Məhz bu tədris ilində 2026-cı il üçün qarşıya qoyulan hədəfə artıq nail olunub və ali təhsilin bütün səviyyələrində təhsilalanların sayı 76 minə çatıb.
Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun (TTKF) 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, 2027–2030-cu illər üçün əsas strateji hədəf ali təhsilin keyfiyyətinin artırılmasıdır: “Artıq bu tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə müasir tələblərə uyğun yeni tədris proqramları hazırlanıb”.
Səbuhi Rzayev bildirib ki, son dövrlərdə peşə və orta ixtisas təhsili sahəsində həyata keçirilən dəyişikliklər yeni inkişaf mərhələsinin başlandığını göstərir:“Kolleclərimiz də artıq daha keyfiyyətli təhsil verməyə hədəflənib. Peşə təhsili sahəsində əsas problemlərdən biri infrastruktur idi. Ölkə başçısının imzaladığı tarixi Sərəncamla 2030-cu ilə qədər 21 peşə təhsil müəssisəsi yenidən qurulacaq, 2 müəssisə isə əsaslı təmir olunacaq”.