Logo

Azərbaycan Milli Mətbuatının 150 illiyi: dövlət–media münasibətlərində mühüm mərhələ

29.12.2025 16:03 29 baxış
IMG

Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə bir sıra media nümayəndələrinin İlham Əliyevin müvafiq Sərəncamı ilə yubiley medalı ilə təltif edilməsi dövlətin media institutuna verdiyi yüksək dəyərin ifadəsi olmaqla yanaşı, dövlət–media münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

Bu qərar medianın müasir cəmiyyətdə rolunun yalnız informasiya ötürülməsi ilə məhdudlaşmadığını, ictimai rəyin formalaşdırılmasında, milli maraqların qorunmasında və dövlət siyasətinin düzgün çatdırılmasında strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Dövlət səviyyəsində göstərilən bu diqqət peşəkar jurnalistikanın dayanıqlı əsaslarının möhkəmləndirilməsinə xidmət edir.

Bu fikirləri AZƏRTAC-açıqlamasında reklam və media üzrə mütəxəssis Aida Ramiz söyləyib.

O bildirib ki, Media PR baxımından bu cür təşəbbüslər jurnalist fəaliyyətinin stimullaşdırılması ilə yanaşı, məsuliyyətli və etik yanaşmanın təşviqinə yönəlmiş addım kimi dəyərləndirilə bilər. Dövlət tərəfindən verilən rəsmi tanınma media nümayəndələrinin peşəkar fəaliyyətinə ictimai etimadı artırır, keyfiyyətli informasiya mühitinin formalaşmasına töhfə verir.

“Bu təltiflər, eyni zamanda, medianın təşkilati imicinin güclənməsinə müsbət təsir göstərir. Peşəkar fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilən media subyektləri cəmiyyət üçün daha etibarlı informasiya mənbəyi kimi qəbul olunur. Bu amil ölkə daxilində informasiya mühitinin sabitliyinə, beynəlxalq müstəvidə isə Azərbaycan mediasının etibarlılıq səviyyəsinin yüksəlməsinə şərait yaradır”,- deyə müsahibimiz əlavə edib.

Onun sözlərinə görə, dövlət üçün media PR-ın əsas üstünlüklərindən biri ictimaiyyətlə effektiv kommunikasiya imkanlarının genişlənməsidir. Güclü və peşəkar media dövlətin strateji mesajlarının cəmiyyətə düzgün və vaxtında çatdırılmasını təmin edir, dezinformasiyaya qarşı mübarizədə mühüm rol oynayır. Xüsusilə qlobal informasiya axınının intensivləşdiyi dövrdə bu faktor dövlət maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mütəxəssis qeyd edib ki, bununla yanaşı, yubiley medalı dövlətin mediaya münasibətində tərəfdaşlıq prinsipinin əsas götürüldüyünü göstərir. Bu yanaşma media fəaliyyətinin peşəkar çərçivədə inkişafına, məsuliyyət və qarşılıqlı etimada əsaslanan sağlam kommunikasiya mühitinin formalaşmasına imkan yaradır.

“Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə həyata keçirilən bu təşəbbüs, eyni zamanda, gənc jurnalistlər üçün də mühüm mesaj daşıyır. Bu addım jurnalistika peşəsinin cəmiyyət və dövlət üçün əhəmiyyətini, peşəkarlığın və zəhmətin dəyərləndirildiyini nümayiş etdirir.

Yubiley medalı tarixi mətbuat ənənələrinin qorunması ilə yanaşı, gələcək media siyasətinə yönəlmiş strateji yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilir. Güclü dövlət-media münasibətlərinin formalaşması informasiya təhlükəsizliyinin, ictimai etimadın və milli maraqların qorunmasının əsas şərtlərindən biri olaraq aktuallığını saxlayır”, - deyə Aida Ramiz bildirib.

Xəbər lenti