Logo

Valideyn konfransları davam edir

16.12.2025 20:54 22 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə Valideyn konfransları davam edir.

BŞTİ-dən bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Binəqədi rayonu üzrə 276, Yasamal rayonu üzrə 53, Xətai rayonu üzrə 59 nömrəli tam orta ümumtəhsil müəssisələrində təşkil olunub.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova uşaqların təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasının vacibliyini, eyni zamanda, risklərin vaxtında müəyyənləşdirilməsi və uşaqların hüquqlarının qorunmasında sosial pedaqoqların rolunun əvəzsiz olduğunu diqqətə çatdırıb.

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev Valideyn konfranslarının əhəmiyyətindən, məktəb-icma münasibətlərinin tədris prosesində oynadığı mühüm roldan danışaraq valideynlərlə məktəb arasında qurulan səmərəli əməkdaşlığın, sağlam münasibətlərin şagirdlərin akademik və sosial inkişafına müsbət təsir göstərdiyini vurğulayıb. Uşaqlarda müzakirə və analiz etmə qabiliyyətinin, təfəkkürün inkişaf etdirilməsinin vacibliyindən danışan müdir müavini onlarda kitab oxumaq və film izləmək vərdişlərinin formalaşdırılmasının əhəmiyyətini qeyd edərək valideynlərə bu prosesdə fəal rol almağı tövsiyə edib.

Valideynləri məktəbin əsas tərəfdaşı adlandıran Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov onları təhsil ocağının ən yaxın dəstəkçisi və müdafiəçisi kimi çıxış etməyə, eyni zamanda, məktəb nailiyyətlərinin, yenilikçi müəllimlərin fəaliyyətinin cəmiyyətə təqdim olunmasında fəallıq göstərməyə çağırıb.

Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova qurum təmsilçilərinin təhsil müəssisələrindəki fəaliyyəti, əhatə dairəsi barədə ətraflı məlumat verib. Bildirib ki, bu əməkdaşlıq uşaqların hüquqlarının qorunması, təhlükəsiz mühitin təmin edilməsi və mümkün risklərin vaxtında aşkarlanması baxımından mühüm əhəmiyyət daşıyır.

“Tədris motivasiyası və öyrənməyə marağın artırılması”, “Ailədaxili ünsiyyət və uşaqlarla effektiv kommunikasiya”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzularının müzakirə olunduğu konfranslarda təqdimatlarla çıxış edən BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova valideynlərə praktik tövsiyələr verərək bu sahələrdə maarifləndirmənin vacibliyini diqqətə çatdırıb. O, eyni zamanda, valideynləri övladlarının fərdi qabiliyyət və potensiallarını aşkarlamağa, onları dəstəkləməyə səsləyib.

Konfranslarda iştirakçılarla müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafına dəstək vermək, həmçinin təlim-tərbiyə prosesində valideynlərin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq etməkdən ibarətdir.

Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.

Xəbər lenti