız daxili inkişafı təmin etmir, həm də beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu gücləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov deyib.
O qeyd edib ki, Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanın uğurları aydın şəkildə təqdim olundu. Düzgün idarəçilik, milli maraqlara sadiqlik və balanslı xarici siyasət ölkəni həm daxildə, həm də beynəlxalq səhnədə etibarlı və vacib tərəfdaşa çevirib. Azərbaycan artıq regional lider olmaqla kifayətlənmir, dünya nizamında öz sözünü deyən güclü dövlət kimi tanınır.
Emin Bağırovun sözlərinə görə, Azərbaycan inkişaf etmiş ölkə kimi həm də elmi potensial və intellektual resursları ilə diqqət çəkir. Bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və ölkənin uzunmüddətli inkişaf strategiyasının mərkəzində yer alır. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə xüsusi diqqət çəkərək vurğuladı ki, inkişaf etmiş ölkələrin tərəqqisi yalnız zəka, bilik və təhsil ilə mümkün olur. Elm və Təhsil Nazirliyinin yaradılması, elmin dövlət strukturlarına inteqrasiyası və onun ali təhsil müəssisələri ilə sıx əlaqəsinin təmin edilməsi bu sahədə strateji addımdır.
"Uzun illər fəaliyyət göstərən Elmlər Akademiyası elmin inkişafında mühüm rol oynayır, lakin dövlət siyasətinin məqsədyönlü həyata keçirilməsi üçün elm və təhsil vahid sistem kimi birləşdirilir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, elmin inkişafı ali məktəblərlə paralel şəkildə, onların nəzdində və yaxud birlikdə aparılmalıdır. Azərbaycan da bu modeli tətbiq edərək elmi-tədqiqat institutlarını birləşdirir, struktur islahatları aparır, kadr islahatları ilə gənc və perspektivli mütəxəssisləri ön plana çıxarır.
Müsahibədə qeyd olunduğu kimi təhsil sahəsində də mühüm irəliləyişlər var. Son 20 ildə Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayıb, onların bəziləri xarici tərəfdaşlıq əsasında, o cümlədən Rusiya, Fransa, Türkiyə və İtaliya ilə birgə yaradılıb. Bu təşəbbüslər yalnız təhsilin keyfiyyətini artırmır, həm müəllimlərin sosial təminatını gücləndirir, cəmiyyətdə savadlı və bilikli nəsil formalaşdırır. Dövlətin məqsədi uzunmüddətli inkişaf üçün intellektual və yaradıcı cəmiyyəti formalaşdırmaqdır. Azərbaycanın gənc və istedadlı mütəxəssisləri bu strategiyanın əsas dayağıdır. Xaricdə və ölkə daxilində təhsil almış gənc kadrlar müxtəlif dövlət proqramları, o cümlədən “Yüksəliş” proqramı çərçivəsində hazırlanır və dövlət strukturlarına, özəl sektora cəlb olunur. Təcrübə göstərir ki, bilikli və müasir kadrların rəhbər vəzifələrə gətirilməsi idarəçilik keyfiyyətini artırır və ölkənin inkişaf tempini sürətləndirir. Bu, ölkənin gələcək nəsillər üçün dayanıqlı inkişaf təminatı deməkdir.
Prezident vacib bir məqama toxunaraq bəyan etdi ki, elm, təhsil və kadr siyasətində aparılan islahatlar yalnız bu sahələri deyil, həm də cəmiyyətin ümumi intellektual səviyyəsini yüksəldir. Yüksək bilik səviyyəsi və ümumi intellektual potensial cəmiyyətdə nadir və istedadlı şəxsiyyətlərin meydana çıxmasına şərait yaradır. Azərbaycanın gəncləri artıq dünya səviyyəli bilik və bacarıqlara yiyələnirlər və bu, ölkənin beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırır. Dövlətin uzunmüddətli strategiyası həm də perspektivləri əhatə edir. Aparılan islahatlar, struktur və kadr dəyişiklikləri yalnız indiki dövrü deyil, gələcək nəsillərin inkişafını da təmin edir. Azərbaycanın təhsil və elmi potensialının gücləndirilməsi regionda və dünyada ölkəmizin nüfuzunu artırır, davamlı və dayanıqlı inkişafın əsasını qoyur. Bu proses, həm də milli qürur və milli inkişafın simvoludur", - deyə siyasi şərhçi vurğulayıb.
O bildirib ki, Azərbaycan yalnız iqtisadi gücü ilə deyil, həm də zəka və biliyi ilə güclü dövlət olduğunu bütün dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, elmin və təhsilin inkişafı Azərbaycan üçün strateji prioritet, həm də milli gələcəyin möhkəm təminatıdır. Aparılan struktur və kadr islahatları, gənc və istedadlı mütəxəssislərin yetişdirilməsi ölkəmizi dünya səhnəsində nüfuzlu və güclü tərəfdaş kimi tanıdır. Azərbaycanın gələcəyi, zəka, bilik və yaradıcılıq üzərində qurulan davamlı inkişafın üzərində möhkəm dayanır və bu yolda hər bir uğur milli qürurumuzu daha da gücləndirir.