Logo

Kanadalı professor AzMİU-da seminarlar keçirir: qabaqcıl İKT məsələləri müzakirə olunur

16.12.2025 21:00 29 baxış
IMG

Tanınmış alim, kompüter elmləri üzrə beynəlxalq səviyyəli mütəxəssis, Kanadanın Vaterloo Universitetinin Devid R.Çeriton adına Kompüter Elmləri Məktəbinin Riyaziyyat fakültəsində tədqiqat üzrə dekan müavini, professor Raouf Boutaba Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ilə əlaqədar olaraq ali təhsil ocağında akademik səfərdədir.

AzMİU-dan bildirilib ki, bir həftə davam edəcək səfər çərçivəsində professor Raouf Boutaba müxtəlif mövzularda elmi seminarlar keçirəcək, ali təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə görüşəcək. Səfərin əsas məqsədi müasir informasiya texnologiyaları sahəsində qabaqcıl elmi yanaşmaların paylaşılması, elmi-tədqiqat əməkdaşlıqlarının müzakirəsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasının təşviqidir.

Akademik səfər çərçivəsində ilk elmi seminar AzMİU Mexanika və İnformasiya Texnologiyaları fakültəsində baş tutub. Tədbirdə müasir şəbəkə texnologiyaları, bulud hesablama sistemləri, şəbəkə virtualizasiyası, proqram təminatlı şəbəkələr, həmçinin gələcək internet arxitekturaları ilə bağlı aktual elmi mövzular müzakirə olunub. Seminar zamanı bu sahələrdə mövcud çağırışlar, innovativ həllər və perspektiv tədqiqat istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən AzMİU-nun elmi işlər üzrə prorektoru, AzMİU Ali riyaziyyat kafedrasının professoru Nigar Aslanova bu cür beynəlxalq səviyyəli akademik səfərlərin elmi mühitin zənginləşməsinə, tələbə və gənc tədqiqatçıların bilik-bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Fakültənin professor-müəllim heyəti və tələbələr Raouf Boutabanın təqdimatını böyük maraqla qarşılayıb, mövzu ətrafında suallar ünvanlayaraq geniş müzakirə aparıblar. Akademik səfərin növbəti günlərində də müxtəlif ixtisaslar üzrə seminar və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Raouf Boutaba şəbəkə və xidmətlərin idarə olunması sahəsində dünyanın aparıcı mütəxəssislərindən hesab olunur. Onun elmi maraqları naqilli, naqilsiz şəbəkə sistemlərində resursların, şəbəkələrin və xidmətlərin idarə olunmasını əhatə edir. Alimin əsas tədqiqat istiqamətlərinə şəbəkə virtualizasiyası, şəbəkə proqramlaşdırılması, bulud hesablama və şəbəkə təhlükəsizliyi daxildir.

O, 2012-ci ildə “IEEE Fellow” adına layiq görülüb, 2015-ci ildə Kanada Mühəndislik Akademiyasının üzvü seçilib. 2019-cu ildə isə Kanadanın ən yüksək akademik mükafatlarından hesab olunan Kanada Kral Cəmiyyətinə (Royal Society of Canada) üzv qəbul edilib. Hazırda çalışdığı Vaterloo Universiteti dünyanın texnologiya nəhənglərinin diqqət mərkəzindədir. Belə ki, “Google”, “Microsoft” kimi böyük şirkətlərin əməkdaşları arasında bu ali məktəbin məzunları üstünlük təşkil edir.

Alim şəbəkə idarəetməsi sahəsində “Dan Stokesberry Award” (2009) və” IEEE Canada McNaughton Gold Medal” (2014) mükafatlarının laureatıdır. Dünyanın aparıcı beynəlxalq elmi konfranslarında Cənubi Koreya, Braziliya kimi ölkələrin universitetlərində dəfələrlə əsas məruzəçi qismində çıxış edib. Onun elmi fəaliyyətinin təsir göstəricisi (h-index) 64-dür.

Qeyd edək ki, AzMİU-nun 50 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünyaşöhrətli alim professor Holm Altenbax, Avstriyanın Qrats Texnologiya Universitetinin Riyaziyyat, fizika və geodeziya fakültəsinin dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi Behrndt da universitetdə bir həftə ərzində müxtəlif elmi seminarlar keçiriblər.

Azərbaycan Memarlıq və İnşaat Universitetində bu kimi beynəlxalq səviyyəli elmi seminarların keçirilməsi ali təhsil ocağının elmi nüfuzunun artırılmasına, qlobal akademik mühitə inteqrasiyasına mühüm töhfə verir, tələbə və müəllimlərin dünya səviyyəli alimlərlə birbaşa ünsiyyət qurmasına, müasir elmi trendlər, qabaqcıl tədqiqat istiqamətləri ilə yaxından tanış olmasına imkan yaradır.

Xəbər lenti