Logo

Ekspert: Məktəbəqədər və ümumi təhsildə struktur islahatları öz bəhrəsini verir

06.01.2026 17:20 61 baxış
IMG

Son 20 ildə Azərbaycanda ali təhsil sahəsində mühüm və sistemli addımlar atılıb. Xüsusilə Türkiyə-Azərbaycan, Fransa-Azərbaycan və İtaliya-Azərbaycan universitetlərinin yaradılması bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli nailiyyətlər sırasındadır. Bu prosesin ən uğurlu nümunələrindən biri isə son iki ildə fəaliyyətə başlayan Qarabağ Universitetidir. Universitetdə Tibb fakültəsinin açılması, müasir maddi-texniki bazanın formalaşdırılması regionun təhsil və səhiyyə potensialının gücləndirilməsi baxımından xüsusi qeyd olunmalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Məzahir Məmmədli deyib.

O bildirib ki, məktəbəqədər təhsil sahəsində də son illər mühüm struktur dəyişiklikləri həyata keçirilib: “Uzun müddət yerli icra hakimiyyətlərinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi bu sahədə vahid idarəetmə mexanizminin formalaşmasına imkan yaradıb. Bununla yanaşı, özəl məktəbəqədər təhsil müəssisələrinin nazirliyin qrantları hesabına maliyyələşdirilməsi yenidənqurma və keyfiyyət artımını stimullaşdırıb, nəticədə müəyyən inkişaf müşahidə olunmağa başlayıb.

Ümumi təhsil sahəsində də infrastrukturun yenilənməsi diqqətçəkən məqamdır. Son illərdə 3000-ə yaxın məktəbin tikilməsi, 600-dən çox məktəbin isə əsaslı təmir olunması şagirdlərin daha rahat və təhlükəsiz şəraitdə təhsil almasına, laboratoriyalardan effektiv istifadə imkanlarının genişlənməsinə, eyni zamanda məktəb–valideyn münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına müsbət təsir göstərib”.

Ekspert qeyd edib ki, son 20 il ərzində təhsil sahəsində əldə olunan uğurlar xüsusilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşmasında özünü göstərir: “Artıq bir sıra Azərbaycan universitetləri dünya reytinq cədvəllərində ilk 1000-likdə yer almağa başlayıb. Bu göstəricilər əsasən beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin və onlara edilən istinadların artması hesabına formalaşıb. Ümumilikdə son 10 ilə nəzər salsaq, həm məktəbəqədər, həm ümumi, həm də ali təhsil sistemində ardıcıl və məqsədyönlü addımların atıldığını demək olar.

Təəssüf ki, eyni fikirləri kollec təhsili barədə söyləmək çətindir. Hazırda Azərbaycanda kolleclərin nə əmək bazarında aydın mövqeyi var, nə də effektiv tədris mühiti formalaşıb. Bu da göstərir ki, kollec təhsilinin məzmunu, funksiyası və əmək bazarı ilə əlaqəsi yenidən nəzərdən keçirilməli, bu sahədə dərin və məqsədyönlü islahatların aparılmasına ciddi ehtiyac yaranıb”.

Xəbər lenti