“Bizim elə ali təhsil müəssisələrimiz var ki, ancaq dar ixtisaslı kadrlar hazırlayır. Tutaq ki, X universitetdə oxuyan hüquq tələbəsi heç vaxt hakim olacaq digər tələbə ilə bir araya gəlmir”.
TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri bu gün elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində deyib.
O qeyd edib ki, belə olan halda yetişən kadrlar arasında heç bir bilgi alış-verişi olmur: “Bəlkə, hansısa böyük ölkələr üçün bu model uğurludur, amma Azərbaycan kimi ölkə üçün ali təhsildə multidisiplinar model zəruridir”.
O bildirib ki, uzunmüddətli strategiyalarımız olmalıdır, nəinki qısamüddətli hədəflər: “İstəyimiz odur ki, ali təhsillə elm arasında daha çox əlaqə yaradaq. Bu istiqamətdə əsaslı şəkildə kəmiyyət artımı var, düşünürəm ki, keyfiyyət artımı da var”.