Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib. Son 6 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilib.
Bu barədə institutun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.
Akademik cari ildə institutda qabaqcıl informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını nəzərə çatdırıb.
O, cari ildə elmi əsərlər və elmmetrik göstəricilərlə bağlı statistik məlumatları da açıqlayıb: “Cari ildə institut əməkdaşlarının məqalələrinə 2381 istinad edilib, bu rəqəm son 5 ildə 13516-ya bərabər olub. 2025-ci ildə institut əməkdaşları tərəfindən 104 məqalə, 107 tezis və 2 kitab dərc edilib. Son 5 ildə institut əməkdaşlarının 297 məqaləsi Web of Science və Scopus bazalarına daxil olan jurnallarda öz əksini tapıb”.