Logo

Azərbaycan Texniki Universitetinin elmi jurnallarında texniki çatışmazlıqlar

06.11.2025 23:38 310 baxış
IMG

Azərbaycanın ali təhsil müəssisələri arasında öz tarixi, potensialı və kadr resursları ilə seçilən Azərbaycan Texniki Universitetinin (AzTU) elmi jurnalları təəssüf ki, elmi ictimaiyyətin gözləntilərini tam qarşılamır. Bu gün universitetlərin elmi jurnalları təkcə məqalə dərc edən vasitə deyil, həm də elm və texnologiyanın beynəlxalq informasiya dövriyyəsinə çıxış nöqtəsi, və müəssisənin imicidir. Lakin görünən odur ki, bir çox universitetlər bu prosesə “formal öhdəlik” kimi yanaşır, elmi nəşr işini inkişafın vacib elementi deyil, candərdi  “plan tapşırığı” kimi qəbul edirlər.

Vebsaytın informativ və texniki çatışmazlıqları
Universitetin rəsmi vebsaytına nəzər saldıqda, elmi jurnallar bölməsinin həm dizayn, həm də funksionallıq baxımından köhnə texnoloji səviyyədə qurulduğu dərhal nəzərə çarpır. Dünyanın aparıcı universitetlərinin saytları ilə müqayisədə bu resurs “kasıb” görünür: jurnallar haqqında məlumat natamam, bəzən isə ziddiyyətlidir. “Elmi jurnallar” bölməsində üç jurnalın mövcudluğu qeyd edilsə də, faktiki olaraq yalnız ikisinin – Machine Science və Proceedings – adları göstərilib. Belə natamamlıq universitetin akademik imicinə xələl gətirir, həm də beynəlxalq tədqiqatçıların diqqətini cəlb etmək imkanlarını azaldır. Üstəlik qeyd olunur ki, “ən azı ildə bir dəfə çap olunur”.  Sanki kimsə kiməsə minnət qoyur. Əgər jurnalın işi operativ və məqalə göndərilməsi yoxdursa, bunu çap etməyə nə lüzum var? Və yaxud bəlkə jurnalda çatımazlıqlar var, və bunları aradan qaldırmaq lazımdır ki, jurnala məqalə sayı artsın?

Adlandırma xaosu və konseptual yönsüzlük
Ən ciddi problemlərdən biri jurnalların adlandırılması ilə bağlıdır. “Elmi əsərlər”, “Elmi işlər”, “Elmi xəbərlər” – bu ifadələr on illərdir ölkə universitetlərində sanki “şablon” halına çevrilib. Bu adlar nə sahəni göstərir, nə də jurnalın elmi profilini aydınlaşdırır. Belə təsadüfi adlandırma yanaşması beynəlxalq elmi mühitdə nə cəlbedici, nə də identifikasiyaedici rol oynayır. Halbuki, jurnalın adından onun məzmunu, istiqaməti və məqsədi aydın görünməlidir. Məsələn, “Azərbaycan Texniki Universitetinin Texnologiya və İnformasiya Sistemləri Araşdırmaları Jurnalı” kimi konkret, elmi-professional ad həm sahəni, həm də təsisçini müəyyənləşdirərdi.

 

Üz cildindən ilk təəssürat belədir: Azərbaycan Texniki Universitetinin elmi jurnalları formal xarakter daşıyır və bu, həm texniki, həm redaksiya, həm də beynəlxalq təqdimat səviyyəsində özünü açıq şəkildə göstərir.

İkili “publisher” problemi – kobud texniki səhv
Jurnalın təqdimatında iki nəşriyyatın adı göstərilir ki, bu da beynəlxalq elmi praktikada ciddi texniki səhv sayılır. Xarici oxucu bunu dərhal “iki publisher tərəfindən eyni jurnalın təqdim edilməsi” kimi başa düşür. Halbuki, bu, elmi cəhətdən yolverilməzdir. Nazirliyin və universitetin adları elə şəkildə verilməlidir ki, əsas nəşrçi (publishing entity) aydın və tək olsun. “Joint publisher” statusu yalnız beynəlxalq əməkdaşlıq şəraitində, iki fərqli ölkənin rəsmi nəşriyyat orqanı birgə fəaliyyət göstərdikdə mümkündür. Burada isə söhbət sadəcə idarəvi qarışıqlıqdan gedir.

Tərcümə  böhranı
Rus və ingilis dillərində verilən məlumatlar da eyni dərəcədə anlaşılmazdır. Həm terminologiya, həm redaksiya strukturu, həm də dilin elmi üslubla uzlaşması baxımından ciddi problemlər mövcuddur. Xarici oxucu üçün bu mətnlər nə jurnalın məqsədini, nə də sahəsini aydın ifadə edir. Əksinə, “böyük müəmmaya” çevrilir. Gəl başa düş, yaxud işin içindən çıx, yaxud da xarici mütəxəssisə - indeks qurumuna saatlarla izahat verki, sənin məqsədin nə idi, adı nioyə belə qoymusan, və ad niyə mücərrəddir? Elmi jurnalın təqdimat səhifəsi onun vizit kartıdır — əgər burada anlaşılmazlıq varsa, oxucu və tədqiqatçı üçün qapı elə başlanğıcdan bağlanmış olur.

