Azərbaycan Memarlar İttifaqında “Memarlığın gələcəyi” – 2025-ci ilin ən yaxşı diplom layihələri müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.
AzMİU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə bu müsabiqənin yaranma ideyası barədə danışıb. Bildirib ki, müsabiqə gənc memarların yaradıcılıq potensialını üzə çıxarmaq, onların müasir memarlıq meyillərinə uyğun, innovativ və konseptual yanaşmalarını stimullaşdırmaq məqsədi daşıyır.
Sonra ittifaqın gənclərlə iş komissiyası üzrə katibi Şeyda Novruzzadə bu kimi müsabiqələrin gənc memarların peşəkar formalaşmasında mühüm rol oynadığını, tələbə və yeni məzunların yaradıcılıq imkanlarının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
AzMİU Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova “Memarlığın gələcəyi” – Ən yaxşı diplom layihələri müsabiqəsinin ali memarlıq təhsilinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Nəzərə çatdırıb ki, bu cür müsabiqələr tələbələrin dörd il ərzində əldə etdikləri nəzəri bilik və praktiki bacarıqların real peşəkar mühitdə təqdim olunması və obyektiv qiymətləndirilməsi üçün vacib platformadır.
Zahidə Məmmədova qeyd edib ki, rəhbəri olduğu fakültədə tədris prosesi müasir memarlıq meyillərinə, beynəlxalq təhsil standartlarına və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun şəkildə qurulub. Bu yanaşma tələbələrin yalnız layihə hazırlamaq bacarığını deyil, eyni zamanda analitik düşünmə, konseptual yanaşma, innovativ həllər irəli sürmə qabiliyyətlərini də formalaşdırır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Azərbaycan Memarlar İttifaqının elm və təhsil üzrə komissiyasının sədri professor Səbinə Hacıyeva, AzMİU Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi, memarlıq üzrə fəlsəfə doktoru İlqar Əliyev çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu kimi layihələr gənc nəslin inkişafına, yaradıcılıq potensialının üzə çıxmasına və gələcəkdə yeni zirvələr fəth etmələrinə mühüm stimul verir.
Sonra müsabiqənin münsiflər heyətinin sədri, “Bakıdövlətlayihə” İnstitutunun direktor müavini Elçin Umudov təqdim olunan işlər barədə danışıb, münsiflər heyəti üzvlərinin layihələr barədə fikirlərinin üst-üstə düşdüyünü və bunun sayəsində yekun qərarın son dərəcə obyektiv olduğunu bildirib. Belə məsuliyyətli, peşəkar yanaşmaya görə münsiflər heyəti üzvləri – memarlar Nani Jqenti və Nahidə Zeynalovaya təşəkkür edib.
Daha sonra qaliblərin mükafatlandırılmasına başlanılıb.
Birinci yerin sahibi – Bakı şəhəri, Keşlə qəsəbəsi Heydər Əliyev prospektinin kəsişməsində Xəstəxana layihəsinə görə Elgün Yusifli (1000 AZN pul mükafatı və fəxri diplom);
İkinci yerin sahibi Abdulla Şaiq və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən Çoxfunksiyalı Gənclər Mərkəzi layihəsinə görə İnci İbadova (750 AZN pul mükafatı və fəxri diplom);
Üçüncü yerin sahibi – "Conceptual Design for the Restoration of Askeran Fortress", Khojaly District layihəsinə görə Aliyə Aslanova (500 AZN pul mükafatı və fəxri diplom).