ISSN və lisenziya problemləri
ISSN nömrəsi elmi jurnalların beynəlxalq səviyyədə identifikasiyası üçün hüquqi sənəddir. Bu nömrə konkret bir format üçün alınır: Print ISSN – çap nəşrləri üçün, Online ISSN isə elektron versiyalar üçün verilir. Lakin Azərbaycan Texniki Universitetinin jurnalı yalnız çap üçün alınmış ISSN nömrəsinə malikdir, onlayn versiyanın lisenziyası və ISSN nömrəsi isə yoxdur. Bu da jurnalın beynəlxalq reyestrlərdə açılacaq qapını (ROAD, WorldCat, MIAR, DOAJ və s.) əzəl başdan kilidləyir.

İstinadların yoxluğu – elmi dəyərin göstəricisi
Ən ciddi problemlərdən biri budur ki, illərlə çap olunan bu jurnalda dərc edilən məqalələrə istinadlar demək olar ki, yoxdur. Elmi jurnalı “ölü zona”ya çevirən də məhz budur. Əgər məqalələrə istinad olunmursa, deməli nə oxunur, nə də akademik mühitdə istifadə olunur.  Sual olunur: Kim – nə üçün yazır?  Belə bir vəziyyət elmi fəaliyyətin nəticəsizliyinə, resursların israfına və akademik nüfuzun zəifləməsinə səbəb olur.

Elmi nəzarət mexanizmlərinin yoxluğu
Sual doğuran əsas məsələ budur: Azərbaycanda elmi jurnalların istinad funksiyasına, beynəlxalq görünürlüyünə və elmi səviyyəsinə hansı qurum nəzarət edir? Hazırda bu sahə, təəssüf ki, tamamilə nəzarətsiz və sistemsiz vəziyyətdədir. Hər universitet öz “elmi jurnalını” təsis edir, lakin nə məzmun, nə struktur, nə də istinad göstəriciləri üzrə vahid standartlara riayət olunur.

Beynəlxalq standartlara uyğunlaşma zərurəti
Müasir dünyada akademik jurnalların uğuru yalnız məqalə nəşr etməklə deyil, həm də beynəlxalq standartlara – DOI, Crossref, ORCID, COPE və Scopus/ESCI tələblərinə uyğun fəaliyyət göstərməklə ölçülür. AzTU-nun jurnalları bu istiqamətdə ciddi yenilənməyə, strukturlaşdırılmış redaksiya siyasətinə və texniki dəstəyə ehtiyac duyur. Dizayn, təqdimat, metadata və indeksləşmə sistemlərinin inteqrasiyası bu jurnalların beynəlxalq elmi sistemə daxil olmasını təmin edə bilər. Mən daha jurnalın içindən danışmağa ehtiyac görmədim, çünki doi kodların işləməməsi, azərbaycan dilli mətnlərin üstünlük təşkiletməsi, məqalə dizaynların Sovet dövründən qalması, ədəbiyyat siyahısının müasir standratların çox altında olması və yenə sovetdən qalması – və s.lər bu barədə uzun – uzadı danışmağı lüzumsuz edir.

  1. Hansı müəssisəyə aiddir bilinmir.
  2. Orcidlər formal xarakter daşıyır, çoxu işləmir.
  3. Dizyan olduqca bərbaddır. 
  4. İndeksləmə təbiiki yoxdur.
  5. Abstract tərcümələri Google şirkətinə aiddir. 
  6. Lisenziya olaraq reklam nümunəsi kimi Texniki Universitet tərəfindən qorunduğu qeyd olunur. Açar sözlərin altına niyə yazılıb? Bu da müəmmalıdır. Qorunan nədir, ümumi məqalə yoxsa abstract hissə? Bəs nə üçün CCND Creative Common lisenziyası yoxdur, ki, nəyin nə dərəcədə müəllifin hüquqlarına aid olduğu, nəyin də Universitetə aid olduğu, nəyin də redaksiyaya aid olduğu dəqiq bilinsin. 
  7. Ədəbiyyat siyahısı isə o qədər qarışıqdır ki, hansı standart tətbiq edilir bilinmir. Sadəcə lüzumsuz şərti işarələr yığını. 

 

Nəticə
Azərbaycan Texniki Universiteti kimi qabaqcıl bir ali məktəb üçün elmi jurnallar təkcə “hesabat forması” deyil, universitetin intellektual güzgüsü olmalıdır. Bu güzgüdə yarımçıq dizaynlar, natamam məlumatlar və konseptual qarışıqlıq əks olunmamalıdır. Universitet rəhbərliyi elmi nəşr işini yenidən düşünməli, bu sahəyə müasir akademik menecment prinsipləri ilə yanaşmalıdır. Əks halda, “elmi əsərlər” adlanan bu jurnallar nə elmə, nə universitetə, nə də ölkənin beynəlxalq elmi nüfuzuna real töhfə verə biləcək. Azərbaycan Texniki Universiteti kimi köklü bir elm mərkəzi üçün bu vəziyyət qəbuledilməzdir. Əgər illərlə dərc edilən məqalələrə heç kim istinad etmirsə, o zaman bu jurnalların varlığı yalnız formal xarakter daşıyır kimlərə ancaq statistika üçün lazımdır. Universitet rəhbərliyi bu məsələni ciddiyə almalı, elmi nəşr işinə yalnız “hesabat öhdəliyi” kimi deyil, strateji akademik prioritet kimi yanaşmalıdır.

Rahil Nəcəf

Xəbər lenti